Yazar

“Ermənistanın paytaxtı Bakı şəhəri...” - Azərbaycan buna görə QALİB GƏLDİ

“Ermənistanın paytaxtı Bakı şəhəri...” - Azərbaycan buna görə QALİB GƏLDİ
18Sentyabr 202316:26

Henri Kissincer: “Neftə nəzarət edən dünyanı idarə edir”

Türkiyəli siyasi analitik Mustafa Caner https://politicstoday.org/ saytında maraqlı bir məqalə ilə çıxış edir. “Is War at the Door? Iran and the Azerbaijan-Armenia Tensions” (Müharibə Qapıdadır? İran və Azərbaycan-Ermənistan Gərginliyi) adlı məqalədə deyilir ki, 2020-ci ildə Qarabağın təxminən 30 illik erməni işğalından azad edilməsindən sonra regionda hələ də sabit idarəçilik strukturu yaradılmayıb. Bu məsələ, şübhəsiz ki, mürəkkəbdir və əsas tərəflərdən kənarda çoxsaylı aktyorlar da var. Davam edən Bakı-İrəvan böhranı ilə yanaşı, bir tərəfdən Moskva ilə İrəvan, digər tərəfdən isə Bakı ilə Tehran, Ankara və Tehran arasında gərginlik yaranıb, bütün bunlar isə regional qeyri-sabitliyə səbəb olub.

Analitik onu da vurğulayır ki, İran Azərbaycanla genişmiqyaslı münaqişəyə girəcək vəziyyətdə deyil. O, yalnız danışıqlarda mövqeyini gücləndirmək üçün qeyri-sabitlik toxumu səpməkdə maraqlıdır. Öz tərəfimdən onu da əlavə edim ki, Cənubi Qafqaz tarixən fərqli imperiyaların döyüş meydanı olub. İndi də belədir. Problem ondadır ki, Cənubi Qafqaz üç böyük və tarixi imperiyanın ortasındadır. Hazırda Türkiyədə 85 milyon, İranda 87.5 milyon və Rusiyada isə 147 milyon insan yaşayır. Cənubi Qafqazdakı ölkələr isə çox kiçikdir. Düşünün ki, Ermənistanda 3 milyona yaxın, Gürcüstanda 3.7 milyon, Azərbaycanda isə 10 milyon əhali var. Tarixən də belə olub ki, böyük ölkələr kiçik ölkələri basqı altında saxlayıb. Bölgəmizdə vəziyyət belədir ki, Ermənistan dünənə kimi strateji müttəfiq olduğu Rusiya və İrandan uzaqlaşıb Qərbə can atır. Dünənə qədər Qərbpərəst ölkə kimi tanınan Gürcüstan indi Rusiyaya meyllənir. Azərbaycan isə fərqli tərəflərlə öz maraqlarını təmin etmək şərti ilə münasibətlər sistemi yaratmağa çalışır.

O da birmənalıdır ki, Azərbaycanın əsas müttəfiqi Türkiyədir. Bu seçim qan yaddaşına söykənir. Azərbaycanın Orta Asiyada olan türk dövlətləri ilə sıx münasibətləri də minilliklərin sınağından çıxıb. Ermənistan və Gürcüstanın isə belə bir şansı yoxdur. Bu xalqlar ittifaqa girdiyi dövlətlər tərəfindən həmişə tərk edilə bilər. Çünki onlara qanı qanından, canı canından olan qohum xalq yoxdur. Azərbaycan işğal olunmuş torpaqlarını azad edib. Hazırda regional əməkdaşlığı təşviq edir. Azərbaycanın təklif etdiyi “3+3” formatı bütün qonşularla əməkdaşlığa yönəlib. Yəni Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, İran və Rusiya daha çox iqtisadi müstəvidə bir araya gəlirlər. Bu isə bölgədə siyasi sabitliyə təkan verir.

Türkiyəli analitikin şərhində kənardan olan yabançı aktyorlardan da bəhs edilir. Əlbəttə, bu məsələ də Cənubi Qafqazda münasibətlərin formalaşmasına son dərəcə ciddi təsir edir. Məsələn, hazırda ABŞ, Kanada, Fransa, Avropa İttifaqı, Çin, Hindistan... Cənubi Qafqazda öz maraqlarını qorumaq üçün hərəkətə keçiblər... Ancaq bununla da iş bitmir. Belə ki, Cənubi Qafqazda münasibətlərin formalaşmasına neft və qaz amili də təsir edir. Özü də kəskin şəkildə. Düzdür, bu amil haqqında az danışılır. Ancaq bu amilin dominant xarakter daşıdığını kimsə inkar edə bilməz. Bu yazımızda biz daha çox bu amilə diqqət çəkməyə çalışacağıq.

Oradan başlayım ki, biz bu gün tutaq ki, “The New York Times” qəzetində “Ermənistanın paytaxtı Bakı şəhərində”, deyə bir xəbər oxuya bilərdik. İlk baxışda inanılmaz görünsə də, bunu reallığa çevirməyə çalışan güclər olub. Bu məsələyə aşağıda aydınlıq gətirəcəm. Hələlik isə məsələnin önəmini qabartmaq üçün bir fakta toxunum:

Nelson Rokfellerin (milyarder, neft biznesindən ağlasığmaz varidat qazanan Rokfeller ailəsinin üzvü (Amerikanın və dünyanın ən zəngin ailələrindən biri, bəlkə də birincisi, o, həm də 1974–1977-ci illərdə Amerika Birləşmiş Ştatlarının 41-ci vitse-prezidenti və 1959–1973-cü illərdə Nyu-Yorkun 49-cu Qubernatoru kimi xidmət etmişdir)) himayədarı olan Henri Kissincerin dediyi kimi, “Neftə nəzarət edən dünyanı idarə edir”. Buna görə də dünyanın ən güclü iki neft dövləti olan Rusiya və ABŞ uzun müddət həm də super-dövlət statusunda olub. ABŞ hələ də bu statusu qoruyub saxlayır. Amerika neftin gücünü özünün güclənməsinə istiqamətləndirə bilib. Belə ki, II Dünya Müharibəsindən az sonra Amerikanın təkidi ilə dünya bazarında neft yalnız dollara satılmağa başladı. Hələ də bu proses davam edir. Dolların dominant mövqeyinə qarşı çıxanları isə məsələn, Liviya diktatoru Müəmmər Qəddafi kimilərini isə Amerika aradan götürdü. Ancaq dollara qarşı müqavimət göstərənlər hələ də var.
II Dünya müharibəsi zamanı faşist Almaniyasının Bakını işğal etməyə xüsusi səy göstərməsi də təsadüfi deyildi. Hitlerə öz imperiya xəyallarına varmaq üçün Bakı nefti lazım idi.
Hə, Amerika Birləşmiş Ştatlarının 28-ci prezidenti Tomas Vudro Vilson (1913-1921) ermənilərin ən böyük himayədarlarında biri kimi tarixə keçib. Tarixdə “Vilson Ermənistanı” adlı bir ifadə var. Amerika prezidentinin planına əsasən, Sevr Müqaviləsinə görə Osmanlı vilayəti olmuş Ərzurum, Bitlis, Van və Trabzon birinci Ermənistan Respublikası qurulması üçün ermənilərə verilirdi. Cənab Vilson o qədər qudurmuşdu ki, Bakını da Ermənistanın tərkib hissəsi kimi görmək istəyirdi. Ancaq Qərb ölkələrinin dəstək verdiyi bu plan baş tutmadı. Birincisi, Atatürk adıçəkilən ərazilərin ermənilərə verilməsinin qarşısını silah gücünə aldı. İkincisi, bolşeviklərin iqtidara gəlişi Qərbin arzusunu gözündə qoydu. Çünki Sovet Rusiyasına da Bakının nefti hava-su kimi lazım idi. Qərblə Sovet Rusiyasının üz-üzə gəlməsi Bakının ermənilərə verilməsinin qarşısını aldı. O vaxt amerikalı diplomatlardan biri belə demişdi: “Bunun belə olması (yəni Bakının əldən çıxması) Ermənistan üçün çox pis oldu, daha Ermənistanın nefti olmayacaq”.

Ümumiyyətlə, I Dünya müharibəsindən sonra Qərbdə hər kəs başa düşdü ki, sənayenin, eləcə də hərb maşının sürətli inkişafı üçün neft lazımdır. 1940-1945 və 1951-1955-ci illərdə Böyük Britaniyanın baş nazir olmuş ser Vinston Çörçill hələ 1911-ci ildə demişdi ki, Britaniyanın kifayət qədər neft əldə etməsi üçün “dəniz qədər bəlalarla mübarizə aparmalı” olacağıq. O vaxt Britaniyanın kifayət qədər kömürü vardı. Ancaq ölkəyə neft lazım idi. Ona görə də 1930-ci ildə Britaniya İraqı işğal etdi və yerli neftə əl qoydu. 2002-ci ildə Amerikada məşhur olan “Nightline” proqramının aparıcısı Ted Koppel Xəzər dənizini Türkiyənin Aralıq dənizindəki Ceyhan limanına birləşdirən Bakı-Tbilisi-Ceyhan boru kəməri (BTC) haqqında məlumat verdi. O zamanlar Xəzər dənizinə prezident Corc Buş və Dik Çeyni kimi siyasətçilər yeni Yaxın Şərq kimi baxırdılar. Koppelin fikrincə, BTC boru kəməri “ABŞ-ın Mərkəzi Asiya və Qafqazda milli təhlükəsizlik maraqlarının lövbərinə çevrildi ki, bu da Amerika siyasətinin hədəfləri sırasında mərkəzdə dayanır; bu, Xəzər neftinin Avropaya fasiləsiz nəqli deməkdir”.

O da bəllidir ki, Avropadakı Rusiya boru kəmərlərini bəzi analitiklər "İmperiya üçün boru kəmərləri" adlandırırdı. Müasir Rusiyanın Avropaya ən güclü təsir vasitəsi də elə Avropaya uzanan neft və qaz kəmərləri idi. İndi Amerika Rusiya neft və qazının Avropaya satışını yasaqlamaqla rəsmi Moskvanı bu təsir vasitəsindən mərhum etməyə çalışır. Onu da xatırladım ki, Amerika bir dəfə bu üsuldan istifadə edərək SSRİ-ni dağıtdı. Amerika Səudiyyə Ərəbistanının əli ilə süni şəkildə dünya bazarında neftin qiymətini kəskin şəkildə aşağı saldı. Xeyli davam edən bu proses SSRİ-ni yaman günə qoydu. İndi də Amerika Rusiyanı bu yolla sıradan çıxarmaq istəyir.

Hazırda da neft+qaz dünya siyasətində önəmli rol oynayır. Azərbaycanın neft və qaza, üstəlik neft və qazı Avropaya nəql edən kəmərlərə sahib olması bizə böyük üstünlüklər verir. Sirr deyil ki, Bakı neft+qazı olmasaydı, Azərbaycan işğal altındakı torpaqların azad edə bilməzdi. Düşünün ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən xeyli çoxdur. Bu tərəfdən də ABŞ hər il Azərbaycana hərbi yardım kimi 100 milyon dollar verir. Ermənilər prezident Donald Trampdan son dərəcə narazı idi. Çünki o, erməni lobbisini heç vecinə də almırdı. Ermənipərəst Co Bayden prezident seçiləndə ermənilər toy-bayram edirdi. 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan 907-ci düzəlişin qəbulunda Co Baydenin xüsusi rolu olmuşdu. Azərbaycan torpaqları işğal olunduğu bir dönəmdə ABŞ erməni işğalına dəstək verərək Azərbaycana qarşı belə bir yaramazlıq etdi...

Co Bayden prezident seçiləndən sonra Amerika qondarma “erməni soyqırımı”nı tanıdı. Ermənilər ümid edirdi ki, ABŞ hər il Azərbaycana ayırdığı 100 milyon dollarlıq hərbi yardımı dayandıracaq və həmin yardım Ermənistana veriləcək. Ancaq hələ ki Co Bayden administrasiyası belə bir addım atmayıb. Heç atacağı da gözlənilmir. Amerikanın hərbi maraqlarının müdafiəçisi olan Pentaqon buna imkan vermir. Avropa İttifaqının Trans-Anadolu Qaz Boru Kəmərinə xüsusi marağı da diqqətdən yayınmamalıdır. Təsadüfi deyil ki, 2019-cu ildə tamamlanan bu kəmərin tikintisinə Avropa Yenidənqurma və İnkişaf Bankını 500 milyon dollar sərmayə qoymuşdu. Avropanın enerji təchizatında həm Qərbə, həm də Rusiyaya kömək etmək kimi bir missiya hazırda Tayyib Ərdoğanın üzərinə düşüb. Bu isə Türkiyəyə hər iki tərəfdə güclü mövqeyə qazandırıb. Belə görünür ki, nə ABŞ, nə də Rusiya Türkiyə və neft və qazla zəngin Azərbaycanla münasibətlərinə xələl gətirmək istəmir. Üstəlik, Qərb onu da yaxşı bilir ki, Orta Asiyadakı Türk dövlətlərində daha çox neft və qaz var. Onlar da öz təbii sərvətlərin Azərbaycan və Türkiyə üzərindən Avropaya nəql etməkdə son dərəcə maraqlıdır.

Neft və qazdan danışıb Azərbaycanın digər təbii sərvətlərinin üstündən sükutla keçmək yanlış olardı. Məsələn, Azərbaycana Avropa Yenidənqurma və İnkişaf Bankından daha çox sərmayə qoyan şirkətlər də var. Qərb mənbələri yazır ki, Britaniya və ABŞ-a bağlı “Anglo Asian Mining Company” Azərbaycandakı yataqlara giriş əldə etmək üçün 3 milyard dollarından keçib. Bəzi məlumatlara görə, John Henry Sununu bu şirkətin 9,8 faizinə sahiblik edir. O və onun ailəsinin Amerikanın siyasi dairələrinə ciddi təsir imkanları var. Erməni işğalı altında olan yataqlar da hazırda “Anglo Asian Mining Company” şirkətinə məxsusdur. Bu müqavilə parlamentdə də təsdiq olunub.

Elbəyi Həsənli,
Sürix

Müəllifin digər yazıları

Erməni müxbirdən inanılmaz etiraflar... “Nədən kompromisi yox, müharibəni seçdik?”

Erməni müxbirdən inanılmaz etiraflar... “Nədən kompromisi yox, müharibəni seçdik?”

Qərb mətbuatında Azərbaycan və Ermənistanla bağlı gedən yazıları yaxından izləməyə çalışıram. Hazırda təmas xəttində sakitlik olsa da, tərəflər arasında informasiya müharibəsi fasiləsiz davam edir. İnformasiya müharibəsinin isə əsgərləri jurnalistlərdir. Bu yazımda bir erməni

Nadir şah Əfşar - Napoleonun sevimlisi, Stalinin müəllimi...

Nadir şah Əfşar - Napoleonun sevimlisi, Stalinin müəllimi...

Çobanlıq edib kürk tikən atası öləndən sonra 13 yaşında odun toplayıb satmaqla özünü və anasını dolandıran bir oğlan vardı.

Bir neçə il sonra-1704-cü ildə Xarəzm özbəkləri Xorasan vilayətinə basqın etdi. Çox sayda adam öldürüldü. Onlarla adam, o cümlədən 17 yaşlı oğlan və

İran-İsrail müharibəsində ərəb ölkələri kimin tərəfin tutacaq?

İran-İsrail müharibəsində ərəb ölkələri kimin tərəfin tutacaq?

Amerikanın əli tətikdədir, Böyük Britaniya və Fransa isə...ABŞ-a bağlı “atlanticcouncil.org” saytında gedən “Which side will Arabs take in an Iran-Israel war?” (İran-İsrail müharibəsində ərəblər hansı tərəfi tutacaq?) adlı məqalədə gedib.

Aydındır ki, islam ölk

Ermənistan da Amerikanı məyus edə bilər

Ermənistan da Amerikanı məyus edə bilər

ABŞ-da 1933-cü ildən fəaliyyətdə olan həftəlik “Newsweek ” nəşri son dərəcə populyardır.

Düşünün ki, elə aylar olub ki, bu jurnalı 100 milyondan çox adam oxuyub. Belə bir mötəbər nəşrdə Joseph Epstein-ın “How the U.S. Should Win Over Armenia” (Amerika Ermənistanı (qəlbini)

İranda yenidən Türk erası BAŞLAYIR

İranda yenidən Türk erası BAŞLAYIR

Britaniyanın "The İndependent" qəzeti Məsud Pezeşkianın İran prezidenti seçilməsi ilə bağlı yazır: "2022-ci ildə Məhsa Əmininin ölümündən sonra İranın millət vəkili Məsud Pezeşkian yazmışdı: "İslam Respublikasında bir qızın hicabına görə həbs edilməsi, sonra isə meyitinin ailəsinə təhvil verilməs