Qarabağın hesabına demokratiya? - Bu, mənə lazım deyil
Elbəyi Həsənli
Karneqi Beynəlxalq Sülh Fondunda təhlilçisi Tomas de Vaal “carnegieeurope.eu” saytında gedən son məqaləsində Ermənistan-Azərbaycan münasibətlərinin yaxın gələcəyi ilə bağlı belə yazır:
“Yayda Türkiyədə keçiriləcək böyük seçkilərdən əvvəl çox şeyin olacağı gözlənilmir, lakin seçki bitdikdən sonra perspektivlər yaxşı görünür. Müxalifət Türkiyədəki seçkilərdə qalib gələ bilsə, ölkənin dövlət maraqlarına uyğun olaraq Ermənistanla normallaşmaya doğru irəliləyəcək və Azərbaycanın veto hüququndan istifadə etməsinə daha az meylli olacaq. Bu, Paşinyanın strategiyasına bəraət qazandıracaq”…
Açıq, birmənalı fikirlərdir. Adam son dərəcə sadə və anlaşıqlı dildə deyir ki, Türkiyə müxalifəti seçkidən qalib çıxsa, bu, Ermənistanın, Azərbaycanla sülh müqaviləsinin imzalanmasını məqsədli şəkildə təxirə salan Nikol Paşinyanın xeyrinə olacaq. Və Türkiyənin yeni rəhbərliyi Azərbaycanın Ankara-İrəvan münasibətlərinin yeni məhələyə qədəm qoymasına veto qoymaq hüququ olmayacaq.
Başqa sözlə desək, Türkiyədə müxalifətin namizədi prezident olsa, Azərbaycanın sözü Ərdoğan dönəmində olduğu kimi Türkiyədə keçməyəcək…
Çox təəssüf ki, Azərbaycanda bəlli bir kəsim hesab edir ki, Türkiyədə müxalifət iqtidara gəlsə, İlham Əliyevin axırı çatacaq. Nəzəri baxımdan bu, mümkündür. Ancaq Qarabağın axırı necə olacaq, onlar üçün bu sualın cavabı elə bir önəm daşımir…
Şəxsən mən Qarabağın qurban verilməsi hesabına Azərbaycanda və Türkiyədə Qərbin oyuncağı olan siyasi qüvvələrin iqtidara gəlməsini istəmirəm. Arzu edirəm ki, Türkiyədə və Azərbaycanda, bütövlükdə Türk Dünyasında ən yüksək səviyyədə dmokratiya olsun. Ancaq Qarabağın əldən getməsi hesabına gələn demokratiya mənə lazım deyil. Demokratiya 5-10 il sonra da ola bilər, ancaq Qarabağ əldən getsə, bir daha geri dönməyəcək…
Məqaləni buradan oxumaq olar.