Reportaj

“Bizim Cəbiş müəllim”dəki Makedonun Tanyası TAPILDI

“Bizim Cəbiş müəllim”dəki Makedonun Tanyası TAPILDI
29Oktyabr 202221:41

Durna kimi qatarından qalmısan,
Qərib-qərib min xəyala dalmısan,
Makedonu dərdə-qəmə salmısan,
Çağırsa ellər, gedərəm davaya,
Ol mənə dilbər, gedərəm davaya... 

- Bunlar niyə boğazlarını yırtırlar?!
- Xəbərin yoxdur? Həyətimizə təzə qız gəlib də...
- Alə, ay uşaq, bu nə vay-şivəndir qaldırmısız, məlliminizi qoymursuz işləməyə?! Baax, sizin dəftərləri yoxlayır haa...

Yəqin ki, müharibə dövrü insanlarının həyat mücadiləsinə həsr olunmuş “Bizim Cəbiş müəllim” filmindən bu epizodu xatırladınız... Cəbiş müəllimin arvadı həyətdə meyxana deyən yeniyetmələrə acıqlanır...


Məhləyə təzə qız gəlib, Tanya... Sarışın, gözləri yaşıl olan bu rus qızı həyətdə yaşayan yeniyetmələrin diqqətini özünə cəlb edib. Hətta iki nəfər ona vurulub da – Namiq və Makedon... Onlar bu qız üstündə bir-birilə kəllə-kəlləyə də gəlirlər.. Arada söz davasına da çıxırlar...

Filmdə Tanya ilə bağlı bir neçə maraqlı epizod var. Bəzilərində Tanya da iştirak edir, digərlərində özü olmasa da, haqqında danışılır. Məsələn, bir səhnədə çoxbilmiş Makedon sadəlövh Namiqi qızdan vaz keçirmək üçün onu dilə tutur, danlayır:

 - Xoşuva gəlir? Bilmirəm nə görmüsən ee, onda... Elə o da bizimkilərin tayıdır də... Nə var ee onda?! Yox bir, bəlkə biz heç nə bilmirik? Bəlkə dünya gözəlidi.., heç xəbərimiz yoxmuş... Saçları xoşuna gəliir? Həəə, bütün günü əlində skripka, cüy-cüy cüyüldüyür... Onunku çatmır. Gözləri yaşıldı? Ay-hay, söz tapdın danışmağa də... Deyirlər urusiyyətdə hamının gözləri yaşıldı... Deyəsən aşna, lap dəli-divanəsən haa, dərdindən... İstəyirsən, ona bir kağız yazım sənin adından... Mən bir-iki söz bilirəm, kimə yazsam haaa, o saat əriyib muma dönür. Yazım həə, nə deyirsən? Sənə güvəndiyim dağlar...


Ekran əsərində Tanya ilə bağlı daha bir epizod – Suğra xala (Nəsibə Xeynalova) ilə Əbülfəzin (Əliağa Ağayev) dialoqudur. Həyəcan siqnalı eşidilir, həyətdə hamı zirzəmiyə - bombadan qorunma sığınacağına qaçır. Suğra xala Tanyanı axtaranda, ayaqyolundan çıxan Əbülfəzlə qarşılaşır:

- Mənə bax, bizim uşağı görməmisən?
- Nə uşaq?
- Eee.., mənim uşağımı deyirəm də...
- Uşağın olub bəyəm?
- Qadam ağzıva, doğan vaxtımdı? Tanyəni deyirəm də...
- Eee, Tanyə-Manyə mən bilmirəm...
- Əmanətdü Əbili, əmanətdü ee. Tanyə! Bu hara getdi, Tanyəəə!!”.

Bəs Tanya roluna çəkilmiş o qız kimdir?

Modern.az saytı “Yaddan çıxmış sənətkarlar” layihəsində bu dəfə “Bizim Cəbiş müəllim”də Tanya rolunun ifaçısı olmuş o qızdan bəhs edir. Doğrudur, onu sənətkar adlandırmaq düzgün deyil, çünki peşəkar aktrisa olmayıb, amma oxucularımız üçün maraqlı olacağını nəzərə alaraq, bu dəfəki mövzumuzu Tanyanın kimliyinə həsr etmək istəyimiz yəqin ki, layihəmizə xələl gətirməz.


1969-cu ildə "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş “Bizim Cəbiş müəllim” filmi Azərbaycan kino sənətinin incilərindəndir. Yazıçı Maqsud İbrahimbəyovun "Müharibənin 1001-ci gecəsi" adlı ssenarisi əsasında görkəmli rejissor Həsən Seyidbəyli tərəfindən çəkilən filmin ekrana çıxmasından illər ötsə də, bu gün də ona sevə-sevə baxılır və Azərbaycan tamaşaçısı heç vaxt “yoruldum” demir.

Hərbi kinopovestdəki hadisələr II Dünya müharibəsi illərində Bakıda cərəyan edir. Burada müharibə illərində qələbə naminə hər cür maddi çətinliklərə dözən, vətənin azadlığını hər şeydən yüksək tutan sadə adamların mənəvi ucalığından söhbət açılır.

Filmdə hadisələrin cərəyan etdiyi məhəllə - həyət Bakının mərkəzində yerləşən məşhur “Səadət” sarayının yanındadır (Azərbaycan Dövlət İqtisad Universitetilə üzbəüz). İndi də o məhəllə yerində qalır. 

Ekran əsərinin ikinci rejissoru olmuş Əbdül Mahmudov bu haqda Modern.az-a danışarkən deyib ki, ilk dəfə o yeri Həsən Seyidbəyli kəşf edərək ona kino həyatı verib. 

Tanya rolunun ifaçısından bəhs edən Əbdül Mahmudov deyib o, peşəkar aktrisa olmayıb. Bəzən hansısa televiziya verilişində, yazılı mətbuatda Tanya rolunu canlandıran qızın Rusiyadan dəvət olunmuş aktrisa olduğu iddia edilib. Amma filmin rejissoru Ə.Mahmudov bu iddiaları təkzib edib.
 
“Tanya rolunu oynayan Svetlanana Morşininanı Bakıdakı rusdilli məktəblərdən birindən tapmışdıq”, - deyə Ə.Mahmudov bildirib.


Svetlana Morşinina... Bəli, o, bakılı rusdur.

Rejissorun sözlərinə görə, Tanya ilə Makedonun bombanı zərərsizləşdirmək məqsədilə çıxdıqları dam səhnəsi yuxarıda bəhs etdiyimiz məhəllədə - “Səadət” sarayının yanındakı həyət evinin damında lentə alınıb:

“Həmin səhnənin çəkilişində hər hansı təhlükə olmadı. Çünki, hər şey əvvəlcədən hazırlanmışdı”. – Ə.Mahmudov bildirib.

Modern.az saytının əməkdaşı “Bizim Cəbiş müəllim”in Tanyasını axtararkən, onun izini tapdı.

Məlum oldu ki, yaddaşlarda Tanya kimi qalan Svetlana Morşinina hazırda sağdır, elə Bakıda da yaşayır...

Svetlana Morşininanı tapmaqda bizə onun qonşuluğunda yaşayan ictimai fəal Sevinc xanım yardımçı oldu. Biz Svetlana xanımın Bakının Səbail rayonu Badamdar qəsəbəsində yerləşən mənzilinin ünvanını da dəqiqləşdirdik.


Çox təəssüf ki, qonşuları vasitəsilə əlaqə saxladığımız Svetlana Morşinina mətbuata çıxmaqdan, “Bizim Cəbiş müəllim” filminə neçə çəkilməyindən, həmin günlərdə üzləşdiyi maraqlı hadisələrdən danışmaq istəmədi... Halbuki, ona veriləcək xeyli maraqlı suallarımız vardı...

Qonşularından öyrəndik ki, Svetlana Morşinina bir qız anasıdır. O, qızını azərbaycanlı oğlanla evləndirib, hazırda nəvələri var.

“Svetlana çox vaxt qızıgildə olur, öz mənzilinə az-az gəlir. Maşallah, yaşlansa da, sağlamlıq durumu lap əladır”, - deyə onun qonşusu Modern.az-a bildirdi.

O da məlum oldu ki, Svetlana Morşinina Azərbaycan dilində çox yaxşı danışır. Əlbəttə, Bakıda doğulan, burada böyüyüb yaşa dolan, azərbaycanlılarla eyni filmdə rol alan, qızını azərbaycanlıya ərə verən birinin Azərbaycan dilini yaxşı bilməsində təəccüblü hal yoxdur.
 

Yeri gəlmişkən, “Bizim Cəbiş müəllim”də Tanya rolunu Svetlana Morşinina oynasa da, səsləndirməni mərhum Xalq artisti Amaliya Pənahova edib.

Yazının sonunda Tanya rolu ilə bağlı bir məqama da toxunmaq yerinə düşər. Deyirlər rejissor filmin çəkilişləri zamanı Makedon rolunun ifaçısı – pirşağılı kababçı Aqil Ağacanovun (hazırda sağdır) bəzi kaprizlərinə dözməli olub. Məsələn, evin damında Tanya ilə öpüş səhnəsinin çəkilişi zamanı Makedon - Aqil Ağacanov özü qəsdən səhvlərə yol verirmis ki, dubl təkrarlansın və qızı bir neçə dəfə öpə bilsin. Bu yolla o, rus qızı Svetlanana Morşininanı bir neçə dəfə öpməyə nail olub.

Bunu Aqil Ağacanovun özü də çox sonralar etiraf edib. Bəs Svetlana Morşininanın buna reaksiyası necə olub? Bu suala özünün cavab verməsi maraqlı olardı...

 

A.Qorxmaz