Reportaj

Bakıda yaşayan ermənilər - ARAŞDIRMA

Bakıda yaşayan ermənilər - ARAŞDIRMA
29İyun 202302:09

Azərbaycan Respublikası 2020-ci ildə baş vermiş 44 günlük müharibədən sonra Ermənistanla münasibətlərin tam normallaşmasını istəsə də, bölgədə sülh və sabitlikdən danışmaq hələ tezdir. Ordumuz Vətən müharibəsində əhəmiyyətli qələbə qazanmaqla regionda yeni reallıqlar yaradıb və bunu beynəlxalq təşkilatlar da artıq qəbul edib, amma Ermənistan və Qarabağdakı separatçı-terrorçu rejim hələ ki ərazi iddialarından tam olaraq əl çəkmək istəmir, dünyanı öz yalanları ilə aldatmağa çalışırlar.

Hazırkı mənzərə belə deməyə əsas verir ki, Ermənistan yaxın tarixdən dərs çıxarmayıb. 30 illik münaqişə ərzində çoxsaylı sülh təkliflərini rədd edən rəsmi İrəvan və erməni kilsəsi Qarabağda separatçılığı körükləməkdən əl çəkmir, ənənəvi “erməni psixologiyası”nın bicliklərindən istifadə etməyə çalışır.

Təəssüf ki, müxtəlif yollarla sülh sazişini imzalamaqdan yayınan işğalçı ölkə xaricdən – Fransa, Rusiya və digər dövlətlərdən də dəstək almağa davam edir. Qarabağın dağlıq hissəsinin separatçıların nəzarətində olduğunu nəzərə alaraq, problemin hələ bir müddət davam edəcəyini proqnozlaşdırmaq olar.

Bütün bunları nəzərə alaraq, hər cür imkanlardan istifadə edib Azərbaycanın haqq səsini, Qarabağ həqiqətlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqdan yorulmamalıyıq.


Postmüharibə dövründə yeni reallıqlar yaradan Azərbaycanın daha da güclənməsi, Ermənistanın və dünya erməniliyinin Azərbaycana qarşı ərazi iddialarına son qoyması məhz həqiqətlərin beynəlxalq ictimaiyyətinə çatdırılmasından keçir.

Bu həqiqətləri yayarkən hazırda Azərbaycanda - Bakı, Gəncə, Şəmkir, Sumqayıt və digər şəhərlərdə erməni milliyyətindən olan insanların da yaşadığını vurğulamalıyıq.

Sirr deyil ki, hazırda Bakıda digər millətlərdən olan insanlarla yanaşı, ermənilər də təhlükəsiz yaşayır. İrəvandan fərqli olaraq, Bakı həmişə çoxmillətli şəhər olub, indi də belədir.

Bu fakt ölkə rəhbərliyi tərəfindən də dəfələrlə səsləndirilib və Bakıda ermənilərin yaşadığı rəsmi rəqəmlərdə də öz əksini tapır.
Bu baxımdan həqiqətlərin dünyaya çatdırlmasında elə Bakıdakı ermənilərdən də istifadə etmək olar.

Hələ ötən il – 2022-ci ilin fevralında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Rusiya Federasiyasına rəsmi səfər çərçivəsində  bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşərkən Bakıda ermənilərin dinc və təhlükəsiz yaşadıqlarını bir daha dilə gətirmişdilər.

O zaman Prezident İlham Əliyev “RT” telekanalının və “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş redaktoru, erməni əsilli Marqarita Simonyanın qərəzli suallarını cavablandırarkən Azərbaycanda heç kimin etnik prinsipə görə təqib olunmadığını vurğulamışdı. 

“Azərbaycanda erməni millətindən olan minlərlə vətəndaş yaşayır. Onların sayı yəqin ki, 30 min 10-15 il bundan əvvəl olub, bununla belə onlar indi də var, normal yaşayırlar və heç kəs də onlara heç bir iddia irəli sürmür”, - İlham Əliyev bildirmişdi.

Təbii ki, Prezident bunu deyərkən Qarabağın dağlıq hissəsindəki erməniləri deyil, Bakı və digər bölgələrdə yaşayan erməniləri nəzərdə tuturdu.
Bakıda yaşayan ermənilərin sayı ilə bağlı tez-tez müxtəlif iddialar irəli sürülür. Kimi 10 min deyir, kimi də 20 min… Hətta bəzi hallarda bu iddialar ayrı-ayrı dövlət rəsmiləri, deputatların dilindən də eşidilib.

Maraqlıdır, hazırda Bakıda yaşayan ermənilərin rəsmi sayı nə qədərdi?

Modern.az saytı bu faktı dəqiqləşdirmək üçün Dövlət Statistika Komitəsinə sorğu ilə müraciət edib.


Dövlət Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Suleymanov
 sorğumuza cavab olaraq bildirib ki, əhalinin milli tərkibinə dair məlumatlar hər 10 ildən bir keçirilən siyahıyaalınmaı zamanı əldə edilir. O deyib ki, sonuncu dəfə 3 il öncə - 2019-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasının yekun məlumatları əsasında Bakı şəhəri üzrə əhalinin milli (etnik) tərkibinə dair mövcud statistik məlumatlar formalaşıb.

2019-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasının yekun məlumatlarına görə, hazırda Bakı şəhərində 74 nəfər erməni yaşayır.

Dövlət Komitəsinin şöbə müdiri Rafael Suleymanovun sözlərinə görə, siyahıyaalma zamanı sorğu olunan hər bir şəxs milliyyətini (etnik qrupunu) özü müəyyən edir. Uşaqların milliyyəti (etnik qrupunu) isə valideyinlərinin dediklərinə əsasən yazılır. Yəni siyahıya alınan şəxs sorğulanarkən milliyyətini könüllü olaraq bildirə də bilər, bildirməyə də...

2019-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasının yekun məlumatlarına əsasən, Bakı şəhəri üzrə əhalinin milli (etnik) tərkibi hazırda aşağıdakı kimidir:



Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri Seymur Verdizadə saytımıza bildirib ki, Dövlət Statistika Komitəsinin açıqladığı rəqəm reallığı tam əks etdirmir:


“Bizim araşdırmalarımız belə deməyə əsas verir ki, reallıqda Bakıda yaşayan ermənilər göstərilən rəqəmdən xeyli çoxdur. Çünki siyahıyaalınma zamanı sorğu olunan vətəndaş milliyyətini könüllü olaraq bildirir. Yəni onu heç kim məcbur etmir ki, sən hökmən milliyyətini söyləməlisən. Heç şübhəsiz ki, 2019-cu ildə keçirilmiş əhalinin sonuncu siyahıyaalınması zamanı da Bakıda yaşayan ermənilərin bir qismi müxtəlif səbəblərdən milliyyətini gizlədib.

İstisna deyil ki, Bakıda yaşayan ermənilərin bir hissəsi vaxtilə azərbaycanlılarla ailə quran şəxlərdir – yəni erməni qadınlardı. Təbii ki, onlar siyahıyaalınma zamanı etnik kimliklərini bildirməyiblər, ya da azərbaycanlı olduqlarını söyləyiblər. Etnik kimliklərini gizlədən ermənilərin digər hissəsi ad və soyadlarını dəyişiblər, onlar da hazırda paytaxtımızda ruslar, yəhudilər və digər millətlərdən olan şəxslər kimi yaşayırlar. Hətta onlardan bəzilərinin Bakıda dövlət qurumlarında çalışdığını da istisna etmirik.

Məsələn, bir neçə ay əvvəl Bakıda vaxtilə azərbaycanlılara ərə getmiş iki erməni qadın - Elmira Arşakovna Həsənova və Raya Sumbatovnanın müraciəti yayılmışdı. Onlar soydaşlarına müraciətlərində Bakıda yaşamaqdan məmnun olduqlarını, özlərini çox xoşbəxt hiss etdiklərini bildirmişdilər. Bakıda yaşayan belə insanlar kifayət qədərdir.

Bu baxımdan deyirik ki, Bakıda yaşayan ermənilərun sayı rəsmi rəqəmdə göstəriləndən dəfələrlə çoxdur”.

Milli Məclisin deputatı Ceyhun Məmmədov da əməkdaşımızla söhbət zamanı Bakıda yaşayan ermənilərin az olmadığını qeyd edib. Deputat deyib ki, bu gün ermənilərinin Bakıda azərbaycanlılarla bir yerdə təhlükəsiz yaşaması Azərbaycan xalqının tolerantlığından, digər xalqlara və millətlərə dözümlü münasibətindən irəli gəlir:


“Bəli, bu gün ermənilər Bakıda azərbaycanlılarla sərbəst şəkildə yaşayırlar. Amma qonşu Ermənistanda, o cümlərən paytaxt İrəvanda bircə nəfər də azərbaycanlı qalmayıb. 1988-ci il hadisələri zamanı qonşu ölkədə yaşayan soydaşlarımız son nəfərə kimi dədə-baba torpağından qovulub.
Monoetnik dövlət olan, praktiki surətdə bütün milli azlıqların, ilk növbədə, azərbaycanlıların deportasiya edildiyi, qovulduğu Ermənistandan fərqli olaraq, Azərbaycan indiyə qədər çoxmillətli dövlətdir”.

Deputatın sözlərinə görə, ermənilərin Azərbaycanda, o cümlədən Bakı şəhərində  dinc və təhlükəsiz yaşaması faktından dünyanın aldadılmasına qarşı yönəlmiş saxta təbliğata qarşı ağıllı şəkildə istifadə etməliyik:

“Ermənistan bu gün yalan təbliğat aparır ki, Azərbaycanda, Bakıda erməni yaşamır. Amma biz Bakıda ermənilərin azərbaycanlılarla dinc, yanaşı yaşamağından beynəlxalq müstəvidə istifadə edə, yalan təbliğatın qarşısını ala bilərik”.

Yeri gəlmişkən, 2020-ci ildə baş vermiş Vətən müharibəsi zamanı Bakı erməniləri icma olaraq katalikos II Qareginə, dünya ermənilərinə, Qarabağda yaşayan ermənilərə müraciət edib Azərbaycan torpaqlarının işğalına son qoymağa çağırmışdılar.
Onların müraciəti ilk dəfə Modern.az saytı tərəfindən yayımlanmışdı. Müraciətə minlərlə erməni adından 17 şəxs imza atmışdı.



Müharibədən 3 il keçməsinə baxmayaraq. Ermənistan sülh sazişi imzalamaqdan yayınır. Bu gün rəsmi İrəvan və Xankənidədki separatçlır Qarabağdakı sadə ermənilər arasında belə bir təbliğat aparırlar ki, guya, azərbaycanlılarla birgə yaşamaq mümkün deyil.

Deputat Ceyhun Məmmədov bu məsələdə Bakı ermənilərini yenidən fəallaşdırmağı mümkün sayır:

“Bakı ermənilərinin 2020-ci ildəki kimi növbəti çağırışı dünya ermənilərinə yeni bir mesaj ola bilər. Ümumiyyətlə, Bakı erməniləri Qarabağda yaşayan ermənilərin maariflənməsində də mühüm rol oynaya bilər. Hesab edirəm ki, onları bu işə cəlb etmək, fəallaşdırmaq olar. Qoy, Qarabağda “beyni yuyulmuş” ermənilərə izah etsinlər ki, onların nicatı azərbaycanlılarla dinc, yanaşı yaşamaqdan, Azərbaycan vətəndaşlığını qəbul etməkdən asılıdır. Bu, atıq bir reallıqdır və daha ondan qaçmaq mümkün deyil. Qoy, bizim aramızda yaşayan ermənilər soydaşlarına anlatsınlar ki, burada dinindən, irqindən asılı olmayaraq, bütün insanlara eyni münasibət göstərilir, Konstitusiyanın öz vətəndaşlarına verdiyi hüquqlardan hamı bərabər yararlanır”. 


(Elmira Arşakovna Həsənova və Raya Sumbatovna Bakıda təhlükəsiz, rahat yaşadıqlarını deyirlər)

Millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, Qərbdə də çoxları hazırda Bakıda ermənilərin yaşadığını bilmir... O bu faktdan geniş istifadə olunmasının vacibliyini qeyd edib:

"Ermənistandan fərqli olaraq, Azərbaycanda, Bakının mərkəzində erməni kilsəsi də var. Kilsədə erməni dilində olan 5000-ə yaxın ədəbiyyat saxlanılır. Kilsə və həmin ədəbiyyat Azərbaycan dövləti tərəfindən qorunur. Dünya bu faktı bilməlidir". 

Deputat qeyd edib ki, Bakıdakı erməni icması adından təkcə Ermənistana deyil, Fransaya da etiraz mesajı göndərilməlidir, qoy onlar görsünlər, Ermənistanda bir azərbaycanlı olmadığı halda Azərbaycanda – Bakıda minlərlə erməni var. Və bu ermənilər ölkəmizdə rifah içində, Azərbaycan vətəndaşları necə yaşayırlarsa, elə yaşayırlar...
 

Əfqan Qafarlı