İrana görə İsrailə arxa çevirə bilmərik
Elbəyi Həsənli
Quba rayonunda Qudyalçayın şimal sahillərində yerləşən Qırmızı Qəsəbədə əsrlərdir ki, dağ yəhudiləri yaşayır. XVIII əsrin ortalarında salınmış bu kənd Quba xanlığının VI xanı (1758 –1789) Fətəli xanın himayəsi altında olub.
ABŞ və İsraildən gəlmiş bir qrup jurnalistlə birlikdə dağ yəhudilərinin mədəniyyəti və tarixini nümayiş etdirən muzeydə oldum. Nadir dillərdən sayılan cuhuri dilində danışan yəhudilərin iki sinaqoqun ziyarət etdim. "Qafqazın Yerusəlimi" kimi tanınan bu yaşayım məskəni məni heyrətdə qoydu...
Sirr deyil ki, dünyada 15 milyondan bir az artıq yəhudi yaşayır. Bu isə 8 milyard nəfərlik dünya əhalisinin cəmi 0,2 faizini təşkil edir. Müqayisə üçün deyim ki, dünyada 500 milyon nəfərə yaxın ərəb var. Bu qədər az olmaqlarına baxmayaraq yəhudilər dünyada dominant mövqelərə sahibdir...
Siz ingilisə desəniz ki, siz ingilislər bu dünyanı 500 ildən artıqdır ki, idarə edirsiz, o, bu fikri təbəssümlə qarşılayacaq. Və sizə deyəcək ki, bəli, bu, belədir. Ancaq Britaniyada bankların əksəriyyəti yəhudilərin əlindədir. Yəni ingilisləri də yəhudilər idarə edir. Əgər biz ABŞ, Kanada, Avstraliya... kimi ingilis ölkələrinə baxsaq orada da eyni mənzərənin şahidi olacağıq...
Azərbaycanda yəhudilərə xüsusi simpatiya var. Xüsusən II Qarabağ Müharibəsi dönəmində İsrailin ölkəmizə ciddi şəkildə dəstək verməsi bu münasibətlərə ciddi dinamika verib...
Fətəli xandan sonra Azərbaycanda yəhudilərə ən çox Heydər Əliyev dayaq olub. Şübhəsiz ki, siyasəti mükəmməl bilən Heydər Əliyev yəhudilərin dünyada baş verən siyasi, iqtisadi proseslərə yön verməsini hamıdan yaxşı bilirdi. Ona görə də o, iqtidara döndükdən sonra Azərbaycanda yəhudilər dövlət səviyyəsində himayə olundu. Təsadüfi deyil ki, yəhudilər Qırmızı Qəsəbədə Heydər Əliyevə abidə ucaldıb. Qəsəbəni tərk edən yəhudilər Heydər Əliyevin dəstəyindən sonra geri dönüb...
İlham Əliyev də bu xətti davam etdirib. Məsələn, Azərbaycanın elə ucqar rayonları var ki, İlham Əliyev prezident olduğu 20 ilə yaxın müddətdə orada olmayıb. Ancaq prezident Qırmızı Qəsəbəyə 9 dəfə səfər edib. Dəfələrlə yerli insanlarla görüşüb, onlara qayğı göstərib. Əlbəttə, bu, təsadüfi deyil...
Mən ona da əminəm ki, İlham Əliyevdən sonra da Azərbaycanda yəhudilərə olan xüsusi münasibəti qoruyub saxlamaq lazımdır.
Saylarının az olmasına baxmayaraq yəhudilər dünyaya öz iradəsini diktə edə bilir. Niyə? Çünki onlar intellekt daşıyıcılarıdır. Yəhudilərdə olan bu keyfiyyət isə tarixdən gəlir. Yəhudilər bunu belə izah edirlər: Hər 20-25 ildən bir Avropanın bu və ya digər ölkəsində yəhudi soyqırımı və poqromları olurdu. Yəhudilər mal-mülklərini qoyub başqa bir ölkəyə qaçmalı olurdular. Bu proses bu minvalla yüz illər boyu davam edir. Ancaq yəhudilər bu çıxılmaz durumdan uduşla çıxa bilərlər. Belə ki, onlar mal-mülkə yox, intellektə stavka edirlər. Öz uşaqlarına mükəmməl təhsil verirlər. Yəhudi qırğınları başlayanda dərhal ölkədən qaçırdılar. İntellektual olduqlarına görə başqa ölkədə də tezliklə ciddi mövqelər qazanırdılar. Özlərinin də dediyi kimi, yəhudilər mal-mülklərin intellektə çevirib başlarında daşıyırdılar. Heç kim də bu beyində qərar tutmuş mal-mülkü yağmalaya bilmirdi. Obrazlı desək, yəhudi öz mal-mülkünü intellektə çevirib başında daşıyırdı. Ən önəmlisi isə odur ki, yəhudilər dünyanın harasında olursa-olsun bir-birinə dəstək verirlər. Və bu birlik onlara ən ciddi təhlükələri dəf etməyə imkan verir. Heç şübhəsiz ki, Azərbaycan dünyada mövcud olan yəhudi faktorunun qarşısında yox, yanında yer almalıdır...
Şübhəsiz ki, Azərbaycanın əsas müttəfiqi qardaş Türkiyədir. Azərbaycanın İsrail ilə münasibətlərinin ən yüksək səviyyədə olması gözəldir. Ancaq Türkiyə-İsrail münasibətləri istənilən səviyyədə deyil. Tayyib Ərdoğan dönəmində bu münasibətlərdə dəfələrlə gərginlik müşahidə olunub. İlham Əliyev bu münasibətlərin yenidən yaxşılaşması və bərpası üçün çox çalışıb. Bu barədə İsrail mətbuatında dəfələrlə yazılıb. Yazılıb ki, İlham Əliyev Türkiyə-İsrail münasibətlərinin yaxşılaşması üçün böyük işlər görüb. Düşünürəm ki, bu, belə də olmalıdır. Azərbaycanın iki ən yaxın müttəfiqi bir-biri ilə dost olmalıdır. Onların arasındakı hər hansı gərginlik Azərbaycan olaraq bizə əlavə problemlər yaşadır...
İran-İsrail münasibətləri Azərbaycana ciddi təsir göstərir. Molla rejiminin əsas ideoloji bazası antisemitizmə, yəni yəhudi düşmənçiliyinə söykənir. Azərbaycan uzun müddət bu amili nəzərə almaq zorunda qaldı. Ancaq 44 günlük müharibə zamanı İranın Ermənistana açıq dəstək verməsi, hazırda da bu dəstəyi nümayişkərənə şəkildə ortaya qoyması, Tehrandakı səfirliyimizə terror hücumu rəsmi Bakını İrana münasibətdə daha radikal mövqe sərgiləməyə vadar etdi. Son günlərdə bu münasibətlərdə müəyyən yumşalma var. Bu, müsbət hadisədir. Ancaq biz heç bir halda İrana görə İsrailə arxa çevirə bilmərik. Rəsmi Tehran da bunu yaxşı bilir...
Mən İsveçrədə yaşayıram. Yəhudilər İsveçrədə də ciddi imkanlara sahibdir. Düzdür, digər Avropa ölkələrində olduğu kimi yəhudiləri İsveçrədə də sevmirlər. Ancaq ağıllı olduqlarına görə güclə hesablaşırlar. Bir faktı deyim. Yaşadığım Sürix şəhərində bir yəhudi məhəlləsi var. Axşam saat 10-dan sonra avtomobillərin həmin məhəlləyə girişi qadağandır. Çünki yəhudilər yerli idarəyə rəsmi qaydada pul ödəyib bu imkanı əldə ediblər və gecələri rahat yatırlar. Bu, həm də dolayısı ilə bir əzələ nümayişidir. Yəni yəhudilərin ciddi paralara sahib olmasını bir çoxlarına bu yolla xatırladırlar...
Beynəlxalq yəhudi lobbisinin Azərbaycana dəstək verməsi də təzə söhbət deyil. Xüsusən ABŞ-da ciddi şəkildə təşkilatlanmış erməni lobbisinin neytrallaşdırılmasında bu amil Azərbaycana hava-su kimi lazımdır. Xatırladım ki, AXC-nin iqtidarda olduğu 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktı qəbul olundu. Bədnam “907-ci düzəliş” ilə Azərbaycana Amerikanın birbaşa dövlət yardımı yasaqlandı. İndi də erməni lobbisi 907-ci düzəlişin yenidən qüvvəyə minməsi üçün çalışır. Ancaq yəhudi lobbisi buna imkan vermir. Verməyəcək də...