O, son nəfəsinədək bu xalqa lazımdır...
Son vaxtlar adamların əksəriyyəti çox aqressivləşib. Necə deyərlər, bu xalqa heç bir faydası dəyməyən elə kəslər var ki, kimi istəsən təhqir etməyə hazırdırlar. Sanki onlar üçün heç bir dəyər əhəmiyyət kəsb etmir. Amerikada olanda elə yaşlı insanlar tanıyırdım ki, doğsan yaşı olmasına baxmayaraq, hələ də iş başında idilər. Doğrudur, dövlət idarələrində belə adamlara rast gəlməsəm də, amma ictimai təşkilatlarda, universitetlərdə, müxtəlif müəssisələrdə onların ağlından, təcrübəsindən, nüfuzundan səmərəli istifadə olunurdu. Bir sözlə, varlığı böyük əhəmiyyət kəsb edən adamları yaşına görə sıradan çıxarmaq nadanlıqdır. Belə adamlar nə qədər düşünə bilirsə, onlardan istifadə olunmalıdır.
Onun da adı, təcrübəsi, nüfuzu, işgüzarlığı rəhbərlik etdiyi qurumun uğurlu fəaliyyəti üçün mühüm rol oynayır. Nə qədər yaşayırsa, nə qədər vardırsa ondan yararlanmaq, bəhrələnmək lazımdır. Əlbəttə ki, söhbət xalq yazıçısı Anardan gedir. İkinci bir Anarı yetişdirməkdən ötrü görəsən, bu millətə nə qədər zaman lazımdır?..
Deyir ki,- “İllər boyu bir neçə mətbuat orqanı və bəzi saytlarda mənim ünvanıma, Yazıçılar Birliyinin ünvanına olmazın böhtanlar, yalanlar, təhqirlər yağdıranlar nədən küsüblər və bizdən nə umurlar? Məhz onlar kimi düşünməyimizi, hadisələri ancaq onlar kimi qiymətləndirməyimizi, heç vaxt, heç kəsdən asılı olmayan öz müstəqil mövqeyimizi, münasibətimizi bir qırağa qoyub onların dediyini deməyimizimi istəyirlər?! Adını belə çəkmək istəmədiyim birisinin işi-peşəsi yazıçılara çirkab atmaqdırsa, “Yazıçılar Birliyinə tüpürürəm” demək tərbiyəsizliyindən belə çəkinmirsə və qəzet də bu xuliqanlığa öz səhifələrində yer ayırırsa, sizcə biz buna cavab verməməliyik? Deməsinlər, eşitməsinlər. Çörəkləri Yazıçılar Birliyinə sataşmaqdan çıxanlar tipik mafioz qanunlarıyla hərəkət edir. Nəinki özləri hər cür iftira və yalanlar uydurur, hətta Birliyimiz haqqında az-çox obyektiv söz deyənləri, yaxud hətta adicə məndən müsahibə alanları da dərhal qaralamağa, vurub sıradan çıxarmağa tələsirlər. Buna da hər kəs tab gətirmir, geri çəkilir, hədə-qorxu gələnlərdən “qəbahəti” üçün üzrxahlıq eləyir. Hər fürsətdə qəsdimizə duranlar sonra da şikayətlənirlər ki, niyə bizi müdafiə etmirsiniz. Lap Məşədi İbad yada düşür: “Aç qapını, gələk səni öldürək”. Qəti fikrim budur ki, müxalifətə ən böyük ziyanı məhz bu sayaq yazılar - başqa cür düşünən, başqa mövqedə olan ziyalıları təhqir edən, pisikdirən, onları itələyib uzaqlaşdıran yazılar vurur. Demokratiyadan dəm vuran bu adamların tolerantlıq, fərqli fikrə dözümlülük haqqında sanki heç təsəvvürləri yoxdur. Obyektivlik naminə onu da deməliyəm ki, belə yazılar, təəssüf ki, iqtidar mətbuatında da yer alır. Kiminsə siyasi baxışlarıyla razılaşmamaq təbiidir, amma buna görə onun bütün fəaliyyətinin, hətta başqa sahələrdə xidmətlərinin üstündən qələm çəkmək düz deyil. Belə yazılar da ilk növbədə iqtidara zərər gətirir. Demokratiya o deməkdir ki, siyasi rəqibini opponent kimi görəsən, düşmən kimi yox…”
Xalq yazıçısı daha sonra əlavə edir:- "Mən 1987-ci ildə, hələ Sovet dövründə, amma yenidənqurmanın havası əsməyə başlayanda o vaxtkı Kommunist Partiyası Mərkəzi Komitəsinin göstərişiylə deyil, yazıçıların öz təklifiylə bu təşkilata rəhbər seçilmiş ilk şəxsəm. Yazıçıların üç qurultayında yekdilliklə yenidən Birliyin sədri seçilmişəm və yenə də yazıçıların əksəriyyəti bu vəzifədən getməyimi təklif etsə, həmin gün istefa ərizəmi verməyə hazıram. Amma desinlər görək axı küsənlər nədən küsüblər və umanlar nə umurlar? Bir dəfə də olsun bu barədə aydın-açıq bir söz eşitmədim. Yaxın dostlarımın rəhbərlik etdiyi başqa Yaradıcılıq təşkilatları haqqında deyəndə mən məhz bunu nəzərdə tuturdum. Yazıçılar Birliyinin rəhbərliyindən başqa heç bir siyasi, ictimai ya elmi idarənin rəhbərliyi müzakirə olunmur. Niyə? Bilmirəm. Həm də gördüyümüz mühüm işlərə göz yumaraq mütləq qurdalayıb tərs məlumat verməyə çalışırlar. Mən Birliyin rəhbəri işlədiyim Sovet dövründə yüzdən artıq yazıçı ev aldı. İndi quruluş, şərait tamamilə dəyişib, əvvəlki imkanlar yoxdur, amma yenə də hörmətli prezidentlərimizә, əvvəlcə rəhmətlik Heydər Əliyevə, sonra da İlһam Әliyev cənablarına müraciət edәrәk yazıçılar üçün bir neçə mənzil düzəldə bildik. 34 nəfər razı, iki-üç nəfər narazı qaldı və mətbuatda əlüstü bunun ətrafında qalmaqal yaratdılar. Yazıçılar Birliyinin mükafatlarını təsis etdik. İsa Muğanna kimi böyük yazıçımızı mükafatlandırdıq, yaratdığımız Münsiflər heyəti katibliyin heç bir müdaxiləsi olmadan layiqli müəllifləri mükafatlandırdı. Bunu da tərs yozdular, əleyhimizə çevirdilər. Hətta təqdimatlar, yubileylər keçirməyimizi də bizə irad tuturlar. Heç onu demirlər ki, bəzən elə yazıçıların yubileylərini keçiririk ki, başqa heç yerdə bu yubileylər keçirilmir. İdarə heyətimizdə, redaksiya heyətlərimizdə müxalifət partiyalarının üzvləri də təmsil olunub. Birlikdə heç bir yerliçiliyə, əliəyriliyə imkan verilmir. Bütün bunlar məgər naqis cəhətlərdir ki, bizə bu qədər daş atırlar? Təəssüf ki, Yazıçılar Birliyinə sağmal inək kimi baxanlar belə inəyin üstünə qonan milçəkləri qovmağa təşəbbüs göstərmir. Əksinə, peşmansan birini fəxri ada, mükafata, ordenə təqdim edəsən, onu-on beşi inciyəcək ki, bəs mən niyə yada düşmədim. Heç kəs heç nə almayanda isə hamı sakit oturur yerində. Bizim təklifimizlə hörmətli prezidentimiz 50 yaşlı və 20 gənc yazıçıya illik təqaüdlər təyin etdi. Bilsəniz hər il bu təqaüdlər müəyyənləşən zaman başımız nə ağrılar çəkir. Bəziləri məsələni belə qoyur ki, bu təqaüdü məhz bu il almasam, yaşaya bilməyəcəm. Əzizim, bu təqaüdü almadığın və bir ildən sonra almayacağın vaxtda necə yaşayırdın və necə yaşayacaqsan bəs? Yox, kimə deyirsən? Mütləq bu il almalıyam, almasam dünya dağılar. Hədə, böhtan, təhqir… Ən iyrənc iftiralara əl atırlar. Elələri də var ki, təqaüdün yalnız bir dəfə verildiyini bildiklərinə görə təqaüd aldıqları müddətdə Yazıçılar Birliyindən razı, təqaüd müddəti qurtaran günün səhəri dərhal narazı olurlar, hətta o qədər hirslənirlər ki, Birliyin üzvlüyündən çıxırlar. Çıxsınlar. Birlik könüllü təşkilatdır, heç kəsi bura dəvət etmirik və heç kəsin də getdiyini ürəyimizə salmırıq…"
Bəli, ölkənin ictimai qrumlarından birinin- Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Azərbaycan ədəbiyyatında xidmətləri olan görkəmli şəxsiyyətlərdən biridir. Necə deyərlər, uca bir dağdır. Onun böyüklüyü ilə barışa bilməyənlər, bir az kənara çəkilib, bu uca dağın harasında olduqlarının fərqinə varsalar, öz yerlərini tapacaqlar...
Elman Eldaroğlu