Əsgərin haqqını yeyən şərəfsizlər və “Konçınıy narkoman”
Elbəyi Həsənli
Qardaş deyir ki, əsgərəm, 44 günlük müharibə zamanı bir az çox içmişdim. Hərbi patrul saxladı, 7 günlük həbs cəzası aldım. Qaldığım kameraya bir nəfər mülki şəxs saldılar. Dedilər ki, o, özünü çox pis aparır. Hamını zara gətirib. Cavan oğlan idi. 5 dəqiqə sonra o, bağırmağa başladı. Məlum oldu ki, o narkomandır. Vaxtında dozanı qəbul etməyəndə bədənində dəhşətli ağrılar baş qaldırır. Ağrıdan dolayı bağırmağa başlayır, özünə nəzarət hissini itirir.
Hərbiçilər ona ağrıkəsici verdilər. Özünə gələndən sonra onunla xeyli söhbət etdim. Özünü söyürdü. Deyirdi ki, mən dünyanın ən əclaf adamıyam. Yuxuya getmiş anamın boynundan boyunbağını açıb apardım, satıb özümə üyüşdürücü dərman aldım. Anasının boyunbağını oğurlayan oğulam e. Məndən murdar adam ola bilərmi?
Qızımın 4 yaşı vardı. Ailəm dağılmışdı. Axı hansı qadın narkomanla yaşayar? Niyə də yaşasın ki? Onun da həyatını məhv etdim. Qızımla görüşmək üçün məhkəməyə baş vurdum. Məhkəmənin hökmü ilə keçmiş həyat yoldaşım qızımla görüşməyə icazə verdi. Bir dəfə qızımla görüş zamanı ağrılarım mənə güc gəldi. 4 yaşlı qızımın qulağından sırğaların çıxarıb qaçdım. Sırğaları satıb yenə “zəhərləndim”. 4 yaşlı qızının sırğasını satan ataya insan demək olar? O, alçağın alçağıdır...
Qardaş deyir ki, gənc oğlana ürəyim yandı. Ona təsəlli vermək istədim. Özünə nifrət edən adamı sakitləşdirmək mümkünsüz görünürdü. Ondan soruşdum ki, sən həyatında gördüyün yaxşı işlərini yadına sal. Ola bilməz ki, sən dediyin qədər pis adam olasan. Mən əminəm ki, sən də nə vaxtsa yaxşı işlər görmüsən...
Gənc narkomanın üzündə qəribə bir ifadə canladı. Sanki özü öz taleyinə gülürdü. Bu gülüşdə onun yaşadığı dəhşət bütün çılpaqlığı ilə görünürdü...
Gənc dedi ki, mən Şeytan kimi bir şeyəm. Həyatım boyu hər kəsə pislik etdim, hətta öz balama da zülm etməkdən çəkinmədim. Heç vaxt yaxşı bir iş görmədim. Bu dünyada bir gün görmədim, öləndə də cəhənnəmdə yanmalıyam...
Bir daha təkid etdim. Gənc narkoman rişxəndlə güldü, özü özünü ələ salırmış kimi dedi: “Yaxşılıq və mən! Bu heç cür mümkün deyil”...
Birdən gəncin gözlərində ümid parladı. Mənə elə gəldi ki, o parıltı zülməti nura qərq etdi...
Narkoman sevinc içində üzünü mənə tutub dedi: “O gün mağazadan 10 blok siqaret oğurlamışdım. Taksi ilə gedirdim. Fikrimdə tutmuşdum ki, oğurluq siqaretləri “bariqa”ya verib mal alım. Damara gedim. Yolda elə bil möcüzə baş verdi. Müharibədə vuruşan mənim kimi gənc oğlanlar gözümün qarşısına gəldi. Düşündüm ki, onların neçəsi şəhid olacaq. Mənim kimi əclaflar isə yaşayacaq və ətrafdakı insanlara da cəhənnəm əzabı yaşadacaq. Taksi sürücüsünə dedim ki, sənə bir blok “Kent” verim, məni apar yaxınlıqdakı hərbi hissəyə. Razılaşdı. Maşından düşüb yerdə qalan 9 blok “Kent”i əsgərlərə verdim. O qədər razı qaldılar ki. Sən demə çəkməyə siqaretləri qalmayıbmış.
Bilirdim ki, damara mal vurmasam ağrılardan ilan kimi qıvrılacam. Dəli kimi bütün gecəni bağıracam. Ancaq qərar vermişdim. Hərbi hissədən sürətlə uzaqlaşdım. Bir az sonra içimi doğrayıb tökən ağrılardan dolayı başımı divara döyüb bağırırdım”...
P.S Bəlkə də o narkoman çoxdan ölüb, bəlkə də sağdır. Mənim düşüncəmə görə o narkoman əsgərin haqqını yeyən şərəfsizlərdən yüz dəfə qeyrətli adamdır. Allah əsgərin malına əl uzadan yaramazlara lənət eləsin...
P.S.S Mən bu hekayəni Şuşada yazdım. II Qarabağ savaşında hər birimizin əməyi var. Hətta o narkomanın da. Milli birlik möcüzələr yaratmaq gücündədir. Unutmayaq, Qarabağ müharibəsi hələ bitməyib. Biz milli birliyimizi mütləq və mütləq qoruyub saxlamalıyıq....