Paşinyanın Putinə zəngi: ermənilər Kremldən nə istədi...
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə zəng edib, ardınca Xankəndindəki separatçıların “başçısı” Arayik Arutyunyan qondarma “təhlükəsizlik şurası”nın iclasını keçirib. Orada qeyd olunub ki, İrəvandan Kremlə edilən telefon zəngi Arayikin xahişi ilə baş tutubmuş.
Bundan öncə Arayik Putinə “bizi xilas et” motivli məktub yazmışdı, görünür, separatçılar Kremlə çıxış tapmaq üçün Paşinyandan da vasitəçilik etməyi istəyib.
Separatçıların iki məsələdə ciddi qorxusu var:
Birincisi, Azərbaycanın növbəti əməliyyat keçirməsi ilə bağlıdır: Bakı erməni qoşunların çıxarılmasını, bütün silahlı dəstələrin tərk-silah edilməsini tələb edir və bu istiqamətdə praktiki addımların atılması gözləntisi böyükdür;
İkincisi, təminat məsələsidir: Ermənistanın təxribatından sonra Laçın postundan yüklərin keçirilməsi dayandırılıb və Bakı erməni əhalisinin ehtiyaclarını təmin edə biləcəyi təklifini irəli sürüb; separatçılar buna imkan vermir, hərçənd, zaman onların əleyhinə işləyir.
Separatçıların Putindən əsas istəkləri də Bakının mümkün əməliyyatının qarşısını almaq və Laçın postunun açılmasına nail olmaqdır. Paşinyanın zəngində toxunduğu əsas məsələlər də bunlardır.
Lakin Moskvanın Bakının qarşısını almayacağı, yaxud mövcud şərtlərdə buna nail ola bilməyəcəyi aydın görünür. Laçına postun qurulması və sonrakı dövrdə baş verənlər də bunu deməyə əsas verir.
Asif Nərimanlı