Rəsmi Bakı Makronun ittihamlarını RƏDD ETDİ
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Fransa prezidenti Emmanuel Makronun 12 oktyabr 2022-ci il tarixli müsahibəsində Azərbaycana qarşı söylədiyi fikirləri şərh edib.
Azlist.az xəbər verir ki, nazirliyin şərhində deyilir:
“Fransa Respublikasının Prezidenti Emmanuel Makronun sözügedən müsahibəsində Azərbaycana qarşı yönələn, daha çox daxili auditoriyaya hesablanmış, tamamilə birtərəfli və açıq şəkildə Ermənistanı müdafiə edən fikirləri qəbuledilməzdir və Fransa dövlət başçısının Azərbaycana qarşı səsləndirdiyi əsassız ittihamları rədd edirik.
Fransa Prezidenti məhz o dövlət başçısıdır ki, Ermənisanın Azərbaycan ərazilərini 30 ilə yaxın işğal atında saxlaması, bu torpaqlardakı qanunsuz fəaliyyəti, beynəlxalq hüququn fundamental prinsiplərini heçə sayaraq Azərbaycanın ərazi bütövlüyünü və yüz minlərlə azərbaycanlının hüquqlarını kobud şəkildə pozması, BMT TŞ-nin qətnamələrini yerinə yetirməməsi barədə, ölkəsi Minsk Qrupunun həmsədri omasına rəğmən bir kəlmə də olsun söz deməyib. Fransa Prezidenti, təəssüf ki, bu günədək Ermənistan tərəfindən üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməməsi, Azərbaycan ərazilərində minalar basdırmaqla bölgədəki təhlükəsizliyə hədə törətməsi barədə də susur.
Azərbaycan öz növbəsində, hazırda Minsk Qrupunun fəaliyyət göstərməsinin qeyri-mümkünlüyünü nəzərə alaraq, Fransa Prezidentinin iki ölkə arasında münasibətlərin normallaşması prosesində vasitəçilik təşəbbüslərinə yox deməyib və bu günədək E.Makronun vasitəçiliyi ilə 4 fevral 2022 və 6 oktyabr 2022-ci il tarixlərində dördtərəfli görüşlər baş tutub. Ancaq Fransa Prezidentinin Azərbaycana qarşı səsləndirdiyi fikirlər onun vasitəçilik səylərinin neytrallığını və qərəzsizliyini ciddi sual altında alır.
Azərbaycanın bölgədə sülh, sabitlik və inkişafı təmin etmək, beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında münasibətləri normallaşdırmaq cəhdləri qarşılığında Fransanın birtərəfli mövqeyi və əsassız ittihamları bu ölkənin vasitəçlik səylərinin bir daha nəzərdən keçirilməsini labüd edir”.
Xatırladaq ki, Makron “France 2” telekanlına müsahibəsində anti-Azərbaycan və qatı ermənipərəst mövqeyindən çıxış edib.
Makron müsahibəsində Qarabağı “mübahisəli ərazi” adlandıraraq deyib ki, bu bölgə Ermənistanın “ürəyidir”.
Fransa prezidenti bir az da irəli gedərək, Azərbaycanın Qarabağı “dəhşətli müharibə” apararaq “işğal" etdiyini söyləyib. O, Ermənistanı sona qədər tək qoymayacaqlarını bəyan edib.
Makron Azərbaycanın Avropaya qaz satmasının heç bir güzəştə əsas vermədiyini də vurğulayıb:
“Fransa Azərbaycandan qaz almır, bir neçə Avropa ölkəsi ilə qaz razılaşmaları var. Mən Fransa və Avropanın mövqeyi haqda deyə bilərəm ki, “bizim dəyərlərimiz və prinsiplərimiz” nə qazla, nə neftlə satın alınır”, - Makron deyib.
Fransa Prezidenti Rusiyanı qəsdən Ermənistan və Azərbaycan arasında gərginlik yaratmaqda da ittiham edib:
“Son iki ildə sərhəddə nə baş verib? 5 min rus əsgəri guya sərhədi qorumaq üçün ordadır, amma ruslar bu münaqişədən istifadə edərək Türkiyə ilə oyun qurdu və vaxtilə onlara yaxın olan Ermənistanı zəiflətdi. Nə baş verdiyini görürsünüzmü? Rusiya sabitliyi pozmağa çalışır. Bu ölkə sabitliyi pozmaq üçün Qafqazda xaos yaratmaq istəyir”, – deyə Makron bildirib.