Reportaj

Xankəndidə Ordumuzun hərbi paradı keçirildi - FOTOLAR

Xankəndidə Ordumuzun hərbi paradı keçirildi - FOTOLAR
8Noyabr 202316:00

Noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin 3-cü ildönümünə həsr olunan hərbi parad keçirilib.

Azlist.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev paradda iştirak ediblər.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə raport verib.

Dövlətimizin başçısı şəxsi heyəti salamlayıb.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Hərbi orkestr Azərbaycan Respublikasının Dövlət Himnini ifa edib.

Dövlət başçısı paradda çıxış edib.

Azərbaycan Prezidentinin çıxışından sonra Silahlı Qüvvələrin parad heyətlərinin hərbi orkestrin müşayiəti ilə təntənəli keçidi başlayıb.

Parada müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi, “Zəfər” və “Qarabağ” ordenli general-polkovnik Kərim Vəliyev komandanlıq edib.

Silahlı Qüvvələrin parad heyətləri Azərbaycan Respublikasının Dövlət Bayrağını və Şuşa şəhərinə sancılan – Qələbənin rəmzinə çevrilən Zəfər Bayrağı altında tribunaya doğru irəliləyiblər.

Ardınca Azərbaycan Ordusunun və qoşun növlərinin, lokal xarakterli antiterror tədbirlərində iştirak etmiş hərbi birləşmələrin döyüş bayraqları Xankəndi şəhərinin mərkəzi meydanına gətirilib.

Sonra Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin parad heyətinin keçidi olub. Parad heyətinə Vətən Müharibəsi Qəhrəmanı general-leytenant Hikmət Mirzəyev başçılıq edib.

“Azərbaycan Bayrağı” və “Rəşadət” ordenli general-mayor Bilal Çompuzovun başçılığı ilə 1-ci Ordu Korpusunun, “Qarabağ” və “Rəşadət” ordenli general-leytenant Mayis Bərxudarovun rəhbərliyi ilə 2-ci Ordu Korpusunun, “Rəşadət” və “Vətənə xidmətə görə” ordenli polkovnik Oruc Abdullayevin başçılığı ilə 3-cü Ordu Korpusunun, “Azərbaycan Bayrağı” və “Rəşadət” ordenli general-mayor Münasib Babayevin rəhbərliyi ilə 4-cü Ordu Korpusunun, Vətən Müharibəsi Qəhrəmanı, “Rəşadət” ordenli general-mayor Kənan Seyidovun başçılığı ilə 5-ci Ordu Korpusunun və “Azərbaycan Bayrağı” ordenli general-mayor Məhəmməd Həsənovun rəhbərliyi ilə Əlahiddə Ümumqoşun Ordunun parad heyətləri tribuna önündən mətin addımlarla irəliləyiblər.

Hərbi Dəniz Qüvvələrinin dəniz piyadalarının parad heyətinə Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Xalid İbrahimov başçılıq edib.

Daha sonra Vətən Müharibəsi Qəhrəmanı general-mayor Namiq İslamzadənin rəhbərliyi ilə Hərbi Hava Qüvvələrinin parad heyətinin keçidi olub.

Dövlət Təhlükəsizliyi Xidmətinin “Qartal” xüsusi təyinatlılarının parad heyəti “Qarabağ” ordenli polkovnik Cabir Cəfərovun başçılığı ilə tribuna önündən keçib.

Sonra Xarici Kəşfiyyat Xidmətinin “Yarasa” xüsusi təyinatlılarının parad heyətinin keçidi olub.

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlılarının parad heyəti “Vətənə xidmətə görə” ordenli general-mayor Tofiq Hüseynovun başçılığı ilə Xankəndi şəhərinin mərkəzi meydanında irəliləyib.

Dövlət Sərhəd Xidmətinin parad heyətinə Vətən Müharibəsi Qəhrəmanı, “Vətənə xidmətə görə” ordenli general-mayor Babək Ələkbərov başçılıq edib.

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasının hərbi qulluqçularından ibarət parad heyəti polkovnik-leytenant Eldar Quliyevin başçılığı ilə tribuna önündən keçib.

Parad heyətlərinin keçidindən sonra antiterror tədbirləri zamanı müsadirə olunan hərbi texnikaların kiçik bir qismi qoşqular üzərində Xankəndi şəhərinin mərkəzi meydanına gətirilib. Müsadirə edilmiş hərbi texnikaların və nəqliyyat vasitələrinin nömrə nişanlarından hazırlanan və üzərində “Zəfər” sözü həkk edilən lövhə nümayiş olunub.

İkinci Qarabağ müharibəsində tarixi Zəfərin üçüncü ildönümü münasibətilə Xankəndi şəhərində təşkil edilən, Vətən müharibəsinin iştirakçısı, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbaninin aparıcısı olduğu hərbi parad “Qələbə” marşının ifası ilə başa çatıb.