Yazar

Qəzetlər “yalanımın” üstünü necə AÇDI...

Qəzetlər “yalanımın” üstünü necə AÇDI...
11Oktyabr 202223:11

İsmayıl İmanzadə Mərcanlı


“Səda” qəzetindən aldığım ilk maaşımla özümə “alababat” bir palto alandan sonra, iki aya yaxın müddət ərzində bədənimə tikan kimi toxunan nimdaş bir plaşı, əyindən çıxmış qollu sarımtıl köynəyi iri sellafon torbaya yığıb, təzə bir köynəklə və iki-üç cümləlik məktubla İmişli rayonundakı kəndlərdən birində yaşayan köhnə  tanışıma qaytardım. (Həmin şəxs əmim oğluyla ali məktəbdə birgə oxumuşdu. Doğmalarımın biri ilə mübahisə zamanı “Sizə nə pisliyim keçib, Mingəçevirə səfil kökündə gedən qohumunuz filankəsin əynindəki plaşı da, köynəyi də mən vermişəm!” sözləri qulağıma çatan kimi bu addımı atmalı olmuşdum. Və ona ünvanladığım məktubda yazmışdım: “... müəllim çox sağ olun, verilən payı başa qaxınc etməzlər. Paltarlarını geri qaytarır və təzə bir köynəyi də sovqat kimi qəbul etməyinizi xahiş edirəm, cağlıqla geyinəsiniz!..”)

Nə qədər qamətimi şüx tutsam da yaxamdan “dördəlli” yapışan ehtiyac hər gün mənə bir az da yaxınlaşırdı. Ali məktəbin IV kursunda oxuyan qızım Bayılda - neft buruqlarının arasındakı yataqxanada məskunlaşan dayısıgildə it zülmü çəkirdi. Yayda bütün geyim-gecimini evimizə gətirdiyindən, onun paltarları da bizimkilər kimi lənətə gəlmiş vaqona yığılıb qalmışdı (Cəbrayılın Böyük Mərcanlı stansiyasında sakinlərin ev əşyalarının yığıldığı və işğal zamanı çəkib gətirə bilmədiyimiz, ermənilərə qalan vaqon-red.). Arabir aldığımız ərzaq yardımı həftə keçməmiş tükənirdi. Özüm öz başımın çarəsini qılmalı idim...

Dekabrın sonlarına yaxın Bozdağın aşağı səmtində - gözdən-könüldən uzaq bir yerdə inşaat sexinin olduğunu eşidib, oraya üz tutdum. Həyətdə həm tikinti işləri gedir, həm də müxtəlif ölçüdə dəmir-beton plitələr düzəldilirdi. Yusif adlı müdrin iş otağına keçib salam verdim. Gəlişimin səbəbini soruşanda münasib bir iş axtardığımı dedim və əlavə etdim ki, bənnalığı, dülgərliyi, hər növ maşın və traktor sürməyi də bacarıram.
“Haralısınız, harda yaşayırsınız?”,-deyə soruşanda “Mən iş üçün gəlmişəm, haralı olmağımın buna nə dəxli var, anket-zad doldurmursunuz haa!”,- söylədim.
Yusif müəllim demə ifallı-hövsələli adammış, yoxsa ağzımdan çıxan sözlərdən sonra mənə qapını göstərərdi. Ancaq belə etmədi: “Bir maşınımız, iki lafetli traktorumuz var, onların sürücüləri çoxdan bizdə işləyirlər”,-dedi və sonra da əlavə etdi: “İstəsəniz sizi plitə istehsalı ilə bağlı işlərə, qum ələməyə, beton qarışdırmağa, ustaların yanında müəyyən işlər görməyə cəlb edə bilərəm. Xoşunuza gəlirsə, sabah saat 9-dan gec olmayaraq işə gəlin!”.

Əlüstü razılaşdım, söhbətin axırında isə dilimi sürüyə-sürüyə dedim:

- Çox sağolun, Allah sizdən razı olsun, bir xahişim də var, olarmı mən saat 9-da yox, 11-də gəlim, bir bölük azyaşlı uşağım var, onları məktəbə yola salmalıyam. (Yalandan deyirdim, hardaydı məndə o bəxt!).

Üzümə təbəssümlə baxıb, - yaxşı,- dedi, ancaq saat 11-dən gec gəlməyin, yoxsa dostluğumuz pozular ha...

Tələm-tələsik “kolxoz bazarı”na üz tutdum. Xeyli axtarandan sonra bir cüt köhnə iş əlcəyi, bir də alababat kombinizon alaraq, gətirib redaksiyadakı otağıma qoydum. İndi qalırdı redaktorun “saqqalının altdan” keçməyim.
İş burasında idi ki, o, dəfələrlə içi mən qarışıq, redaksiya işçilərinə demişdi ki, heç kimin əlavə iş yeri olmamalı, hamı redaksiyada oturmalıdır. Elə buradaca deyim ki, redaksiyada şöbə redaktoru kimi işlədiyim bir ay ərzində elə bir tapşırılan yazı olmamışdı ki, onu beş-on dəqiqə gecikdirmiş olum. Həm də öyünməklik olmasın, imzamla qəzetə yeni ab-hava da gətirmişdim. Yazılarımın həvəslə oxunduğundan halı idim və redaktorun özü də dəfələrlə bunu iş yoldaşlarımın qarşısında söyləmişdi. Elə buna görə də əmin idim ki məqsədimə çata biləcəyəm. Bu dəfə Naib Əfəndiyə növbəti “yalanımla” müraciət etdim:

- Şəxsi işlərim, qayğılarım çox olur, bir yandan da köçkünlərimizin xeyirində-şərində iştirak etməliyəm,- deyəndə üzümə baxmadan söylədi:
- Kim sizə deyir ki bütün günü gəl redaksiyada otur, yazını yazıb təhvil verəndən, bir də qəzet çıxan gün mətbəədə iki saat işlərimizi yerbəyer edəndən sonra hara istəsəniz gedə bilərsiniz! Mənim “redaksiyada oturun” deməyim yerli işçilərə aiddir!

Düzünə qalsa, əlavə iş yeri tapdığımı deməyə üzüm gəlmədi, yoxsa tanınmış bir qələm sahibinin gedib fəhləliklə məşğul olmasına nəinki etiraz edər, bəlkə də belə olduğu tərzdə ərizə yazıb işdən getməyimi tələb edərdi. Nə qədər humanist adam olsa da, redaksiya işçisinə belə bir addımı yaraşdırmazdı...

Beləliklə, həm qəzetçi, həm də fəhlə kimi əmək fəaliyyətimi davam etdirməyə başladım. Xoşbəxtlikdən imzam tanınsa da, hələ tanışlıq dairəm o qədər də geniş deyildi və fəhləlik etdiyim idarədə də heç kim “yalanlarımdan” halı deyildi.

Əməkhaqqım qəzetdə aldığım maaşdan bir az yuxarı idi. Nə evdə, nə də məskunlaşdığım yataqxanada heç kim bəzən evə niyə gec gəldiyimin fərqində deyildi. Evdə maraqlananda yoldaşıma “Qəzetdə işləmək sənə asan gəlməsin, gah iclaslarda, gah da yazı yazmaq üçün kiminləsə görüşməli oluram!”,-deyib, yaxamı ələ vermirdim.

Həm qəzetçi, həm də fəhlə kimi işləməyim məni yorub əldən salırdı. Bəzən axşamlar ovuclarımda iz salan qabarları ovuşdurur, ağrı-acılarımı heç kimlə bölüşmürdüm. Yaradıcılıq işlərim də pis getmirdi. Arada vaxt tapıb mərkəzi qəzet və yurnallara göndərdiyim şeirlərimin dərc olduğunu görüb, yurd nisgilimi qələmə aldığım yazılara və yeni şeirlərimə “yükləyərək”, bir az toxdaqlıq tapırdım...

Az-çox hər işi yarıtsam da, tikintidə iş yoldaşım olan sırtıq üzlü birisinin öhdəsindən heç cürə gələ bilmirdim. Gün ərzində gah ustaların yanına kubik daşıyır, gah qum ələyir, gah beton qarışdırır, gah hazır plitələri lafetə yükləyir, gah da dizlərimi yerə atıb mala ilə plitə ülgüsündəki sement-qum qarışığına “sığal” çəkirdim. Mənim işə gec gəlməyimi həzm edə bilməyən bu uzun boğazlı, balaca başlı Hənifə deyilən kişi atmacalarından qalmırdı: “Biz qazanrıq, sən yeyirsən, Əməlli-başlı müftəxorsan ha... Nökər nədi, bekar nədi, tez ol, bekar dayanma...”.

Axır ki hövsələmə yiyəlik edə bilmədiyim bir məqamda onu qum qalağının üstünə yıxıb, sağ ayağımı hülqumuna qoydum. Yanımdakılar özlərini çatdırıb Hənifəni güclə əlimdən aldılar. Ayağa qalxıb özünə gələndən sonra: “Vallah sən əməlli-başlı dəli imişsən, adam zarafat edər də, xəncərinin daşı düşmədi ki!”-deyəndə, təzədən üstünə cumub, xirtdəyindən yapışdım:
“Köpəyoğlu bir də səndən belə sözlər eşitsəm, ananı ağlar qoyacağam, belə şit zarafatları axşam yorğan altında arvadınla edərsən, eşitdinmi?”.
Başı ilə dediklərimi təsdiqləyəndə qırağa çəkilib dalbadal üç papiros çəkəndən sonra bir az toxtadım...

Heç demə məni növbəti bir sürprüz də gözləyirmiş! O vaxtlar hələ qəzetlərin oxunan vədələri idi. Bazar və duz günləri (bizim tərəflərdə həftənin birinci gününə “duz günü” deyirdilər) istisna olmaqla, hər gün poçtalyon idarəyə bir topa qəzet gətirirdi. Onların arasında həftədə bir dəfə çıxan “Səda” qəzeti də olurdu. İki gün qabaq redaktorun tapşırığı ilə qəzetin əməkdaşları ilə bağlı qələmə aldığım yazılar 2-ci və 3-cü səhifələrdə fotoşəkillərimizlə bərabər dərc olunmuşdu.
Axşamçağı poçtalyon qəzetləri idarəyə verib qayıdandan heç yarım saat keçməmiş, Yusif müəllim idarənin qapısı ağzında dayanıb, məni bir az əsəbi şəkildə səslədi:
- İsmayıl müəllim, içəri gəl!
Əlimdəki kürək beli qum topasına sancıb, üstümü çırparaq idarə müdrinin otağağına tərəf addımlayanda, çoxdan bəri marıqda dayansa da, ta mənə dil uzada bilməyən Hənifə atmacasından qalmadı: “Ha. ha, ha... İsmayıl axır ki, burda oxuyub müəllim də oldu!”...

Heç demə, Yusif müəllim sözə-sənətə dəyər verən şəxs imiş. İçəri keçəndə müdirin stolunun üstündə əməkdaşı olduğum “Səda” qəzetinin təzə nömrəsi, son 10 gün ərzində isə “Zaman”, “525-ci qəzet” və “Ədalət”in bütöv səhifələrində şəkillərimlə birlikdə dərc olunmuş şeirlərim gözümə sataşdı. Müdir mənimlə üzbəüz oturandan sonra təbəssümlə üzümə baxaraq dedi:

- Qardaş, siz niyə həm qəzet işçisi, həm şair, həm də məcburi köçkün olduğunuzu mənə deməmisiniz?

- Yusif müəllim, bunu desəydim, siz məni heç işə götürərdinizmi?

- Götürərdim, ancaq belə bir ağır zəhmət tələb edən işə yox? Mən sizin kimliyinizi bir az qabaq qəzetlərə baxıb biləndən sonra vicdan əzabı çəkirəm! Allah özü günahımdan keçsin, gəl belə edək, sabahdan siz bu idarədə mühəndis vəzifəsində işləyəcəksiniz!

- Yox, Yusif müəllim, inciməyin, təklifinizlə razılaşa bilmərəm. Əgər işim sizi qane etmirsə, elə bu dəqiqə çıxıb gedə bilərəm. Onsuz da Naib müəllim bilsə ki, burada işləyirəm, aləmi bir-birinə qatacaq!

- Narahat olma, əzizim, Naibə bu söhbəti çadıranmı var? Onda gəl belə danışaq, siz hər həftənin altıncı-bazar günləri gəlib buxalteriya işlərində bizə kömək eləyin və söhbətimiz də elə buradaca bitsin!..

İstəsəm də, istəməsəm də razılaşmalı oldum, əlacım nə idi! Üstümə kölgəsi düşən səfaləti ayaqlayıb keçməli idim!..

Sonra o, qoluma girib mənimlə birlikdə qapının ağzındakı beton döşəmənin üstündə dayanaraq ucadan dedi:

- Əəə, Hənifə, bayaq İsmayıl müəllimi çağıranda, tikanlı sözlərini eşitdim. Sənin kimilər fəxr etməlidir ki, belə bir adamla üç aydan bəri bir yerdə işləyir. İsmayıl müəllim, sənin kimi sözünün dalını-qabağını bilməyən birisi deyil e, tanınmış qələm sahibidir, özü də lap əlasından!

Bu sözləri eşidəndə üç ay ərzində köntöylüyü ilə məni boğaza yığan bu armudboğaz kişi hamıdan qabaq yüyürüb boynumu qucaqladı:

- Sən Allah, müəllim, məni bağışla, bir qələtdi eləmişəm!

- Mən bağışladım, Hənifə, qoy Allah bağışlasın, danışanda, həmişə sözü ağzında bir az “bişirib” çıxar!..

P.S. Ulu dədələrimiz: “Yaman günün ömrü uzun olmaz”, - deyiblər. Aradan dörd ay keçəndən sonra Yusif müəllimlə və fəhlə dostlarımla sağollaşıb “Səda” qəzetində fəaliyyətimi davam etdirməklə, Mingəçevirdə 93-cü ildən fəaliyyət göstərən özəl institutda əvvəlcə ayda bir dəfə nəşr olunan “Zəka” qəzetinin redaktoru, iki ildən sonra isə mədəni-kütləvi tədbirlərin hazırlanıb, həyata keçirilməsi məqsədilə yaradılan Bədii Şuranın sədri vəzifələrində çalışdım...

P.P.S. 2001-ci ildə institut bağlanandan sonra mənə Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialında münasib iş təklif olunsa da, bundan imtina edərək, 1999-cu ilin oktyabr ayında yaradılan AYB-nin Mingəçevir bölməsinə (ictimai əsaslarla) rəhbərlik etməklə yanaşı, qəzetçilik fəaliyyətimi 2019-cu ilin sentyabr ayının əvvəlinə kimi davam etdirdim...

25 sentyabr 2022-ci il