İran Azərbaycana qarşı müharibəyə başlasa, nələr olacaq?
Elbəyi Həsənli
Azərbaycanda vəziyyət gərgindir. Dövlət olaraq 4 tərəflə vuruşuruq: Ermənistan, Qarabağ separatçıları, Rusiya və İranla münasibətlərimiz son dərəcə gərgindir. Hələ mən ermənilərə dəstək verən beynəlxalq mərkəzləri demirəm. Razılaşaq ki, Azərbaycan kimi kiçik bir ölkə üçün bu qədər yağı düşmən həddindən artıq çoxdur. Ancaq Azərbaycan heç bir halda geri çəkilməməlidir. Xüsusən, İranın qarşısından qaçmaq olmaz.
Bu yazıda əsasən İran-Azərbaycan münasibətlərinə toxunacam. Sirr deyil ki, bu ölkələr müharibənin bir addımlığındadır. Mən müharibənin əleyhinəyəm. Əminəm ki, heç bir halda Azərbaycan İrana qarşı müharibəyə başlamalı deyil. İranın Azərbaycana qarşı müharibəyə başlaması isə bizim iradəmizdən kənardadır.
“İran Azərbaycana qarşı müharibəyə başlaya bilərmi?”. Düşünmürəm. Nə qədər Tayyib Ərdoğan Türkiyənin prezidentidir, İran buna cəsarət etməz. Çünki Türkiyənin bu müharibəyə müdaxilə edəcəyi gün kimi aydındır. Yəni İran bu müharibəyə başlamaqla özünü bitirər. Ancaq Türkiyədəki seçkiləri Tayyib Ərdoğan uduzduğu təqdirdə İranın Azərbaycana hücumu mümkündür. Bu heç də o demək deyil ki, Kemal Kılıçdaroğlu prezident seçilsə, Türkiyə Azərbaycana arxa çevirəcək. Aydındır ki, cənab Kılıçdaroğlu cənab Ərdoğan qədər Azərbaycanı müdafiə etməyəcək. Müdafiə olacaq. Bu, birmənalıdır. Ancaq bu müdafiə İranın hücumlarını dəf etməyə yetəcəkmi? Bu sualın cavabı qeyri-müəyyəndir.
İran Türkiyədəki seçkiyə qədər Azərbaycana hücum etsə, nələr baş verəcək? Dediyim kimi, bu ehtimal az qala istisna olunur. Ancaq molla qafası heç də həmişə məntiqə söykənmir. Nədən mən bunu mümkün saymıram. Çünki hazırda Türkiyədə Ərdoğan-Kılıcdaroğlu yarışının son nəticəsini söyləmək çətindir. Mənə görə, cənab Ərdoğan 2-3 faiz səslə irəlidədir. Ancaq seçkiyə qədər elə olaylar baş verə bilər ki, bu, Kılıcdaroğlunu irəli aparar. İranın Azərbaycana hücumu baş verərsə, hər şey Tayyib Ərdoğanın xeyrinə sürətlə dəyişər. Türk xalqı İran-Azərbaycan müharibəsi olduğu təqdirdə cənab Ərdoğana səs verəcək. Özü də cənab Ərdoğan böyük fərqlə seçkidən qalib çıxacaq. Niyə? Çünki xalq yaxşı bilir ki, belə qarışıq dönəmdən yalnız Ərdoğan Türkiyəni bu müharibədən daha az itki və daha böyük qazancla çıxara bilər. Onu da unutmayaq ki, Türkiyə NATO-nun üzvüdür. Bu isə həm də o deməkdir ki, Qərb istər-istəməz bu müharibəyə bu və ya digər şəkildə müdaxilə edəcək. Başqa cür mümkün deyil...
İran Azərbaycana hücum etsə, heç şübhəsiz ki, İsrail də İrana qarşı müharibəyə başlayacaq. Çünki nüvə silahı əldə etməyin bir addımlığında olan İran İsrail dövləti və xalqının varlığına təhlükə yaradır. Ona görə də əminliklə demək olar ki, İsrail bütün varlığı ilə bu müharibədə Azərbaycanın yanında olacaq, hətta bu iki ölkə birlikdə hərəkət edəcək. Özü də İsraildə kimi iqtidarda olmasının bu məsələyə elə bir dəxili yoxdur...
İsrailin bu savaşda Azərbaycanın yanında olması isə o deməkdir ki, ABŞ da hərəkətə keçəcək. Əlbəttə, Amerika Rusiya-Ukrayna müharibəsinin sona çatmasından sonra İran-Azərbaycan müharibəsinə daha çox diqqət ayıra bilərdı. Ancaq Amerika istəsə belə, bu müharibədən kənarda qala bilməyəcək. ABŞ-ın yəhudi lobbisi buna imkan verməz. Türkiy-NATO xətti də bu prosesə ciddi təsir göstərəcək...
Əlbəttə, Rusiya İranla Azərbaycanın müharibəsinə ancaq sevinə bilər. Düzdür, bu müharibə Rusiyanın Cənubi Qafqazdakı varlığını ciddi şəkildə təhlükəyə atacaq. Ancaq Rusiya indiki halda daha çox öz hayındadır. Qonşuda baş verən yanğınla öz odunu söndürə biləcək qədər absurd davranış nümayiş etdirir...
Ermənistan necə, İran-Azərbaycan müharibəsindən istifadə edib torpaqlarımızı yenidən işğal edə bilərmi? Əlbəttə, bunu istisna etmək olmaz. Xüsusən qondarma Dağlıq Qarabağın müstəqilliyi üçün yeni beynəlxalq kampaniyaya start verə bilərlər...
Heç şübhəsiz ki, İranın daxilindəki türk faktorunun ortaya qoyacağı iradə də bu müharibənin yekununa öz möhürünü vuracaq. Yəni İran-Azərbaycan müharibəsinin vətəndaş müharibəsinə çevrilməsi ehtimalı da çox güclüdür.
Bir önəmli məqam da var: Türk Dünyası bu müharibədə özünü necə aparacaq? Türkistan coğrafiyası Azərbaycana aktiv şəkildə dəstək verəcəkmi? Bu suala da birmənalı cavab vermək çətindir. Ancaq bu faktdır ki, Türkistan Azərbaycan üzərindən Türkiyə və Avropaya çıxır. Yəni bu çıxışın qapanmasına məntiqlə Orta Asiya dövlətləri müqavimət göstərməlidir. Bu amil də son dərəcə önəmlidir və nəzərdən qaçmamalıdır...
Hər halda, ümid edək ki, İran daşı ətəyindən töküb vəziyyətin normallaşması üçün gərəkən addımları atacaq...