AYB-nin Moskva bölməsinin məsul katibi...
Bu dəfəki söhbətimin qərəmanı hazırda Moskvada yaşayan qeyri-adi istedadlı bir xanımdır. Azərbaycanın əməkdar mühəndisi, neftçi-geoloq, mərhum Arif Şıxlınskinin qızıdır. Maraqlı həyat hekayəsi var. Ailədə 5 uşaq olublar, yaşca ən kiçiyi olduğundan körpəliyindən onu övladı olmayan bibisinə veriblər. Bibisi dil-ədəbiyyat müəllimi idi. Uşaq bağçasına getməkdən imtina etdiyi üçün, məcbur qalaraq, onu həmişə özüylə məktəbə aparmalı olub. Və bu onun dörd yaşında olarkən artıq oxumağı, yazmağı, saymağı, hətta vurma cədvəlini belə bilməsinə yol açıb. 1984-cü ildə beş yaşı olanda təkidlə bibisindən tələb edib ki, onu evlərinin yanında yeni tikilən məktəbə göndərsinlər. Məktəbin komissiya heyəti xeyli sorğu-sualdan sonra onun məktəbə qəbul olunmasna etiraz etməyib. Beləliklə, beş yaşında birinci sinfə gedib. O vaxtlar belə hallar Azərbaycanda nadir hallardan biri olduğu üçün tez-tez televiziyadan gəlir və onu danışdırırdılar. On beş yaşında olarkən isə Bakıdakı 12 saylı orta məktəbi qızıl medalla və 15 saylı musiqi məktəbini əla qiymətlərlə bitirib. Elə həmin il də Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb universitetinin müalicə-profilaktika fakültəsinə daxil olub. 1990-cı ildə Moskvaya köçənədək 8 saylı Birləşmiş Şəhər xəstəxanasında həkim-terapevt işləyib...
Deyir ki,- “Şeir yazmağa 8 yaşımdan başlamışam. Əvvəllər Göyərçin jurnalında və məktəb divar qəzetində dərc olunurdum. Sonralar məktəbimizdə yaradılmış Gənc Şairlər dərnəyinin rəhbəri oldum. Universitet illərində ədəbiyyata əvvəlki kimi çox zaman ayıra bilmirdim. Bəlkə də məni əsl şair edən Vətəndən uzaqlarda yaşamağım oldu. Vətən həsrəti bütün şeirlərimin canına hopub sanki. Uzun illərdir Azərbaycanda, Rusiyada, Türkmənistanda, hətta son illərdə Almaniyada və Türkiyədə şeirlərim və hekayələrim müxtəlif qəzet və jurnallarda nəşr olunur. Ona yaxın şeir və hekayələr kitabının müəllifiyəm...”
Haqqında söhbət açdığım Afaq Şıxlı bütün bunlardan əlavə Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasının, “Luç” assosiasiyasının, Avrasiya və Rusiya Yazarlar Birliklərinin, Moskva Şəhriyar Ədəbi Mədəni Cəmiyyətlərinin və Azərbaycan Məhsəti Şairələr məclisinin üzvüdür. Rusiya Poeziya Akademiyasının isə müxbir üzvüdür. O, həm də 2014-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olmaqla yanaşı AYB Moskva bölməsinin məsul katibi vəzifəsində çalışır. Ədəbiyyatdan əlavə təbabət, musiqi və rəssamlıqla məşğul olur. Ailəlidir, iki övlad anasıdır...
“Dövrünün məşhur yazarlarından biri Aqata Kristi deyirdi ki, sağlam təfəkkür bəzən çox sıxıcı və quru olur. Hərdən bir reallıqdan uzaqlaşmaq lazımdır, dünyanın gözəllikləri yalnız o zaman gözə görünür. Ədəbiyyat və romantika ayrılmaz nəsnələrdir. Hətta dəhşətli müharibə romanlarında belə romantik duyğular təsvir olunmazsa o əsər oxunmaz. Bütün dövrlərdə müharibələr, terror və başqa bəlalar olub. Amma seirlər, povestlər, romanlar həmişə yazılıb, yazılır və yazılacaq da. Hər bir dövrün öz ədəbiyyatı, öz ruhu, öz oxucusu olur. Şeir yazmaq və ümumiyyətlə ədəbiyyatla məşğul olmaq, həqiqətən də, mənim üçün dünyanın ən böyük səadətidir. Bunu hər zaman təkrar etməyə hazıram.”- söyləyir.
Şeirlərinin böyük əksəriyyəti insanı insanlıqdan uzaqlaşmağa qoymayan, ədaləti, insafı, vicdanı daima ayaqda saxlayan məhəbbətə həsr olunub. Heç vaxt şeir yazmaq xatirinə masa arxasına keçməyib. Təbi gələndə şeir ona əlinə qələm götürməyi vadar edib. Hansı üslubda yazacağını da əvvəldən bilmir, gələn misralar özü təyin edir ki, yazacağı qoşmadırmı, rübaidirmi, sərbəst şeirdirmi? Əlbəttə ki, onun da sevidiyi yazıçı, şair və rəssamlar var. Şairlərdən Nəriman Həsənzadənin, Musa Yaqubun, Elman Tovuzun, Məmməd İsmayılın, Əli Ağbaşın, İlham Bədəlbəylinin, Nəsib Nəbioğlunun, Mixail Sinelnikovun, Evqeniy Çiqrinin, rəssamlardan Moskvada yaşayan Əsgər Məmmədovun, yazıçılardan Çingiz Hüseynovun, Tofiq Məliklinin, Varisin, yazıçı-tərcüməçi İmdat Avşarın yaradıcılıqlarını maraqla mütaliə edir...
Deyir ki,- “Doğrudur, ədəbiyyat məndən zamanımı alır, lakin mən bunu məmnuniyyətlə ona qurban edirəm. Bir qədər də sağlamlığımı, yuxumu alır. Bunlar hamısı onun böyüklüyü qarşısında çox cılız görünür. Pafosla deyilən sözlər deyil. Bunlar mənim həqiqətimdir. Ədəbiyyatın mənə bəxş etdiyi isə- özüdür. Onun möhtəşəmliyini hiss etmək, onun gözəlliyinə toxuna bilmək, onunla yanaşı addımlamaq kimi əvəzedilməz bir duyğudur. Ədəbiyyat- mənim son məhəbbətimdir!”
Ömür-gün yoldaşından çox razılıq edir, “ədəbiyyatsevər insandır”- deyir. Yaradıcılığını mütamadi izlədiyini, evdə ona kitabları üzərində işləməyə hər çür şərait yaratdığını, eləcə də maddi və mənəvi dəstək olduğunu- dilə gətirir...
“Ədəbiyyat adamı istedadlı, səmimi, saf insanlarla birləşdirir. Nadan, qaba, mənasız insanlardan isə ayırır və bu da tam təbiidir! Şair də ən adi insani keyfiyyətləri özündə qoruyub saxlamalıdır. Bütün mənfi keyfiyyətlərin mənim fikrimcə bir adı var – xəyanət. Bəli, əsl insan kimi şair də xəyanət etməməlidir: vətən sevgisinə, valideyn əməyinə, ailə təmizliyinə, sözün müqəddəsliyinə, vicdanın dürüstlüyünə, nəfsin möhkəmliyinə və sənətin ucalığına. Xəyanət hissindən uzaq olan kəs, heç bir yalnışlığa yol verməz.”- söyləyir.
Nəcib, gülərüz, mehriban xanımdır. Həyata açıq gözlərlə baxmağı xoşlayır. Emosiyalara qapılmır. Mülayim, xoş xəsiyyəti ilə xeyli dost da qazanıb. Vətəndə olduğu kimi qürbət Moskvada da böyük hörməti var...
Deyir ki,- “Bakı və Moskva- həm iki oxşar, həm də müxtəlif şəhərlərdir. Mənim yaşımda olan insanlar üçün Moskva elə də yad şəhər deyil. Çünki bizim uşaqlığımız və gəncliyimizin müəyyən hissəsi SSRi-nin vaxtına düşüb, hansı ki, o vaxtlar Moskva - bizim ikinci paytaxtımız, rus dili isə - ikinci ana dilimiz sayılırdı. Azərbaycanda kifayət qədər ruslar yaşayırdı və biz həyətdə oynayarkən beş azərbaycanlı uşağı olurdusa, 3 nəfər də rus uşağı olurdu. Lakin unutmaq olmaz ki, bizim burada yaşamağa başladığımız 2000-ci illərdəki Moskva ötən əsrin 70-80-ci illərindəki Moskva deyil. Nə də insanların düşüncəsi və davranışı o zamankı deyil. Biz birdən-birə dəyişən ayrı bir rus xalqını tanımağa başladıq. Orta məktəbdə oxuyarkən qış tətillərinə gəldiyimiz qonaqpərvər şəhərə deyil, sanki ayrı bir şəhərə düşdük. Bakının isti, mülayim, doğma qucağından, qışı aylarala bitməyən, həftələrlə günəşə həsrət qaldığımız bir diyarda yaşamaq elə də asan olmayıb. Qohumlardan, dostlardan uzaqda. Yeni dostlar qazanana, cəmiyyətə qaynayıb qarşana kimi illər keçdi. Bu illərin hamısı bizim geri dönməyən, qaytarılmayan ömrümüzün bir parçasıdır. Nəticədə bu həsrət, bu nisgil, şeirə, sözə çevrildi. Bəli, ədəbiyyat, dostlar, həmkarlar olmasaydı yəqin ki qürbət həyatı daha da dözülməz olardı...”
Əziz dostlar, söhbətimi burada bitirmək istəyirəm. Çox sağ olun ki, məni səbrlə dinlədiniz. Çalışdım ki, Afaq xanımı olduğu kimi sizə təqdim edim. Axı o, qürbətdə millətimizi ləyaqətlə təmsil edir, xalqımızı düşünür...
Yeri gəlmişkən bu gün, iyunun 25-də Afaq Şıxlının növbəti ad günüdür, 54 yaşı tamam olur. Ona möhkəm can sağlığı, yaradıcılığında və işlərində uğurlar arzulayıram...
Elman Eldaroğlu