Reportaj

Kəbə ziyarətinə bərabər səfər: 28 ildən sonra doğma yurdda... 

Kəbə ziyarətinə bərabər səfər: 28 ildən sonra doğma yurdda... 
30Sentyabr 202211:27

Cəbrayıla gedirəm... doğulub-böyüdüyüm torpaqlara... Düz 28 ildən sonra gerçəkləşən bu ziyarət üçün Allaha nə qədər dualar etmiş, neçə kərə yalvarmışdıq... Tanrı gec də olsa dualarımızı qəbul etdi. Allahın 28 ildən sonra Şanlı Ordumuza yaratdığı fürsət fövtə verilmədi... Şəhid qanı ilə suvarılan torpaqlarımızı düşmən tapdağından azad etdik...

Bu yolçuluq mənim üçün müqəddəs Kəbə evini ziyarətə bərabər idi... El məsəli var: “Torpağa su töküləndə palçıq olur, qan töküləndə isə Vətən”.
3 mindən çox şəhidimizin, minlərlə yaralı əsgərimizin qanı axmış, can və qan bahasına azad edilmiş torpaqlar əlbəttə ki müqəddəsdir... Bu səfərə görə Azərbaycan əsgərinin mərdliyinə, şəhidlərin ruhuna borcluyuq...

Yolçuluğu Ekologiya və Təbii Sərvətlər Nazirliyi təşkil etmişdi... Səfərin proqramı ilə tanış olanda isə lap sevinmişdim: “Cəbrayıl rayonunun Böyük Mərcanlı və Əmirvarlı kəndlərində məhv edilmiş yaşıllıq sahələrinə baxış”... deməli bizim kəndə - Böyük Mərcanlıya da gedəcəkdik...

Ardınca da Qubadlı rayonunda Bərgüşad və Həkəri çaylarının qovuşduğu əraziyə gedib baxacaq, Muğanlı kəndində ağac əkəcəkdik...

Beyləqanı geridə qoyub Füzuliyə çatanda havanın dəyişdiyi həmən hiss olundu... Qarabağın havası özünü göstərirdi... Bilmirəm, bəlkə də bu, mənə belə gəlirdi...

Yol boyu həyəcan, sevinc hisslərini boğmağa, təmkinli olmağa çalışırdım...

Bu da Cəbrayıl torpağı... Cocuq Mərcanlıya çatdıq... Sağda Müzəffər Ordumuzun 2016-cı ildə azad etdiyi Lələtəpədə dalğalanan üçrəngli bayrağımız...

Nəhayət Cocuq Mərcanlıdan azca irəlidə qurulmuş postu keçib İkinci Qarabağ müharibəsi nəticəsində azad edilmiş ərazilərimizə daxil oluruq...

Burada bizi Cəbrayıl və Qubadlıda müşayiət edəcək polis işçiləri, Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları qarşıladılar...

Sağda-solda müharibənin izləri görünür... Mərmi və mina partlayşlarının əmələ gətirdiyi çala-çuxur, düşmənin qazdığı səngərlər, vurulub sıradan çıxarılmış erməni texnikasının qalıqları... İşğalçı ordu üçün mifləşdirilən “Ohanyan xətti”...

Bu cansıxıcı mənzərə təbiətin gözəlliyinə xələl gətirsə də, hər yan yamyaşıl idi, al qırmızı lalələr göz oxşayırdı...



Avtobusumuz dayanır və biz aşağı enib 28 ildir həsrət qaldığımız torpaqlarımıza ayaq basırıq... Şükür sənə İlahi!..

Jurnalistlərə işğala qədər Cəbrayıl rayonunun girişində mövcud olmuş 12 hektarlıq tut bağının yerini göstərirlər. İndi isə həmin bağdan əsər-əlamət qalmayıb. Vandallar ağacları məhv edib, ərazini isə minalayıb.

Və elə buradaca mənə məlum oldu ki, səfər proqramının əksinə olaraq bizim Böyük Mərcanlıya gedişimiz mümkün deyil... Kəndin özünə girməyəcəyik, yanından ötüb keçəcəyik... Təşkilatçılar Cocuq Mərcanlı yerinə səhvən Böyük Mərcanlı yazıblarmış... Elə bil başıma qaynar qazan tökdülər... Çox dilxor oldum...

Səfərin bizimlə olan təşkilatçılarından, ANAMA rəsmilərindən xahiş etdim ki, yolumuz Böyük Mərcanlı kəndinin lap yanından keçir, ora çatanda dayanaq, mən gedib evimizə baxıb qayıdım... Birmənalı şəkildə “YOX!” cavabı aldım... Səbəb kimi isə mina təhlükəsi əsas gətirildi... ANAMA əməkdaşlarını inandıra bilmədim ki, azad edilən Böyük Mərcanlıya indiyə kimi gedib-baxıb-qayıdanlar az olmayıb...

Lələtəpəni geridə qoyub irəli gedirik... Bir azdan mənim doğma kəndimə - Böyük Mərcanlıya çatacağıq... Həyəcanım bir az da artır, ürək döyüntülərim lap bərkdən vurur... Uşaqlığımın, yeniyetməliyimin keçdiyi, xatirələrlə dolu yerləri 28 ildən sonra yenidən görəcəm... Amma uzaqdan...

Heç olmasa Böyük Mərcanlıda avtobusu dayandırmağa cəhd etməliydim... Ən azı aşağı düşüm, ayağım kəndimin torpağına dəysin, havasını udum... Buna görə də arxa sıralardakı yerimi tərk edib önə keçdim... 

Axırıncı dəfə bu yolu 1993-cü ildə getmişdim. Onda Cəbrayıl təzə işğal olunmuşdu... Kəndimiz isə hələ bizimkilərin nəzarətindəydi... və iki ay sonra mühasirəyə düşmüşdük...

Xəyalım məni o günlərə apardı... 1993-cü ilin avqust ayında Cəbrayıl işğal olunmuş, Böyük Mərcanlı isə hələ düşmən əlinə keçməmişdi... Rayon mərkəzi və dağ kəndləri işğal olunsa da, biz Böyük Mərcanlıda hələ duruş gətirə bilirdik... Şiddətli döyüşlər gedir, gündə şəhid xəbərləri gəlirdi... Son ana qədər inanırdıq ki, ermənilərin irəliləməsinin qarşısı alınacaq, ən azı Arazboyu kəndlərin işğalına imkan verilməyəcək... Amma olmadı...

1993-cü il oktyabrın 23-ü... Soyuq bir payız günü... Axşamüstü top səslərindən yer-göy titrədi, kəndimizə bir neçə mərmi atıldı, yaralananlar, şəhid gedənlər oldu... Gecə saat 21-22 radələrində isə hay-haray düşdü ki, ermənilər qarşıdakı  yaşayış məntəqəsini – Füzulinin Horadiz qəsəbəsini işğal edərək yolları kəsib və Araz boyunca üzü Zəngilana doğru irəliləyir... Eyni zamanda, işğal olunmuş yuxarı kəndlərdən də bizə doğru gəldikləri barədə xəbərlər aldıq... dedilər ki, erməni silahlı qüvvələri Arazboyu kəndlərdə ikinci bir Xocalı qırğını törətmək – mülki əhalini kütləvi qətlə yetirmək istəyir. Bizim ordumuz pərən-pərən olmuşdu, başıpozuqluq idi...

Düşmən qapıya dirənmişdi... Çıxış yolu kimi ya Xudafərin körpülərinə gedib oradan İrana adlamalıydıq ya da elə kəndimizin yaxınlığındakı sərhəd zastavasından özümüzü Araz çayına vurmalı, o tərəfə keçməliydik... Xudafərin körpüsünə getmək uzaq olduğundan, biz ikinci yolu seçdik... Və həmin gecə Böyük Mərcanlını tərk etmək məcburiyyətində qaldıq...

Evimizdən ən axırıncı mən çıxdım... Darvazanı içəridən bağlayıb hasara dırmaşaraq, yola atlandım...

O gecəni Araz qırağındakı meşəlikdə keçirdik... Hamı pərişan idi... Uşaqlar ağlaşır, qadınlar Allaha yalvarır, kişilərin, cavanların əli heç yana çatmadığından özümüzü dünyanın ən gücsüz insanları sanırdıq... Beş-altı nəfərdə avtomat silah, bir o qədər də ov tüfəngi vardı... Amma bunlarla düşmənə nə müqavimət göstərmək olardı ki?.. üstəlik qadınlar, uşaqlar, qocalar olan yerdə...

Ev-eşiyimiz tərk edib meşəyə sığınmışdıq... Səhərin açılmasını gösləyirdik ki, Arazı adlayaq...

Çox dəhşətli anlar idi... Araz qırağında da az müsibət yaşamadıq... Mal-heyvanımızı, qoyun-quzumuzu itirdik, yaxınlarımız, qohumlarımız şəhid oldu, bəzi kəndçilərimiz çayda boğuldu...

...28 il keçdi...

Və biz yenə doğma yerlərə qayıdırıq... Şikayətlənməyə haqqımız yoxdu... Müqəddəs Hacı Qaraman ocağı, Xudafərin körpüləri, Gəyən düzü, Ziyarət dağı, Çoban bulağı, Divlər sarayı, baltalanmış xan çinarlar, qurudulan kəhrizlərimiz, dədə-babalarımızın qəbir yerləri, od vurulan evlərimiz, tar-mar olunan yurd yerlərimiz, nigaran qalan şəhid ruhları 28 il bizi gözləyib...

Avtobusumuz Böyük Mərcanlıya lap az qalıb... Xəyallarımdan ayrılıram...

28 il öncə tərk etdiyim kəndə çatıram...

Qorxuram ki, kəndimizi tanımadan keçib gedəm... Nə yaxşı ki, öndə gedən 1 nömrəli avtobusa minmişəm... Sürücüdən xahiş etdim ki, sürəti yavaşlatsın...

Həyəcanım birə-beş artıb... Hiss edirəm ki, mənim təlaşım yanımdakı həmkarlarıma da təsir edib...

Bu da bizim kənd... Böyük Mərcanlının bəri başındakı “Düz oba” deyilən yerə çatırıq... Ay Allah... Lənətə gəlmiş şərəfsiz düşmən... bu yerləri nə günə qoymusan...

Doğrudan da az qala tanımadan ötüb keçəcəkdim... Avtobus irəliləyir... Soyqırımına məruz qalan təkcə insanlarımız, xarabaya çevrilən təkcə evlərimiz olmayıb, ağaclarımızı da kəsib kökündən çıxarıblar. Düşmən nə qədər şərəfsiz, paxıl, alçaq məxluq imiş...

28 il öncə qoyub getdiyimiz üzüm bağları, tut bağları, yolboyu sıralanan çinar və qovaq ağacları, suvarma kanallarından əsər-əlamət yoxdu... Hər yeri ot-alaq basıb, bütün izlər itib. Uzaqda xaraba qalmış evlər görünür...

Gah sağa, gah sola baxıb vurnuxur, tanış mənzərə axtarıram... Axı hanı o tanıdığım yerlər?...

Və birdən sağdakı təpəliyin döşündəki kahanı görürəm... Uşaq vaxtı quzu otardığımız Mərcanlı təpələri...

Tez sürücüyə tərəf  - burda saxla! – deyirəm...

- Saxlaya bilmərəm, icazə vermirlər...

- Necə yəni saxlaya bilmərəm? Bura mənim kəndimdi ee...

Sürücü qaza basmaq istəyəndə həmkarlarım da mənə qoşuldular: “Saxla! Saxla!”.

Avtobusumuz dayandı... Mənə görə, mənim istəyimlə dayandı... Arxadan gələn “karvan” da həmçinin...



Kəndimizə yuxarı başdan gedən yolun döngəsində avtobusdan düşdüm... Sağa boylanıram, təpənin döşündə “Çoban bulağı” görünür, ətrafı yaşıllıqdı, deməli suyu qurumayıb... Yaxınlıqda elektrik qovşağı vardı, yerlə-yeksan edilib... Uşaq vaxtı çimdiyimiz su arxı da quruyub..

Sola baxıram, uzaqdan ağacların arxasındakı viran qoyulmuş kəndimin xaraba mənzərəsi gözə dəyir...

Çox çətindir doğulduğun kəndi viran edilmiş görmək... Yaxşı ki, bu mənzərəyə əvvəlcədən  hazırlaşmışdım...

ANAMA-nın əməkdaşları, polis işçiləri xəbərdarlıq edirlər: “Heç kim yoldan qırağa çıxmasın, icazəsiz istiqamətə addım atmayın, mina təhlükəsindən sığortalanmamışıq! 5-10 dəqiqədən sonra hamı avtobuslara!”.

Bu müddətdə kəndimizə doyunca baxmaq, ətrini, qoxusunu hiss etmək istəyirəm... Dərindən nəfəs alır, havasını ciyərlərimə çəkirəm...

Bu anda bircə istəyim vardı: hüzursuz bir sakitliyin hökm sürdüyü kəndimizi küçə-küçə, məhəllə-məhəllə gəzmək... Bu səssizlik ağuşundakı evimizin uçuq-sökük divarlarına gedib baxmaq, ona toxunmaq... Orda nə qədər xatirələrim var... Ola bilməzdi ki, həyətimizdə, bağımızda nələrsə qalmasın... lap bir paslanmış dəmir parçası ya da nə bilim hansısa ev əşyası...

Getmək, baxmaq, nəsə bir nişanə tapa bilmək... Acılı-şirinli xatirələrim bir-birinə qarışmışdı... Heyf... İcazə vermədilər...

Lənətə gəlmiş erməni... Sənin “əkdiyin” minaların üzündən 500 metrlikdə, ağacların arxasında “gizlənmiş” evimə gedib baxmağa icazə vermədilər... Torpağım azad olunub, 28 ildən sonra evimizin 500 metrliyinə gəlib çatdım, amma ona yaxınlaşmağa, uçurulmuş divarlarına toxunmağa əlim çatmadı...

Qismətə bax... Amma olsun, buna da min şükür... Necə olsa yenə gələcəyik, həmişəlik qayıdacağıq...

Ağacları kəsiblər, yenə əkəcəyik, kəhrizlər quruyub, yenilərini qazarıq, evlərimizi yerlə-yeksan ediblər, təzələrini tikəcəyik... Təsəlli ala biləcək şeylər çoxdur... Dağlarımız ki yerindədir, heç bulaqlar da qurumayıb...

Rəhmətlik nənəmlə etdiyimiz söhbət yadıma düşür... 1993-cü ildə köçkün düşəndən sonra hər dəfə Bakıdan onun məskunlaşdığı qaçqın şəhərciyinə gedəndə məndən soruşardı:

- Əfqan, deyirsən ki, biz öz torpaqlarımıza qayıdajıyıx?..

Onda Cəbrayıl camaatının tapındığı müqəddəs Hacı Qaraman ocağına and içirdim...

- Hə ay nənə, vallah qayıdajıyıx, Hacı Qaraman haqqı mütləq qayıdajıyıx...

Nənəm mənim bu andıma çox inanır, doğma yurduna qayıdacağına ümid edirdi... Elə mən də... Düz 10 il nənəmə bu “hesabatı” verməli oldum. 2003-cü ildə 78 yaşında elə o ümidlə də bu dünyadan köçüb getdi...

İndi mən doğma kəndimdəydim... Nənəmin ruhu ilə danışırmış kimi pıçıldadım: Qayıtmışıq ay nənə, Hacı Qaraman haqqı qayıtmışıq...

- Hamı avtobuslara, gedirik! – ANAMA rəsmilərinin səsi jurnalistləri yerindən tərpətdi...

...Avtobusumuz da tərpəndi... yola davam edirik... İşğalçı ermənilər Cəbrayılda demək olar ki, bir salamat ev qoymayıb. Yolboyu hər yerdə eyni mənzərədir - xarabalıq... bütün tikililər, bütün kəndlər bir-birinə bənzəyir... Dağıdılmış “Mahmudlu dairəsi”ndən, Hadruta çəkilən yolun yanından keçirik...

Növbəti dayanacağımız Cəbrayılın Əmirvarlı kəndidir. Burada ekoloji terrora məruz qalan və təbiət abidəsi hesab edilən 800 illik Şərq çinarına baxırıq. Düşməndə kinə, nifrətə bax: çinarı kəsəndən sonra bitməsin deyə kökünü yandırıblar…
Amma diametri 3 metrə çatan çinarı kəsib yandırsalar da, o pöhrələyib. Lap düşmənə acıq verirmiş kimi... Kəsilib yandırılan 1 ağacın kökündən 12-si boy verib...

Səfərimiz davam edir...  Karvanımız Cəbrayılın Arazboyu kəndlərindən keçir... Xudafərin körpülərini görə bilməsək də, uzaqdan Xudafərin su anbarını baxıb köks ötürürük...



Sağda Paşinyanın Laçından Cəbrayıla çəkmək istədiyi məşhur yolun başlanğıcını da görürük... Cəbrayılda o yolun təməli atılıb, amma yarımçıq qalıb. Azərbaycan Prezidenti İlham Əliyevin məşhur ifadələri yadıma düşür: “Bəs Cəbrayıla yol çəkirdin, Paşinyan, nə oldu? Hanı bu yol? Cəhənnəmə getdi!”…

...Qubadlının Qilican kəndindəyik... Həkəri və Bərgüşad çaylarının qovuşuğuna qızıl xallı forel balıqlarının buraxılışını izlədik, sonra da Muğanlı kəndində - “yaşıl soyqırımı” törədilmiş ərazidə 700-ə yaxın ağac əkdik...

Geri qayıdırıq... Bakıya yolumuz yenə Böyük Mərcanlının yanından keçir... Hava qaraldığından kəndimizin xarabalıqları üzərinə zülmət qaranlıq çöküb. Bircə işıq da yoxdu... Avtobusun pəncərəsindən o qaranlığa baxıram...

Gedirik, amma yenə qayıdacağıq, həm də həmişəlik... o zülmət qaranlığı aydınlatmaq, kəndimizin işıqlarını daimi yandırmaq üçün...


Əfqan Qafarlı
Bakı-Cəbrayıl-Qubadlı-Bakı