Zəif şeir paylaşanda xəcalət ÇƏKİRƏM
İsmayıl İmanzadə
Məni yaxından tanıyanlar yersiz tərifdən, reklamdan uzaq olduğumu yaxşı bilirlər. Həssas qəlbli olsam da, ilk növbədə özümə-sözümə tələbkar, səhvlərimi bağışlamayan qələm əhliyəm. Tələm-tələsik yazılmış bir şeirlə oxucu qarşısına çıxanda, hamıdan qabaq özümdən, hər sirrimə bələd olan qələmimdən utanıram.
Yeri gəlmişkən, dünən öz profilimdə paylaşdığım “Yaltaq adamların qibləsi olmur” adlı şeirimə yenidən nəzər yetirəndə, bəzi misralarımın ürəyimcə olmadığını hiss etdim və xəlvətcə özümü danlaya-danlaya, deyimlərimi bir az da cilalamağa çalışdım. Həssas qəlbli oxucu şeirə təkrarən nəzər yetirərsə, onun indiki halda daha mükəmməl olduğunu hiss edəcəkdir...
Kimlərəsə, dərs keçmək fikrindən uzağam, (Onsuz da indiki zəmanədə çoxları “ayranına turş demək” fikrini heç ağllarının ucuna belə yaxın buraxmırlar).
Ancaq mənim fikrimcə şair, yaxud da şair olmaq xülyasına düşənlər, birinci növbədə özlərinə qarşı tələbkar olmalı, təkcə Allahın bəxş etdiyi istedadlarına arxayın olmamalıdırlar. Yazdıqları şeirin üstündə işləmək vərdişinə də yiyələnməli, hər sözün-misranın yerinə düşüb-düşməməyinin fərqində olmalıdırlar. Bəzilərindən çox eşitmişəm, deyirlər ki, “yazdlarımı birbaşa yazıram, onu cilalamağa ehtiyac duymuram...”.
Bir ucu istedada, o birisi zəhmətə söykənməyən şeirin uğurlu alınacağına şəxsən mən özüm də şübhə ilə yanaşıram. Belələri qoy, böyük söz ustadlarımız Səməd Vurğun, Məmməd Araz, Bəxtiyar Vahabzadənin... imkan daxilində əlyazmalarına heç olmasa bircə dəfə baxsınlar. Onda görəcəklər ki, adlarını həmişə rəhmət hissiylə yad etdiyim bu qüdrətli qələm sahibləri tək bircə şeirlərində nə qədər düzəlişlər ediblər!
Ünlü ustad şairimiz Bəxtiyar Vahabzadə bəlkə də elə bu ovqatla aşağıdakı misraları qələmə alıb ki, sonralar ədəbi aləmə gələn bəzi yekəxana söz adamları özlərini görməyi bacarsınlar və “mənəm-mənəmlik” mərəzindən bir azca kənarda dayansınlar:
Ulu sənət dünyasının qırıq telli sazıyam,
Bircə ondan razıyam ki özümdən narazıyam...
Dostlar, tanınmş sənət adamı, gözəl şeirlər müəllifi olmaq istəyirsinizsə, yazdıqlarınızın üstündə işləməyi də bacarın. Sənət duyumu olmayan bəzi tərəfkeş oxucuların “cızmaqaralara” yönəlik boğazdan yuxarı dedikləri “bəh-bəh”lərinə, “əlinə sağlıq”, “çox-çooox gözəl şeirdir” sözlərinə aldanmayın! Məndən demək, qəbul edib, etməmək öz işinizdir...