Möcüzələrə inanıram...
Hər bir bölgənin parlaq istedadlı adamları olur. El onlara dayaq duranda, meydan verəndə, yol açanda üzləşdikləri sədləri aşa bilirlər. Nəticədə hamının tanıdığı məşhurlara çevrilirlər. Vay o gündən ki, bu amansız dünyada hər yerdə təkbaşına- yalqız qalasan. İrəlilədikcə məkrli əllər sinəndən vurub, səni dayandırsın. Dəyanət də bizim ata-baba yurdumuz- Yardımlının yalqız qalan şairlərindən biridir. Necə deyərlər, nə arxası var, nə də bahalı çuxası...
Bəli, bu gün sizə şair, publisist Dəyanət Səlimxanlıdan söhbət açmaq istəyirəm. O, Dəyanətdən ki, 1960-cı ilin iyul ayının 1-də Yardımlı rayonunun Çanaxbulaq kəndində dünyaya gəlib. Doğma kənddə yeddiillik məktəbi bitirdikdən sonra qonşu Bərcan kəndində tam orta təhsilə yiyələnib. 1983-1989-cu illərdə isə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində ali təhsil alıb. 1990-cı ildə əmək fəaliyyətinə Sumqayıt şəhərindəki 2 saylı yataqxanada tərbiyəçi müəllim kimi başlayıb. Bir il orada çalışıb. Sonra qismətinə "Açıq söz" qəzetində müxbir, Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində böyük redaktor vəzifəsində işləmək düşüb. Daha sonra bir müddət fərdi yaradıcılıqla məşğul olub...
Onu görəndə həmişə Əbdülrəhim bəy Haqverdiyevin “Bəxtsiz cavan” əsərinin adı yadıma düşür. 2009-cu ildə Təbrizə üz tutur. Düşünür ki, yeni yazacağı kitab ona uğur gətirəcək. O da kasıblığın daşını atıb ev-eşik sahibi olacaq. Və...
Deyir ki:- “Əndəbil Təbrizin VIII əsrlik tarixə malik olan və əsasən də seyidlər yaşayan qədim tiklilər və abidələrlə zəngin turizim kəndidir. Bu kəndlə tanışlığımızın tarixi 2009-cu ilin iyun ayından başlayır. İsti bir yay günündə kəndə ilk səfərimiz oldu. Kənd camaatı bizim qardaş Azərbaycandan gəlişimizi böyük sevinclə qarşıladılar. Gəlişimizin məqsədini biləndə, bu kəndin görkəmli Azərbaycan yazıçısı, böyük ədəbiyyatşunas alim Mircəlal Mirəliəşrəf oğlu Paşayevin ata yurdu olduğunu bildirdilər. Onların yaşadığı Əliəşrəf dərbəndini bizə göstərdilər. Evin qapısını üzümüzə doğma ocağın sakini olan Mirhüseyn Cavanmərd açdı. Mirhüseyn Mirmaqsud oğlu Cavanmərd görkəmli yazıçı Mircəlal Paşayevin bacısı nəvəsidir. Nənəsi Rüqəyya xanım Mircəlal Paşayevin bacısıdır. Mirhüseyn Cavanmərd o vaxt Cənubi Azərbaycanın “Zərrin- Jarin, Marina” şirkətinin Təbriz-Urmiya, Ərdəbil-Zəncan üzrə satış müdiri işləyirdi. Eyni zamanda Təbrizdə topdan satış yağ ticarəti ilə məşğul olurdu...”.
Dəyanət bədii yaradıcılığa tələbəlik illərindən başlayıb. "Qayıt ata" adlı ilk şeiri 1983-cü ildə "Azərbaycan qadını" jurnalında işıq üzü görüb. Bəstəkar Ələsgər Abbasovun bu şeirə bəstələdiyi mahnı Bakıda keçirilən "Odlar yurdu - 90" festivalında üçüncü yerə, 1991-ci ildə Orta Asiyada keçirilən "Ümumşərq xalqlarının musiqisi" festivalında isə birinci yerə layiq görülüb və o dövrün "Komsomolskaya pravda" qəzetinin diplomu ilə mükafatlandırılıb. Onun “Anam dua oxumasa” adında ilk kitabı 1992-ci ildə dərc olunub. “Qayıt ata” kitabı isə 2002-ci ilə təsadüf edir. Səhv etmirəmsə, sonradan daha iki kitabı da işıq üzü görüb...
Dəyanət sözünü davam etdirərək:- “Mirhüseyn Cavanmərd bizi baba və dayılarının məskunlaşdığı kəndin qədim tarixi ilə tanış etdi. Dayısı Mircəlal Paşayevin təhsil almaq üçün 1920-ci ildə Şimali Azərbaycana getməsi ilə bağlı nənəsi Rüqəyya xanımın xatirələrini danışdı: “Nənəmin 6 qardaşı olub. Biri cavan dünyasını dəyişib. Digərləri isə ali təhsil alaraq, elm aləminə böyük naliyyətlər bəxş ediblər. Dayım Mircəlal və Mirxəlil isə Şimali Azərbaycanda yaşayıb orada da dünyalarını dəyişiblər. Yaxşı yadımdadır 2004 və 2005-ci illərdə Mircəlal dayımın oğlu Hafiz Paşayev ata yurdunda qonaq oldu. Birinci səfərində yarım saat, ikinci səfərində isə bir saat istirahət edib nənə və babalarının ruhunu yad etdi. Bu doğma yurd, bu doğma ocaq bizim üçün əzizdir. Mən baba yurdumu dayım Mircəlalın yaşadığı evi təmir etdirib, ona yeni bir görkəm, yeni bir ruh vermişəm. Belə bir fikrim var ki, yaxın gələcək üçün evin bir mənzilində Mircəlal dayımın ev müzeyini yaradım”.
Mirhüseyn Cavanmərd Azərbaycan müstəqilliyini əldə etdikdən sonra bu taya bir neçə dəfə qonaq gəlib. Və hər gəlişində də dayısının ikinci fəxri xiyabanda olan məzarını ziyarət edib, ruhuna dualar oxuyub”- söyləyir.
Dəyanət Səlimxanlı ömrünün böyük bir hissəsini arxada qoysa da, hələ də keçmiş ali partiya məktəbinin yataqxanasında oğlu, iki bacısı və bacısı uşaqları ilə kirayədə qalır. Min cür əziyyətlərə sinə gərir və ümidini Allahdan üzmür. İnanır ki, nə vaxtsa taleyi üzünə güləcək...
Bəli, iyulun 1-də onun 63 yaşı tamam olur. Nəzərə alanda ki, Napoleon 30 yaşından o boyda Fransiyaya rəhbərlik edirdi və eləcə də Həzi Aslanov 33 yaşında artıq general idi, onda Dəyanətin taleyinə təəssüflənməmək olmur. Belə məsəlləri uzatmaq da olardı, amma nə fayda? El arasında deyildiyi kimi- “Artıq qatar gedib.” Fəqət möcüzələrə inanıram...
Əlimizdən nə gəlir? Biz ancaq onu ad günü münasibətilə təbrik edib sevindirə bilərik.
Yeni yaşın mübarək, Dəyanət Səlimxanlı!..
Yeri gəlmişkən, Dəyanətdən bir bənd:
Baş yastığın gözlərimin bəbəyi,
Kipriklərim gül üzünün örpəyi.
Gecələsən, gözlərimdə gecələ,
Bəlkə onda gözlərim də dincələ...
Elman Eldaroğlu