Reportaj

Natiq Qasımovun şəkillərini çəkən FOTOQRAF kimdir...

Natiq Qasımovun şəkillərini çəkən FOTOQRAF kimdir...
11Oktyabr 202314:38

Birinci Qarabağ müharibəsində şücaət göstərmiş Natiq Qasımovun adı və şəkilləri son günlər sosial şəbəkələrin trendinə çevrilib.

“Qaradağ şahinləri” taborunun əsgəri olaraq Vətənin müdafiəsində iştirak etmiş Natiq Qasımov qəhrəmanlığı artıq dillər əzbəridir, indi kiçikdən böyüyə hamı onu tanıyır, qürur duyur.

İctimaiyyət nümayəndələri Natiqə Azərbaycanın Milli Qəhrəmanı fəxri adının verilməsi təkliflərini səsləndirir.  

Natiq Qasımov Xocalı rayonu, Pirlər kəndi yaxınlığındakı yüksəklikdə yerləşən Alban kilsəsi uğrunda döyüş zamanı 6 hərbçi yoldaşı həlak olduqdan sonra 5 gün ac-su-suz orada qalaraq təkbaşına savaşı davam etdirmişdi. Gülləsi qurtardığından 6-cı gün, 12 mart 1992-ci ildə rusiyalı və italiyalı jurnalistlər - Konstantin Smirnov və Enriko Sarzinin şahidliyi ilə Ermənistan hərbçiləri tərəfindən əsir götürülmüşdü.

Onun əsir götürlməsi faktı Rusiyada nəşr edilən “Oqonyok” jurnalının 1992-ci il 14 və 15-ci nömrələrində “Strax” adlı məqalədə təsvir edilmişdi.

Natiq Qasımovun qəhrəmanlığı və şücaəti düşmən hərbçiləri arasında necə vahimə və psixoloji gərginlik yaratmışdısa, erməni səhra komandiri Vitali Balasanyan ona şəxsən müharibə qanunlarına zidd olaraq dəfələrlə ağır işgəncələr vermiş və qətlə yetirmişdir.

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Natiq Qasımovun meyitinin Xocalı rayonu (keçmiş Əsgəran) ərazisində dəfn olunduğunu ehtimal edir.

Natiq Qasımovun çoxsaylı düşmən əhatəsindəki məğrur duruşunu, əsir götürülərkən üçrəngli Azərbaycan bayrağını ləyaqətlə daşımasını lentə almış italyan fotoqraf Enriko Sarziniyə minnətdar olmalıyıq ki, bənzəri olmayan belə bir cəsur döyüşçünün simasına işıq salıb.

Məhz Enriko Sarzininin sayəsində Natiqin şəkilləri bu gün sosial şəbəkələrdə, media səhifələrində tirajlanır.

İnternet resurslarından italiyalı fotoqrafla bağlı məlumatları araşdırmağa çalışdıq.

İtaliya mətbuatındakı məqalələrin birində Enriko Sarzini son 60 ildə tarixin ən mühüm hadisələrini yaşamış və lentə almış böyük fotojurnalist adlandırılıb.

Sarzininin çəkdiyi şəkillər dərin hekayələr danışa bilən və duyğular oyatmağı bacaran əsərlərdir. Natiq Qasımov isə bunun bir nümunəsidir.

Enriko Sarzini haqqında danışan bir italyan mədəniyyət işçisi deyib ki, o fotoqraf kimi anı tez qavramaq, hekayəni kadrda tutmaq bacarığına malik böyük istedad sahibi olub.

Enriko Sarzini 1938-ci ilin aprelində Romada anadan olub. İlk dəfə kameranı əlinə alanda 20 yaşı olub və İtaliyanın Latsio şəhərində həvəskar fotoqraflıq edib. Daha sonra onda fotoqraflığa həvəs güclənib. 1954-1966-cı illərdə özünə müəllim saydığı Di Paolodan dərs alıb, onun sayəsində fotoqrafiya dünyasında işləyə bilmək üçün lazımi biliklərə yiyələnib.

Ardınca paparassilik edib, lakin bir müddət sonra başa düşüb ki, bu iş onun üçün deyil.

1962-ci ildə o, nəhəng istedadının qiymətləndirildiyi Amerikaya köçüb və orada 1972-ci ilə qədər nüfuzlu “Life” jurnalında işləyib. Amerikada Enriko Sarzini gələcək həyat yoldaşı Nadine Liberlə tanış olub və evlənib.

Enriko Sarzini sonralar hərbi fotojurnalist kimi Vyetnam, Hindistan, Çin, Rusiya, Kuba, Fələstin, İran, keçmiş SSRİ məkanında, o cümlədən Azərbaycanın işğal olunmuş Qarabağ bölgəsində odlu-alovlu yollardan keçməli olub.

Onun münaqişə bölgələrindən çəkdiyi şəkillər müharibə aparan rejimlər tərəfindən yaxşı qarşılanmayıb. Çünki müharibə aparan tərəflər reallıqların xarici dünyaya çatdırılmasında qətiyyən maraqlı deyildilər.


O, təqaüdə çıxana qədər "Elle", "Marie Claire", "Vogue", "Le Figaro", "Capital" kimi nəşrləelə, ən məşhur moda jurnalları ilə əməkdaşlıq edib…

Sarsinin fotoşəkilləri ABŞ-ın müxtəlif muzeylərində və dünyanın bir sıra digər mədəniyyət ocaqlarında - Nyu-Yorkdakı Müasir İncəsənət Muzeyində, Çikaqodakı İncəsənət İnstitutunda, Kaliforniyadakı Onlayn Kitabxanada, Florensiyadakı Milli Mərkəzi Kitabxanada qorunur.





Əfqan Qafarlı