Yazar

Ermənistanla Azərbaycan arasında davamlı sülh ola bilərmi?

Ermənistanla Azərbaycan arasında davamlı sülh ola bilərmi?
31Oktyabr 202315:12

Qərbə bağlı “carnegieendowment.org” saytında Karneqi Beynəlxalq Sülh Fondunun təhlilçisi Kirill Krivosheev “Can There Be Lasting Peace Between Armenia and Azerbaijan?” (“Ermənistanla Azərbaycan arasında davamlı sülh ola bilərmi?”) adlı məqalə ilə çıxış edib.

Müəllif yazır ki, “keçən ay Azərbaycan uzun müddətdir mübahisəli etnik erməni anklavı olan Dağlıq Qarabağ üzərində nəzarəti ələ keçirmək üçün güc tətbiq edib, demək olar ki, Qarabağın bütün erməni əhalisini öz yurdundan didərgin salıb. Belə görünə bilər ki, onların ölkəni tərk etməsi Azərbaycan və Ermənistan arasında hərtərəfli sülh sazişinə zəmin yaradıb: axı, ermənilərin regionda mövcudluğu artıq siyasi faktor deyilsə, mübahisə etməyə elə bir səbəb qalıbmı? Lakin iki ölkə arasında münaqişənin yeganə mənbəyi Qarabağ deyildi. Bunun arxasında başqa ərazi mübahisələri də dayanır. Sentyabrda baş tutan bir günlük müharibədən əvvəl sazişin Rusiya və ya Qərbin şərtləri ilə imzalanması ilə bağlı müzakirələr gedirdi. İndi aydın görünür ki, hər iki variant ortadan qalxıb. Əvəzində Azərbaycan öz şərtlərini müəyyən edəcək və müqavilənin harada imzalanacağına qərar verəcək. Bu ay Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev sülh sazişi üzrə danışıqlar aparmaq üçün iki fürsəti əldən verdi. Birincisi, Avropa liderlərinin oktyabrın 5-də İspaniyada keçirilən sammitində Paşinyan və Əliyevin bir günlük müharibədən sonra ilk dəfə görüşəcəyi gözlənilirdi. Əliyev və Paşinyan bundan əvvəl iki dəfə sammitdə, hər ikisi Fransa prezidenti Emmanuel Makron və Avropa Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə görüşüb. Lakin bu dəfə İlham Əliyev İspaniya getməkdən imtina etdi. Makronun ermənipərəst ritorikası onu Bakı üçün arzuolunmaz vasitəçiyə çevirib. Bu imtina həm də bir günlük müharibədən sonra Ermənistanı silahla təmin etməyi müzakirə edən Fransa hökumətinə qarşı İlham Əliyevin demarşı idi. Ancaq İlham Əliyevin imtinası Paşinyanın İspaniyaya getməsinə və Azərbaycanın ərazi bütövlüyünü tanıyan bəyannamə imzalamasına mane olmadı. O, ötən il Praqada Əliyevin iştirakı ilə oxşar sənəd imzalamışdı, lakin bu dəfə mətndə Azərbaycanın ərazisi 86 min 600 kvadrat kilometr göstərilib: başqa sözlə, bura təkcə Qarabağ deyil, sovet dövründə mövcud olan digər Azərbaycan anklavları da (7+1 kəndlər nəzərdə tutulur) daxildir. Bir neçə gün sonra Qırğızıstanın paytaxtı Bişkekdə Müstəqil Dövlətlər Birliyinin sammitində rollar dəyişdi: İlham Əliyev sammitdə iştirak etdi, Paşinyan isə tədbirə qatılmadı. Ermənistanın xarici işlər naziri də həmkarları ilə görüşdə iştirak etmədi, o, öz yerinə tədbirə müavinin göndərdi. Bu, Ermənistan və Azərbaycanın yüksək səviyyəli diplomatları arasında görüş təşkil etməyi planlaşdıran Moskvaya qarşı hörmətsizlik idi. Bu görüş Azərbaycanın maraqlarından daha çox Rusiyanın marağında idi. Lakin İlham Əliyev Ermənistanı bir daha sülh sazişini sabotaj etməkdə ittiham etmək üçün daha bir arqument qazandı”.

Müəllif bir daha vurğulayır ki, gələcək sülh müqaviləsinin mahiyyəti artıq 19 sentyabr hadisələri ilə müəyyənləşib.

Qarabağın statusu uzun müddətdir ki, Rusiya və Qərb vasitəçiləri arasında mübahisə doğururdu - artıq bu mövzusu gündəmdən çıxıb. Ermənilərin hesablamalarına görə, Qarabağda cəmi 40-a yaxın erməni qalıb. Bu arada Bakı bildirir ki, 98 erməni onların Azərbaycana inteqrasiyasını təmin edəcək sənədlər üçün müraciət edib. Qərb Azərbaycanı güc tətbiqinə görə tənqid etməkdə davam edir və ermənilərin öz evlərinə qayıtmaq hüququnda israrlıdır. Amma Bakı vəziyyətə nəzarət edir və hansı vasitəçini bəyənirsə, onu seçə bilər.

Müqavilənin Rusiya və Qərb layihələri əvəzinə, harada imzalanmasından asılı olmayaraq, indi yalnız bir - Azərbaycan layihəsi ortadadır. Qafqaz regionunun suverenliyini təsdiq edərək və kənar oyunçuların təsirini məhdudlaşdırmaqla qonşu Gürcüstanda Ermənistan-Azərbaycan sazişinin imzalanması da mümkün görünür.

Digər sual isə Qarabağdakı Rusiya sülhməramlılarının taleyi ilə bağlıdır. Ruslar hazırda bir-birinin ardınca zastavalarını bağlayırlar.

Bişkekdə Vladimir Putin Rusiya sülhməramlılarının hələ də Qarabağda qala biləcəyini bildirib.

Amma Bakının niyə belə bir güzəştə razı olduğu bəlli deyil. Paşinyan isə Ermənistanın Qarabağdan çıxacaq sülhməramlıları öz ərazisində qəbul etməyəcəyini bildirib. İki ölkə liderləri artıq iki görüş fürsətini əldən versə də, Paşinyan hələ də ilin sonuna qədər sazişin imzalanması ehtimalını 70 faiz səviyyəsində qiymətləndirir. Ən azı sərhəddə toqquşma ehtimalını azaltmaq üçün Ermənistan belə bir müqavilə imzalamalıdır, lakin bunun nə dərəcədə problemin həllinə kömək edəcəyi bəlli deyil. Hər iki tərəf bilir ki, Ermənistan-Azərbaycan sərhədində son atəş hələ açılmayıb.

Bakı Ermənistan, Türkiyə və İranla həmsərhəd olan Naxçıvanı Azərbaycanın qalan hissəsi ilə birləşdirməkdə israrlıdır. Hələlik Bakının bu məqsədlə genişmiqyaslı hərbi əməliyyat həyata keçirməsi ehtimalı azdır, lakin atışmalar eskalasiyaya və Ermənistanın növbəti güzəştlərinə səbəb ola bilər. Güzəştlər təkcə Naxçıvanla bağlı lazım olmayacaq. Sovet dövründə Ermənistanda səkkiz Azərbaycan anklavı, Azərbaycanda isə cəmi bir erməni anklavı var idi. Beləliklə, sadə bir mübadilə mümkün deyil. Üstəlik, Azərbaycan Yuxarı Əskipara və Bərxudarlı anklavlarına nəzarəti ələ keçirsə, Yerevan-Tbilisi yolunu kəsmək iqtidarında olacaq. Buna görə də qarşıda hələ çoxlu problemlər var...

Bakı-Naxçıvan dəhlizinin necə və kimlər tərəfindən istismar olunacağı da bəlli deyil. 2020-ci ildəki Azərbaycan-Ermənistan müharibəsindən sonra Rusiya, Ermənistan və Azərbaycanın birgə bəyanatına əsasən, dəhlizə Rusiya sərhədçiləri nəzarət edəcək. Amma indi Rusiya sülhməramlılarının Qarabağdan çıxarıldığı bir vaxtda bu, mümkün deyil. İrəvanla Moskva arasında münasibətlər ən aşağı səviyyədədir. Bakı da bundan istifadə edərək daha çox öz iradəsini diktə edir. Bu məsələlərin həlli illər çəkəcək və regionda güc dinamikasının dəyişməsindən asılı olacaq proseslər inkişaf edəcək.

Hələlik Azərbaycanla situasiyanı daha da gərginləşməkdən çəkindirən elementar sülh müqaviləsinin imzalanması Ermənistan üçün yaxşı nəticə olardı. Bakı bunu bilir və buna görə də hər hansı bir sənədi imzalamazdan əvvəl vəziyyətdən maksimum dərəcədə yararlanmağa-meyvənin son damla şirəsinə qədər sıxmağa çalışır. Bakıda yeni eskalasiya üçün bütün vasitələr var. Bunlardan biri “Qərbi Azərbaycan” iddiasıdır (Sovet dönəmində Ermənistanın həmin bölgəsində azərbaycanlılar yaşayıb). Bu məsələ dövlət mediasında və İlham Əliyevin çıxışlarında getdikcə daha çox yer alır. Ermənistanın Azərbaycana yeganə təsir rıçaqı xarici dəstəkçilərdən ibarətdir, Azərbaycanın Ermənistana təsir rıçaqı isə bölgədə mövcud olan qüvvələr nisbətinin birincinin xeyrinə ağırlığındadır...

Elbəyi Həsənli, Sürix

Müəllifin digər yazıları

İranda yenidən Türk erası BAŞLAYIR

İranda yenidən Türk erası BAŞLAYIR

Britaniyanın "The İndependent" qəzeti Məsud Pezeşkianın İran prezidenti seçilməsi ilə bağlı yazır: "2022-ci ildə Məhsa Əmininin ölümündən sonra İranın millət vəkili Məsud Pezeşkian yazmışdı: "İslam Respublikasında bir qızın hicabına görə həbs edilməsi, sonra isə meyitinin ailəsinə təhvil verilməs

“Biz çox xoşbəxtik ki, atam Məkkədə vəfat edib”

“Biz çox xoşbəxtik ki, atam Məkkədə vəfat edib”

“Valideynlərim 23 min dollar verib Həccə getmişdi”

"СNN" yazır ki, Həcc ziyarəti zamanı ölənlərin sayı 1.300 nəfəri keçib. Səudiyyə Ərəbistanı isə bəyan edib ki, ölənlərin sayı 1.301 nəfərdir.

Əhalisinə görə dünyanın ən böyük müsəlman ölkəsi olan İndoneziyadan (281

Gürcüstan Rusiya və İrana yaxınlaşır: Ermənistan Amerika və Fransadan yapışıb, biz isə...  

Gürcüstan Rusiya və İrana yaxınlaşır: Ermənistan Amerika və Fransadan yapışıb, biz isə...  

Avropa İttifaqına yaxınlığı ilə seçilən “eurasianet.org” saytında gedən “Georgia probing closer ties with Iran” (Gürcüstan İranla sıx əlaqələri ar

Tomas de Vaal valı dəyişmir: “Azərbaycan bir neçə saata Zəngəzuru götürə bilər...”

Tomas de Vaal valı dəyişmir: “Azərbaycan bir neçə saata Zəngəzuru götürə bilər...”

Karneqi Beynəlxalq Sülh Fondunda təhlilçi, Qafqaz üzrə mütəxəssis kimi tanınan Tomas de Vaal “foreignaffairs.com” saytında əhatəli bir məqalə ilə çıxış edib. "Putin’s Hidden Game in the South Caucasus. Azerbaijan’s Rise, Georgia’s Drift, and Russia’s Quest for a Gateway to Iran and the Mi

Bəşər Əsəd İranı kürəyindən vurdu

Bəşər Əsəd İranı kürəyindən vurdu

Tanınmış politoloq Elxan Şahinoğlu yazır ki, Çinin İrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb. Pekinə etiraz notası verilib. İki ölkə arasında 400 milyard dollarlıq uzun müddətli yatırım sazişi var. Buna baxmayaraq, Pekin Tehranın regional siyasətinə önəm vermir. Belə ki, “Çi