Yazar

Azərbaycan hərəkətə keçir... - SENSASİON YAZI

Azərbaycan hərəkətə keçir... - SENSASİON YAZI
26Sentyabr 202313:17

Qarabağ savaşında Ermənistandan sonra uduzan İran və Rusiyadır

Çinin "asiatimes.com" saytı yazır ki, Cənubi Qafqazda bir müharibə bitdi, növbəti müharibəyə hazırlıq gedir. Azərbaycan indi də Ermənistanla növbəti mübahisəli məsələni həll etmək üçün hərəkətə keçə bilər. Söhbət “Naxçıvan dəhlizi”nin (“Zəngəzur dəhlizi” nəzərdə tutulur)  açılmasından gedir:

“Lakin Dağlıq Qarabağdan fərqli olaraq, Ermənistanın cənubundan açılası dəhliz İran, Rusiya, Türkiyə və hətta potensial olaraq İsrail üçün geosiyasi xəritənin yenidən cızılması deməkdir. Eyni zamanda bu, region üçün ciddi nəticələrə səbəb olacaq”.

Məqalənin müəllifi Nikola Mikoviç yazır ki, sözügedən dəhliz Ermənistanın İranla həmsərhəd yeganə hissəsi olan Sünik vilayəti üzərindən keçdiyi üçün Ermənistan onun İran bazarına çıxışının təhlükə altına düşdüyünü zənn edir. Azərbaycan isə təkcə Naxçıvana deyil, həm də NATO üzvü Türkiyəyə birbaşa marşrut qazanır. İran isə şimal sərhədlərinin türk dövlətləri ilə mühasirəyə düşdüyünü görür.

İran bu layihəni Şimali Atlantika Müqaviləsi Təşkilatını türk xalqlarının qədim vətəni olan Turan çölü ilə birləşdirən dəhliz yaratmaq məqsədi daşıdığını düşünür və Türkiyənin rəhbərlik etdiyi bu layihəni özünə qarşı sui-qəsd hesab edir. NATO-nun İranın şimal sərhədinə gətirilməsi Tehranın Cənubi Qafqazdakı mövqeyini zəiflədir və İranın mövcudluğu üçün təhlükə yaradır. Buna görə də İran hakimiyyəti dəfələrlə regional sərhədlərin dəyişdirilməsinə dözməyəcəklərini bildirib və bu məsələni İranın “qırmızı xətti” adlandırıb.

İran həmçinin İsrailin son hadisələrdən istifadə edərək strateji əhəmiyyətli regionda mövqelərini gücləndirə biləcəyindən narahatdır.

 2016-2020-ci illər arasında Azərbaycanın silah idxalının 69%-i yəhudi dövlətindən olub və İsrailin İranın nüvə obyektlərinə zərbələr endirmək üçün Azərbaycandakı hava bazalarından istifadə edə biləcəyi ilə bağlı şayiələr çoxdan yayılıb. İran yaxşı bilir ki, “Naxçıvan dəhlizi”  çəkilsə, Tehran Qarabağ münaqişəsində uduzan (Ermənistandan sonra) ikinci ən böyük ölkəyə çevriləcək.

Rusiya isə Qarabağda aldığı yaralarını yalayır. 2020-ci il atəşkəs çərçivəsində Rusiya sülhməramlılarının bölgəyə yerləşdirilməsinə baxmayaraq, Moskva Azərbaycanın irəliləyişini dayandıra bilmədi, erməni qüvvələrinin tərksilah edilməsinə və mülki ermənilərin Azərbaycana inteqrasiyasına mane ola bilmədi.

Əslində, Moskvanın Ermənistana bağlılığı çoxdan şübhə doğururdu. 2020-ci ildə Ermənistanın Azərbaycana uduzmasından sonra məlum oldu ki, Kreml Rusiyanın Bakı ilə gəlirli enerji əlaqələrinin təhlükə altına düşəcəyi təqdirdə, İrəvanın Qarabağdakı maraqlarını müdafiə etməyəcək. Sentyabrın 20-də Azərbaycanın Qarabağda keçirdiyi antiterror tədbirləri zamanı bir neçə rus hərbçi, o cümlədən yüksək rütbəli komandir öldürülüb. Kreml buna heç nə demədi. Üç il əvvəl, II Qarabağ müharibəsi zamanı Azərbaycan ordusu Ermənistan səmasında Rusiyaya məxsus Mi-24 hərbi helikopterini vurdu, iki ekipaj üzvü həlak olub. Moskva onda da susmuşdu.

Moskvanın dəstəyinə arxalana bilməyəcəyini dərk edən Ermənistan Rusiyadan uzaqlaşmağa və təkcə əzəli düşməni Azərbaycanla deyil, Türkiyə ilə də münasibətləri normallaşdırmağa çalışır. Bundan əlavə, Ermənistan ABŞ-la siyasi, iqtisadi və hərbi əlaqələr qurmağa çalışır və bunun regionda mövqelərini gücləndirəcəyinə ümid edir. Bu yaxınlarda hər iki tərəfin birgə hərbi təlim keçirməsi, Kremlin Ermənistanı öz təsir dairəsində saxlamaqda çətinlik çəkəcəyini bir daha sübut etdi.

Beləliklə, Azərbaycanın Qarabağdakı son qələbəsi nəticəsində Qərb və Türkiyə sonda Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxara, Kremli Qarabağ savaşında uduzan üçüncü ölkəyə çevirə bilər. Ukrayna bataqlığına batmış Moskva, görünür, xalqının kənar dəstəyə möhtac olduğu keçmiş sovet dövləti Ermənistanı qoruya bilmir.

Qarabağ münaqişəsinin sona çatması Cənubi Qafqazda yeni təlatümlü eranın başlanğıcı olacaq. Azərbaycan İsrail və Türkiyə ilə müdafiə sahəsində sıx əməkdaşlığı inkişaf etdirməyə davam edəcək, Ermənistan isə silah idxalını şaxələndirməyə, Moskvadan asılılığına son qoymağa və ABŞ, İran və hətta Hindistanla hərbi əlaqələri gücləndirməyə cəhd edə bilər. Başqa sözlə, Azərbaycanla Ermənistan arasında bir münaqişə tezliklə həll oluna bilsə də, xüsusi önəmi olan “Naxçıvan dəhlizi” uğrunda mübarizə yeni başlayır.

Elbəyi Həsənli, Sürix

Müəllifin digər yazıları

Erməni müxbirdən inanılmaz etiraflar... “Nədən kompromisi yox, müharibəni seçdik?”

Erməni müxbirdən inanılmaz etiraflar... “Nədən kompromisi yox, müharibəni seçdik?”

Qərb mətbuatında Azərbaycan və Ermənistanla bağlı gedən yazıları yaxından izləməyə çalışıram. Hazırda təmas xəttində sakitlik olsa da, tərəflər arasında informasiya müharibəsi fasiləsiz davam edir. İnformasiya müharibəsinin isə əsgərləri jurnalistlərdir. Bu yazımda bir erməni

Nadir şah Əfşar - Napoleonun sevimlisi, Stalinin müəllimi...

Nadir şah Əfşar - Napoleonun sevimlisi, Stalinin müəllimi...

Çobanlıq edib kürk tikən atası öləndən sonra 13 yaşında odun toplayıb satmaqla özünü və anasını dolandıran bir oğlan vardı.

Bir neçə il sonra-1704-cü ildə Xarəzm özbəkləri Xorasan vilayətinə basqın etdi. Çox sayda adam öldürüldü. Onlarla adam, o cümlədən 17 yaşlı oğlan və

İran-İsrail müharibəsində ərəb ölkələri kimin tərəfin tutacaq?

İran-İsrail müharibəsində ərəb ölkələri kimin tərəfin tutacaq?

Amerikanın əli tətikdədir, Böyük Britaniya və Fransa isə...ABŞ-a bağlı “atlanticcouncil.org” saytında gedən “Which side will Arabs take in an Iran-Israel war?” (İran-İsrail müharibəsində ərəblər hansı tərəfi tutacaq?) adlı məqalədə gedib.

Aydındır ki, islam ölk

Ermənistan da Amerikanı məyus edə bilər

Ermənistan da Amerikanı məyus edə bilər

ABŞ-da 1933-cü ildən fəaliyyətdə olan həftəlik “Newsweek ” nəşri son dərəcə populyardır.

Düşünün ki, elə aylar olub ki, bu jurnalı 100 milyondan çox adam oxuyub. Belə bir mötəbər nəşrdə Joseph Epstein-ın “How the U.S. Should Win Over Armenia” (Amerika Ermənistanı (qəlbini)

İranda yenidən Türk erası BAŞLAYIR

İranda yenidən Türk erası BAŞLAYIR

Britaniyanın "The İndependent" qəzeti Məsud Pezeşkianın İran prezidenti seçilməsi ilə bağlı yazır: "2022-ci ildə Məhsa Əmininin ölümündən sonra İranın millət vəkili Məsud Pezeşkian yazmışdı: "İslam Respublikasında bir qızın hicabına görə həbs edilməsi, sonra isə meyitinin ailəsinə təhvil verilməs