Məşhur filmin qəhrəmanı - Dəniz milyonları AĞLATMIŞDI
Elə filmlər var ki, izlədikdən sonra uzun müddət onun təsirindən çıxa bilmirsən. Belə ekran əsərləri illər ötsə də, yaddaşımızdan silinmir. Bu filmləri xatirələrdə yaşadan təbii ki, cəlbedici süjet xətti və aktyor oyunudur.
Türkiyəli rejissor Çağan Irmakın 2005-ci ildə çəkdiyi “Babam və oğlum” filmi 19 il keçməsinə baxmayaraq, bu gün də ən yaxşı ekran əsərləri sırasında yer alır və sevilərək izlənilir.
“Avşarfilm” şirkətində çəkilən “Babam və oğlum”un izləyiciləri hər keçən il daha da artır.
Film 1980-ci ildə Türkiyədə baş vermiş dövlət çevrilişinin bir ailəyə təsirindən bəhs edir. Hərbi çevrilişi vaxtı doğulan və doğum zamanı da anasını itirən Dəniz yeddi il sonra atası ilə birlikdə Ege bölgəsində yaşayan babasını görməyə gedir. İllərdir babasını görməməyinin səbəbi isə atasıyla babasının küsülü olmasıdır.
Dənizin babası Hüseyn Əfəndi oxumaq üçün İstanbula göndərdiyi oğlu Sadıqın siyasi hadisələrə qarışdığını eşidəndə onu oğulluqdan çıxarmışdı. Uzun müddət atası ilə küsülü qalan Sadıq nəhayət oğlu Dənizlə birgə Ege bölgəsindəki ata evinə qayıtmağa məcbur olur. Bu da səbəbsiz deyildi: Sadıq tezliklə öləcəyini bilərək oğlunu babasına əmanət etmək istəyirdi.
Oğlu Dənizlə kəndə çatan Sadıq illər əvvəl küsdüyü atasının onunla asan barışmayacağını anlayır.
Filmdə hadisələrin dramatik məcrada davam etməsi tamaşaçıların hər birini dərindən təsirləndirir.
18 Noyabr 2005-ci ildə Türkiyədə nümayişinə başlanan “Babam və oğlum” tarixin ən çox gəlir gətirən türk filmlərindən biri olub.
Filmdə baş rolları Çetin Tekindor (Hüseyn Əfəndi), Fikret Kuşkan (Sadıq), Hümeyra Akbay (Sadıqın anası) kimi usta aktyorlar oynayıb.
Bu filmi izləyənlərin əksəriyyəti sonradan göz yaşlarını saxlaya bilmədiklərini etiraf edib.
Filmdə əsas rollardan biri olan Dənizi canlandıran balaca aktyorun kimliyi yəqin ki, hər kəsi maraqlandırır.
Məharətli oyunu ilə ekran önündəki tamaşaçılara duyğusal anlar yaşadan, onları təsirləndirən, göz yaşlarına boğan Dəniz rolunu oynamış o balaca uşaq kimdir, indi haralardadır?
“Babam və oğlum”un Dənizi hazırda 26 yaşındadır.
Aktyor Ege Tanman... O, 26 fevral 1998-ci ildə Bursada anadan olub.
Aktyorluğu ilə milyonların könlünü fəth edən Ege Tanman bir çox filmlərdə rol alıb.
Böyük filmə ilk dəfə 2002-ci ildə çəkilib.
2005-ci ildə “Babam və oğlum”a dəvət alıb.
Ege Tanman 2005-ci ildə çəkilən "Babam və oğlum"la həyatının dəyişdiyini deyir.
O, əslində filmin ilk seçim turlarını keçə bilməyibmiş.
Atasının rejissor Çağan Irmağa yazdığı elektron məktubdan sonra Ege Tanma onunla görüşmək fürsəti qazanıb.
“İstanbula getdik və Çağan Irmakla görüşdük. Rol üçün ölçülərimi götürdülər, amma başqası seçildi.
Xoşbəxtlikdən mənim yerimə seçilən oğlan əzbərləməyi bacarmadığına görə yenidən zəng vurdular, beləcə bu filmə çəkildim.
Mən təkcə öz səhnələrimi deyil, bütün ssenarini əvvəldən axıra qədər əzbərləmişdim.
Filmə çəkiləndə mən özümü həmin personajın yerinə qoyurdum, onu içdən hiss edirdim. Qarşımdakı aktyorlar çox bacarıqlı olduqlarından işlərim asan gedirdi. Mən bütün ssenarini əzbərlədiyim üçün Çətin Tekindor (Hüseyn Əfəndi), Fikrət Kuşkan (Sadıq) tez-tez ssenarinin özlərinə aid sözlərini məndən soruşurdular”.
Ege Tanman deyir ki, “Babam və oğlum” filmindən aldığı bütün gəlirini təhsili üçün xərcləyib:
“Mən hər şeyi erkən yaşda yaşadım. Məşhur olanda uşaq idim. 10 yaşım olanda filmlərdən əldə etdiyim qazancımla anama ev aldım”.
Gənc aktyorun sözlərinə görə, o da “Babam və oğlum” filmini ilk dəfə ekrandan izləyərkən çox ağlayıb.
Ege Tanman atasını 2022-ci ilin dekabrında mədə xərçəngindən itirib.
"Atam rəhmətə getməzdən əvvəl ağciyərlərinə su yığıldı və onu reanimasiyaya apardılar. "Babam və oğlum" filmindəki rolumun da atasının ciyərlərində su yığılmışdı. Filmdəki o ağrılı səhnə mənim gerçək həyatdakı taleyim oldu".
Ege Tanman Bahçeşehir Universitetinin Rəqəmsal Oyun Dizaynı fakültəsində ali təhsil alıb.
“2018-ci ildə Kadıköydə bar açdım. Çox da uğurlu alınmadı. 2020-ci ilin mart ayında pandemiyanın başlaması ilə barı bağladıq. 2021-ci ilin yayında özümü “Leyla və Məcnun” serialının çəkiliş meydançasında tapdım”.
Hazırda İstanbulun Kadıköy səmtində yaşayan 26 yaşlı gənc aktyor boş vaxtlarında həm də DJ kimi də fəaliyyət göstərir.
Ə.Qafarlı