Erməni plagiatı

Erməni arxeoloqların “Tiqranakert” SAXTAKARLIĞI

Erməni arxeoloqların “Tiqranakert” SAXTAKARLIĞI
25Fervral 202322:26

Ermənilərin Qarabağda “Tiqranakert” axtarmaq "sevda"larının öz tarixi var. Bu "şəhərin xarabalıqları"nın Azərbaycan torpaqlarında axtarılması XX əsrin əvvəllərindən başladı. Azərbaycan alimləri Ağdam ərazisində Gavurqala adlı şəhər aşkar edəndən sonra erməni alimləri daha da fəallaşdılar. Onların əllərində yazılı mənbə kimi, etibar edilməyən bir əsər var idi. Bu əsər erməni müəllif Sebiosa (История императора Ираклия) məxsus olmasının özü belə bu gün mübahisəli olsa da, yenə də erməni müəlliflər mənbəni bu məsələdə daim istifadə edirdilər. Əsas mövzu VII əsr erməni müəllif Sebios (belə bir insanın olması bu gün şübhəlidir) Bizan İmperatoru İraklinin Sasanilərlə müharibəsindən yazarkən İraklinin Qarabağda Tiqranakert yaxınlığında düşərgə salması haqqında olan məlumatı idi.

Əslində isə ilk və orta əsr mənbələrini araşdırarkən Sebiosdan başqa bu məlumatların heç bir yazılı mənbələrdə olmadığı məlum olur. Ümumiyyətlə, qədim erməni mənbələri özündən həmişə şübhəli olub. Nə vaxt yazıldı? Kim yazdı ? Bu məsələ şübhəli suallarla dolu olub. Bəs ermənilər necə oldu ki, Qarabağda Tiqranakert axtarışına çıxdılar?

Bütün məsələlərin tarixi yenə də Türkmənçay sülh müqaviləsinə gedib çıxır. Bu müqavilədən sonra kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülən ermənilər bir müddət sonra yerli əhalini sıxışdırmağa başlamışdılar. Cəmi 50-60 il keçdikdən sonra artıq ermənilər bu regionun qədim əhalisi olmaları barədə nağıllar uydurmaq və gələcəkdə bu yerlərdə erməni dövləti yaratmaq üçün hərəkətə keçmişdilər. Çünki çar Rusiyası onlara Azərbaycan ərazisində hətta “erməni vilayəti” adlanan bir vilayət də yaratmışdı... Çar Rusiyası 1828-ci ildə, yəni, Azərbaycanın şimal hissəsini işğal etdikdən bir müddət sonra burada erməni vilayəti yaratdı. O, xristian dininə etiqad edən (hətta ermənilərin qriqoryan təriqətində olmaları belə provaslav çar Rusiyasını narahat etmədi) erməniləri bu ərazilərə köçürməklə regionda güclənmək və işğala qarşı yerli əhalinin müqavimətini sındırmaq istəyirdi. Ermənilər isə tarixdə ilk dəfə onlar üçün yaranmış bu tarixi hadisədən istifadə etməyi planlaşdırırdılar. Bəlkə də belə bir fürsət heç bir xalqın əlinə heç vaxt verilməmişdi...

Azlist.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun baş mütəxəssisi Səbuhi Hüseynov söyləyib.

Tədqiqatçı deyib: “Bu yalan tarixi yaratmaq üçün, ilk növbədə, onlar özlərinin qədim şəhərlərini də məhz bu yerdə yaratmalı idilər. Toponimika axtarışından sonra ermənilər Azərbaycan elatı üçün böyük önəmi olan Şahbulağı seçdilər. Axı Qarabağda dövlətçilik tariximizin möhkəmlənməsində əsas yerlərdən birini elə Şahbulaq tuturdu. Qarabağ xanlığına, onu yaradan elata da elə məhz oradan zərbə vurulmasını düşündülər...

Plan məkrli idi, ancaq bu yalan üçün tarixi mənbələr lazım idi. Mənbə olmadığını bilən erməni kilsəsi saxta tarix üçün guya qədim dövrlərdə mövcud olan "Erməni dövləti"nin tarixinə dair mənbələrə sahib olduqlarını bir-birinin ardınca elan etməyə başlamışdılar. Elə bu dövrlərdə İrəvan yaxınlığında yerləşən Üçkilsə və ya Eçmiədzin adlanan erməni kilsəsinin tozlu zirzəmisindən bir-bir "qədim erməni tarixi"ndən xəbər verən kitablar çıxmağa başlayırdı. Guya bir vaxtlar "şanlı-şöhrətli" və "böyük Ermənistan" adlı dövlət olmuşdur və bu saxta mənbələr ona sübutdur. Məsələn, qəfildən, daha dəqiq desək, 1864-cü ildə qədimdə Sebios adlı (VII əsr) bir rahibin yaşadığı məlum oldu. Aydın oldu ki, bu rahibin kitabı var və kitab Eçmiədzinin tozlu zirzəmisindədir. Vaxt itirmədən ermənilər kitabı İstanbula göndərərək çap etdirirlər. Əsər erməni dilində olsa da, az keçmədən bu əsəri Patkanov adlı erməni qrabardan (Ermənişünasların fikrincə, qrabar -“ klassik erməni dili”dir ) rus dilinə də tərcümə etdi. Qarabağın erməni qaçqınları üçün burada maraqlı məlumat ondan ibarət idi ki, Bizans imperatoru İrakli Sasani şahənşahı Xosrov Pərvizə qarşı müharibə zamanı ordusu ilə gəlib Qarabağda "Tiqranakert" adlı qala yaxınlığında düşərgə salır. Həmin dövrdə ermənilərin xaricdə qalan hissəsi çox aktiv olaraq Qarabağa köç etmiş ermənilərə yardımlar edirdi. Bu kitabdan sonra ermənilər "Tiqranakert" adını Qarabağa daşımaqda ilk cəhdlərini etdilər. Bu ilk cəhdlərdən birini İran ermənisi olan və əsərlərini Raffi ləqəbi ilə yazan erməni tacir Hakob Melik Hakobyan etdi. Məhz bu İran ermənisi 1881-ci ildə Qarabağa səfər etdi. Bu tarixdən o, Qarabağın Xəmsə məliklərinin tarixini yazdı. Əsərdə Raffi "Tiqranakert məsələsi"ni tarixi fakt kimi həmin bu gəlmə ermənilərə təqdim etdi. Qarabağın Tərnöyüt adlı yerində qədim "Tiqranakert" adlı şəhər olduğunu və Tərnöyütün guya ki, "Tiqranakert" sözünün müsəlmanlar tərəfindən dəyişilmiş variantı olduğunu söylədi və Qarabağ xanı Pənah Bayat qalasından sonra (son axtarışlarımdan bəlli oldu ki, bu qalanın daşı-daş üstə qapmayıb) Şahbulaq yaxınlığında Tərnöyüt xarabalıqları yaxınlığında Əskəran adlı qala inşa etdiyini yazdı (gülməlidir, Əsgəran qalasının harada olması hamımıza bəllidir). Məhz bu yerdə Tərnöyüt adının gəlmə ermənilər özləri ilə gətirdikləri toponimlə oxşarlığını yaratdılar və "Tiqranakert" xarabalığının bu ərazilərdə olduğunu söylədilər. Bu zamandan ermənilərin Qarabağda "Tiqranakert" axtarmaq sevdası başladı... Raffinin kitabları hər yerdə çap edildi. Ermənilər arasında əl-əl gəzdi. Üzərindən bir müddət keçdikdən sonra ermənilər artıq elmi məqalələrdə "Tiqranakert" axtarışı ilə Azərbaycanın, qədim Alban şəhərlərinin ovuna çıxmağa başlayırlar... Qədim Uti vilayəti, onun şəhərləri haqqında hər məqalədə ermənilər "Tiqranakert" deyə müdaxilələr edirdilər.

Səbuhi Hüseynov bildirib ki, ümumiyyətlə, XIX əsrin ikinci yarısı Qarabağa köçürülən ermənilərin bu torpaqların qədim əhalisi olması yalanını yaratmaqda sistemli işləməyə başladılar: “Məsələn, Sarqis Calalyans adlı erməni arxiyepiskopu özünün "Путешествие по Великой Армении" ("böyük Ermənistana səyahət") əsərini yazdı. Sarqis Şahbulağa gedərək bu əraziləri gəzəndən sonra öz əsərində bu yerin ətrafında "Tiqranakert" ola biləcək fikrini irəli sürür. Ondan sonra Qarabağın abidələrini bir-bir gəzib kitab yazan M. Barhudaryan öz əsərində nəinki şəhər qalıqları, hətta bütün Xaçın ərazisinin "Tiqranakert" adlanan vilayət olduğunu yazır. Nəhayət, yalan mənbələr əldə edən erməni alimləri çox böyük həvəslə özlərinin olmayan tarixini sistemli şəkildə yazmaqda idi. Sovet dövründə isə artıq erməni alimləri daha sistemli şəkildə bu planı davam etdirirdi. Məsələn, 1952-ci ildə S. T. Yeremyan "Erməni xalqının tarixi" əsərini yazdı. Bu əsərdə Yeremyan artıq xəritə də vermişdi və bu xəritədə "Tiqranakert" şəhərini Şahbulaq yaxınlığında göstərmişdi. Lakin istər çar Rusiyasının işğalı dövründə, istərsə də sovet dövründə ermənilərin bu həyasız uydurma tarixinin qəsdən sistemləşdirildiyini dərk edən milli şüurlu ziyalılarımız, tarixçilərimiz və yazarlarımız var idi. Mənim şəxsi fikrimə görə, Qarabağnamələrin yazılmasının özü də bu zərurətdən yaranmışdı. Belə olmasa idi, XIX əsrdə bir neçə Qarabağnamə yazılmazdı. Qarabağın ziyalıları hələ işğal dövründə artıq ermənilərin nə etmək istədiklərini və nə edəcəklərini müəyyən etmişdilər. Təəssüf ki, onların sayı az idi...

Nəhayət, XX əsrin 50-ci illərində Azərbaycan alimlərinin Gavurqala adlı qədim şəhər yerinin aşkar etməsi ilk gündən bu yerə erməni alimlərinin diqqətini yenidən artırdı. Bütün ermənilər hər yerdə car çəkib "Tiqranakert" aşkar edildiyi şayiələrini yaymağa başladılar. Lakin bu dəfə ermənilərin arzularını ürəyində qoyan, qətiyyətli bir arxeoloqumuz var idi... Rəşid Göyüşov. Biz tanımasaq belə bu adı ermənilər çox yaxşı tanıyırlar... Ermənilərin Tiqranakert sevdalarının ən azı 50 il məhz bu arxeoloq qarşısını aldı (Mən onun arxeoloji hesabatlarını bir-bir nəzərdən keçirmişəm və tez-tez onun qazıntılarından yazıram. Onun Qarabağda apardığı hər arxeoloji ekspedisiya ermənilərə qarşı zərbə idi). Ona görə bəzən mən arxeoloqlarımızı qınayıram ki, bu gün ermənilərin Ağdamda aparılan qazıntılarına səssizdirlər. Bir Azərbaycan arxeoloqu sübut etdi ki, Ağdam ərazisində həmin Şahbulaqdan 6 kilometr aralıda yerləşən ilk orta əsrlərə məxsus bu şəhər Tiqranakert deyil, Qafqaz Albaniyasına aid şərti olaraq Gavurqala adı verilmiş şəhərdir və bu yerdə aşkar olunan qəbir abidəsinin (sənduqə) hətta üzərində erməni yazısının çıxması erməniləri daha da sevindirmişdi. Lakin arzuları bu dəfə də ürəklərində qaldı. Çünki sənduqə üzərində alban hökmdarı Qriqor Hammamın qardaşı dəfn olunduğu yazılmışdı. Sənduqənin üzərində olan yazıları ermənilər özləri də oxudu və qəbul etməli oldular ki, bəli söhbət alban hökmdarı Qriqori Hamamın qardaşından gedir. Maraqlıdır ki, ermənilər elmi məqalələrində hazırda bu faktı yazmır və hətta Rəşid Göyüşovla bağlı bütüm məlumatları görməzdən gəlirlər. Məhz Rəşid Göyüşov sübut etdi ki, ermənilər Xocavənd ərazisində Amaras məbədində Qriqorisin qəbrini çoxdan dağıdıblar. Məhz o sübut etdi ki, ermənilər Ağdərə ərazisində yerləşən qədim alban monastırında alban hökmdarı Vaçaqanın qəbrini dağıdaraq aparmışlar.

1993-cü il iyul ayının 23-ü ermənilər Ağdam rayonunun mərkəzini və əksər hissəsini işğal etdilər. 1993-cü il iyulun 29-da ildə BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnaməsi (853 saylı) çıxdı. Bu qətnamə bütün hərbi əməliyyatların dərhal dayandırılmasını, işğalçı qüvvələrin Ağdam rayonundan və Azərbaycan Respublikasının son zamanlar işğal olunmuş digər ərazilərindən dərhal, tamamilə və qeydsiz-şərtsiz çıxarılmasını tələb edirdi. Diplomatiya çox çətin bir sahədir, çünki erməniyə daim hər cür kömək edən Fransa və digər dövlətlər də qətnamənin lehinə səs vermişdi. Ermənilər artıq işğal etdiyi torpaqda qəsbkar kimi qiymətləndirilsə də, işğal davam edirdi... Amma yenə erməni həyasızlığı bütün dünyanın qınağına güc gəldi. Bu millət həyasızlıqla bir zamanlar köçürüldükləri torpaqlara, onların sakinlərinə haramzadəlik etməkdə davam edirdilər. Ermənilərin torpağı işğal etdikləri rəsmən təsdiqlənmişdi. Bu qətnamə hər zaman ermənilərə Ağdam torpağının əsl sahiblərinin azərbaycanlılar olduğunu xatırladırdı. Xeyri yox idi... həyasızlıq öz sözünü demişdi... İşğaldan cəmi 10 il sonra erməni alimləri artıq 150 il öncə qurduqları planı yenidən həyata keçirməyə başladılar. İndi əsas hiylə, həm də dünya ictimaiyyətinə sübut etmək idi ki, bu torpaqlar da guya bir vaxtlar “böyük Ermənistan”ın tərkib hissəsi olub və erməni şəhərlərindən olan “Tiqranakert” də məhz bu rayondadır.

“2004-cü ildə ermənilərin "Yerkir" adlı qeyri-hökumət təşkilatı “Tiqranakert” şəhərinin axtarılması üçün bütün xərcləri öz üzərinə götürəcəyini elan etdi. Bir məsələyə diqqətinizi yönəltmək istəyirəm. "Yerkir" təşkilatı bu pulu ABŞ-nin Los-Anceles şəhərində yaşayan ermənilərin hesabına toplamışdı. Yenə də ermənilər xaricdən kömək alırdılar, necə ki, 150 il əvvəl edilirdi. Arxeoloji kəşfiyyat Ermənistan Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun təşkil etdiyi, lakin Yerevan Universitetinin Kulturalogiya kafedrasının rəhbəri olan Hamlet Petrosyanın rəhbərliyi ilə Arsax ekspedisiyası həyata keçirirdi. 2005-ci ilin yayında qanunsuz arxeoloji kəşfiyyat ekspedisiyası işğal etdikləri torpaqda antik dövrdə əsası qoyulan qondarma “Tiqranakert” şəhərinin qalıqlarını aşkar etdiklərini dünyaya elan etdilər. Beləcə, ermənilər artıq işğal etdikləri torpaqda rahatca yeni fırıldağa əl atmış oldular. Daha sonrakı dövrlərdə qanunsuz qazıntıları qondarma "respublika" öz üzərinə götürdü və ən son qazıntı 2020-ci il iyul ayında aparıldı. 15 ildir ki, qanunsuz arxeoloji qazıntı Azərbaycan torpaqlarında aparılır. Beynəlxalq hüquqa zidd olsa belə, yenə də dünya ölkələri bu hadisəyə heç bir reaksiya vermədilər. Ermənilər qazıntıdan əldə etdikləri qazıntı materialları ilə belə bir mülahizə verdilər ki, "Tiqranakert" şəhəri e.ə. I əsrdə əsası II Tiqran tərəfindən qoyulub. Şəhər eramızın XIV əsrinə qədər inkişaf edib. Maraqlısı odur ki, 1400 ildən çox yaşamış bir şəhərə yazılı mənbələrin heç birində rast gəlinmirdi. Təkcə həmin Eçmiədzinin zirzəmisində özləri tərəfindən XIX əsrdə yazılan Sebiosun kitabından başqa. Bütün mənbələr Qarabağ ərazisində belə bir şəhərin varlığından 1400 il susduğu halda ermənilər bu şəhəri tapırdılar. Əslində, gülməli idi.

Amma qazıntıların illərlə aparılması artıq dünya ictimaiyyətinin aldadılmasına xidmət edirdi. Ermənilər Gavurqalanı pasportlaşdıran Azərbaycan arxeoloqu Rəşid Göyüşovdan sonra o abidəni özlərinin edə bilmədilər. Bu şəhər yeri qətiyyən Gavurqala deyildi... Bu arxeoloji fakt idi...

Ermənilər yalançı “Tiqranakert”i Gavurqaladan təxminən 6-7 kilometr aralıda, Şahbulaq qalasının üstündə aşkar etdiklərini söyləyirlər. Bu yeni şəhər qalığı isə Qafqaz Albaniyasının böyük tarixini özündə əks etdirən abidə idi.

Deyə bilərik ki, o torpaqlarda "Tiqranakert" ola bilməz. Bəs, şəhər yeri Gavurqala da olmadığı üçün, onda bu şəhər hansıdır? Bu şəhər hansıdır ki, oradan aşkar olunan maddi mədəniyyət abidələri eyni ilə Beyləqan – Örənqala materialları ilə eynilik təşkil edir. 1400 illik bir şəhəri Azərbaycan tarixinin 1400 illik bir dövrünü özündə yaşadan bu şəhəri erməniyə öz susqunluğumuzla peşkəş edə bilərdikmi? Məhz, bu baxımdan erməni bu şəhəri qazaraq dağıdırdı, yox edirdi. Ya da bu abidəni öz tarixlərinə xidmət etməyə məcbur edirdilər... Bəli öz tarixlərinə...”, - deyə o vurğulayıb.