Yazar

Xomeyniçilik: “İrana bidət”ə dəvət edən siyasi ideologiya

Xomeyniçilik: “İrana bidət”ə dəvət edən siyasi ideologiya
10Noyabr 202223:26

Asif Nərimanlı

Azərbaycanda, ümumilikdə bu coğrafiyada inanclı insanların İrana bağlılığının-simpatiyasının kökündə şiəlik dayanır. Lakin İran rejiminin ixrac etdiyi ideologiya şiəlikdən daha çox, Xomeyniçilik prinsiplərinə söykənir.

Və “Allah, Quran, Xomeyni” ideologiyası ilə fani insanı Yaradan və onun kitabından sonra üçüncü cərgəyə qoyaraq ilahiləşdirən İranın (bu ölkədə Xomeyninin həyatı Quranla bərabər məktəblərdə dini vəsait olaraq tədris olunur) apardığı siyasətin əsasında Xomeyniçiliyin şiə məzhəbinin “təməl prinsipinə” çevirmək niyyəti görünür.

Molla rejiminin ixrac etdiyi siyasi-dini ideologiyanı anlamaq üçün bir sualın cavabı axtarışına ehtiyac var: “Xomeyniçilik Allaha, yoxsa İrana ibadəti buyurur?”.

İranda 1979-cu il “İslam inqilabı” ilə vaxtilə Şahın əleyhinə çıxdığı üçün sürgündə olan Ruhullah Xomeyni Fransadan Tehrana qayıtdı. Onun Avropa ölkəsindən İrana inqilab lideri olaraq dönüşü, ardınca Qərbə qarşı düşmən mövqe sərgiləməsi suallar yaradırdı. Hərçənd, dünyanın siyasi sistemində Xomeyninin hansısa məxfi razılaşmalar olmadan, özü də Avropa ölkəsindən İrana lider olaraq dönüşü mümkünsüz idi və burada onun Vaşinqtonla məxfi yazışmaları yada düşür. (BBC-nin 2017-ci il 11 iyun tarixində yayımladığı “Yanvarın iki həftəsi: Xomeyni ilə ABŞ-ın məxfi sövdələşməsi” sərlövhəli məqaləsindən: Xomeyni ABŞ-dan yolunun açılması kömək istəyirdi).

Konkret sənədlərə əsaslanan bu faktlar Xomeyninin hakimiyyətə gəlişində heç bir ilahi qüvvənin rol oynamadığını, əksinə, sonradan “Böyük şeytan” adlandıracağı Birləşmiş Ştatların əməyi aydın görünür. Nə qədər gizlətmək istəsələr də, tarix Ruhullah Xomeyninin “Allahın elçisi”, yaxud “Yer üzərindəki canişini” ideologiyasının sadəcə İranın inanclı insanları ələ almaq üçün ucuz təbliğatından başqa bir şey olmadığının şahididir.

İnqilabdan sonra İranın ABŞ-a qarşı sərt mövqeyi, xüsusilə amerikalı diplomatların girov alınması Vaşinqtonla Xomeyninin məxfi yazılaşmaları fonunda fikirləri qarışdırır, ortaya suallar çıxarır. Bununla bağlı iki mümkün versiya var:

- Məxfi razılaşma: inqilabdan sonra ABŞ-ın Yaxın Şərqdə atdığı bütün addımların İranın yolunun açılması ilə nəticələnməsi bu fikri gücləndirir;

- Siyasi gediş: Xomeyni əvvəlcə amerikalıları inandırdı, daha sonra razılaşmanı pozdu;

Hər iki fikr üzərindən müzakirələr açmaq olar, lakin bu məsələdə bir aksioma var: Xomeyni Allahın yox, Qərbin göndərdiyi adamdır;

1970-ci illərdə Qərb üçün SSRİ-nin sərhədləri dibində dünyəvi və getdikcə Moskvaya ilıq münasibət sərgiləyən Şah rejimindənsə, kommunizmin yayılmasının qarşısında sədd olacaq radikal dini rejim daha münasib idi. (Bjezinskinin “Böhranlı Aypara” strategiyası). Xomeyninin hakimiyyətə gələndən sonra İranda, xüsusilə Cənubi Azərbaycanda sol hərəkatının məhv edilməsi də diqqəti bu istiqamətə çəkir. Faktlar deməyə əsas verir ki, siyasi planlarda bir fiqur kimi Xomeyninin missiyası həm kommunizmin yayılmasının qarşısını almaq, həm də İslam dünyasında parçalanmanı dərinləşdirmək idi.

Ruhullah Xomeyni İrana qayıdanda onun Həzrət Əliyə bənzədilməsi prosesi başlandı. Bu, təkcə kütlənin eyforiyası yox, həm də şüurlu gediş idi. 1978-ci ildə Xomeyninin böyük oğlu Mustafa Nəcəfdə qətlə yetirilir, Xomeyninin tərəfdarları bu qətlin Şah tərəfindən həyata keçirildiyini iddia edərək, Qumda etirazlara başlayırlar. Proseslərin sonu inqilab və Xomeyninin lider olaraq Tehrana gəlişi ilə nəticələndi. Dini təbliğat da belə quruldu: Həzrət Əlinin oğlu İmam Hüseyn Kərbəlada qətlə yetirildi və bu, İslam tarixində inqilabın simvoluna çevrildi, Xomeyninin oğlu da qətlə yetiriləndən sonra İranda inqilab başlandı. Yəni Həzrət Əli və Xomeyni övladı qətlə yetirilən ata statusunda göstərildi.

Xomeyninin imam olması (burada imam camaatın önündə namaz qıldıran statusunda yox, İmamət mərtəbəsinə yüksələn kimi qəbul edilir) isə “Vilayəti-Fəqih” nəzəriyyəsinin nəticəsidir. Xomeyninin Nəcəfdə dərs deyərkən irəli sürdüyü bu nəzəriyyə şiəliyin cəfərilik qolunda siyasi idarəçiliyin yeni üslubu fikrinə əsaslanır, hərçənd, şiə din alimləri tərəfindən qəbul edilmir. Xomeyni iddia edirdi ki, 12-ci imam (Mehdi) qeybdə olduğu üçün müctəhidlər (dini məsələlərdə hökm verənlər) onun naibləridir və bu naiblər Mehdi zühur edənə qədər siyasi hakimiyyəti onun təmsilçisi olaraq idarə edə bilərlər.

Mehdinin zühuru haqqında bütün səmavi dinlərin hədis ədəbiyyatında bəhs edilir, lakin Xomeyninin irəli sürdüyü nəzəriyyə siyasi Olimpə yüksəlmək üçün ortaya atılmış ideya idi. O, iddia edirdi ki, “Vilayəti-Fəqih” Mehdinin səlahiyyətli nümayəndəsidir və onun zühuruna qədər dini rəhbərin bütün əmrləri yerinə yetirilməlidir, çünki bu, əmrlər əslində qeybdəki imamın əmrləridir. Hətta İranda Xomeyninin Mehdi ilə gizlində görüşdüyü haqqında rəvayətlər də uydurulurdu, əslində bu dini kəsimin hisləri üzərindən “mütləq hakimiyyətin” qurulması məqsədinə xidmət edirdi. Daha sonra əfsanələr bir qədər də şişirdilərək, Xomeyninin əslində Mehdinin özü olduğu iddiaları da ortaya atıldı.

Xomeyni hakimiyyətə gələn kimi ilk hədəfi İslam inqilabında rol oynamış, lakin dünyəvi dövlət ideologiyasını dəstəkləyən dini liderlər oldu. Azərbaycanlı din xadimi Ayətullah Şəriətmədarinin yaşadığı müsibətlər bunun bariz nümunəsidir. Xomeyninin “Vilayəti-Fəqih” nəzəriyyəsini dəstəkləməyən Şəriətmədarinin Qumdakı evi ələ keçirildi, özü ev dustaqlığına məhkum edildi. Xərçəng xəstəsi olan Şəriətmədarinin müalicə olunmasına icazə verilmədi, nəticədə xəstəlikdən dünyasını dəyişdi. Hətta Xomeyni vaxtilə ona müəllimlik etmiş Şəriətmədarinin İslam qaydalarına uyğun dəfninə də icazə vermədi. Şəriətmədarinin timsalında Cənubi Azərbaycanda 10 minlərlə insan məhkəmə hökmü olmadan edam edildi, 100 minlərlə insan həbsxanalara atıldı və sürgün olundu. 1980-ci ildə SEPAH-ın Cənubi Azərbaycana tanklarla girişi və törətdikləri özünü “Mehdinin naibi” elan edən Xomeyninin siyasi hakimiyyət uğrunda nələr edə biləcəyini göstərdi. Cənubi Azərbaycanda törədilənlər həm sol hərəkatının məhv edilməsi, həm də dinin dövlətdən ayrı tutulması ideyasını dəstəkləyən, bununla da Xomeyninin “siyasi şiəlik” planlarına mane olanların “dəfn edilməsi” idi.

Böyük şiə din alimi Əbülqasim Xoyi də Şəriətmədarinin taleyini yaşadı, sadəcə olaraq, o, İraqa sürgün olunduğu və 1992-ci ildə ölümünə qədər orada sağ qala bildiyi üçün daha şanslı idi. Xoyinin günahı hələ Xomeyni Nəcəfdə olarkən irəli sürdüyü “Vilayəti-Fəqih” nəzəriyyəsinə qarşı çıxması olmuşdu. Onun oğlu Əbdülməcid Xoyi 2003-cü ildə Səddamın devrilməsindən sonra İraqda Xomeyninin əsas gücü olan Sədr ailəsi tərəfindən, daha dəqiq desək, Müqtəda Sədr tərəfindən qətlə yetirildi. Həmin vaxt Xomeyni vəfat etmiş, yerini Xamneyi tutmuşdu, lakin Xomeyniçilik artıq İranın siyasətində əsas ideologiya idi və Xamneyi sələfinin yolunu davam etdirirdi.

Müqtəda Sədr Əbdülməcidin qətlindən sonra Səddam dövründə İrana köçən və 9 il Tehranda yaşamış Nuri əl-Malikini hakimiyyətə gətirdi. Bu, Xomeyninin 8 illik müharibədə əsas məqsədi olan İraqa hakim olmaq planının onun ölümündən sonra həyata keçirilməsi idi. İraqa nəzarət şiələrin müqəddəs məkanları olan Nəcəf və Kərbəlaya nəzarət etmək, bu müqəddəs məkanlar üzərindən həm siyasi, həm biznes maraqlarının həyata keçirilməsi deməkdir. İran bu məqsədi uğrunda milyonlarla şiənin ölümü ilə nəticələnən 8 illik müharibə apardı. Əbdülməcidin qətli də buna hesablanmışdı, çünki müharibəyə rəğmən Səddamın dövründə istədiyini alma bilməmişdi, Səddamdan sonra Əbdülməcidin hakimiyyətə gəlmək imkanı mümkün ssenari kimi görünürdü və İran buna imkan verməzdi. 2003-cü ildə Əbdülməcid kimi Məhəmməd Bakir al Hakimi də Xomeyniçiliyə təhdid kimi göründüyü üçün eyni taleyi yaşadı.

Beləliklə, Xomeyniçilik cərəyanının yayılmasına potensial maneə olaraq gördükləri şiə dünyasının nüfuzlu din alimləri və şəxsləri bir-bir sıradan çıxarıldı və İranın imperiya maraqlarının şiəlik kimi ixracı genişləndirildi.

İranın Xomeyniçiliyə əsaslanan xarici siyasət doktrinasına nəzər yetirdikdə də bütün məsələnin nə Kərbəla müsibəti, nə Əhli-beyt eşqi, nə də şiəlik olduğu aydın olur, bütün məsələ İranın imperiya maraqlarıdır və bu məqsəd uğrunda din də, şiəlik də, inanclar da qurban verilir.

Tədqiqatçılar İran imperiyasının yaradılmasına əsaslanan və Xomeyniçilik üzərində qurulan doktrinanı əsasən 3 hissəyə bölürlər:

- “İslam İnqilabı” bütün dünyanın yenidən qurulmasını həyata keçirməlidir: yəni bütün dünya İranın şəmsiyyəsi altında olmalıdır;

- “İslam İnqilabı” bütün müsəlmanlar üçün eyni mənaya malikdir. “Sənin üsyanın, İran gəncləri, sənin üsyanın İran xalqı ilahi, Quran və İslam dirçəlişi üçün müqəddəs mübarizədir, şübhəsiz, dünyanın bütün müsəlmanları onun təsiri altına düşəcəklər”, - Xomeyni bildirir və bununla əslində İranın siyasi hədəflərini ortaya çıxarırdı;

- Xomeyniçilik təcrübəsi inqilabi təcrübə olaraq, İslam konsepsiyası kimi təbliğ edilir: təkcə bu məqam Xomeyniçiliyin yeni dini cərəyan kimi meydana gəldiyini, nə İslamın, nə də İslamın şiə məzbəhinin təməl prinsiplərinə uyğun olmadığını təsdiq edir;

Və bir daha aydın olur ki, Xomeyniçilik nə Allaha, nə onun dini İslama, nə də İslamın şiə məzhəbinə ibadət yox, İrana bidətdən, bu ölkənin imperiya maraqlarından xidmətdən ibarətdir.

Müəllifin digər yazıları

Ruslar bu yolla Qarabağdan çıxarıla bilər – Ərdoğandan Putinə MESAJ

Ruslar bu yolla Qarabağdan çıxarıla bilər – Ərdoğandan Putinə MESAJ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya sülhməramlılarının 2025-ci ildə Qarabağı tərk edəcəyinə dair açıqlamasında iki önəmli məqam diqqət çəkir:

- 10 noyabr razılaşmasında sülhməramlıların missiyasının bitmə vaxtı 2025-ci il göstərilsə də, bundan nadir hallarda bəhs olunurdu: Tür

Paşinyanın Putinə zəngi: ermənilər Kremldən nə istədi...

Paşinyanın Putinə zəngi: ermənilər Kremldən nə istədi...

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə zəng edib, ardınca Xankəndindəki separatçıların “başçısı” Arayik Arutyunyan qondarma “təhlükəsizlik şurası”nın iclasını keçirib. Orada qeyd olunub ki, İrəvandan Kremlə edilən telefon zəngi Arayikin xahişi ilə baş tutubmuş.

Priqojin niyə geri çəkildi: Putinə qarşı “üsyan”, yoxsa “səhnələşdirilmiş oyun”?

Priqojin niyə geri çəkildi: Putinə qarşı “üsyan”, yoxsa “səhnələşdirilmiş oyun”?

“Vaqner” hərbi dəstəsinin rəhbəri Yevgeni Priqojinin geri çəkilməsi baş verənlərlə bağlı cavabı proseslərin inkişafında ortaya çıxacaq sual yaradır: bu qiyam idi, yoxsa Putinsiz Rusiyanın necə olacağını ictimai rəyə nümayiş etdirmək üçün səhnələşdirilmiş oyun?!

“Vaqner”lə Rusiya ordusu ara

Qarabağda Babayan-Vardanyan döyüşü

Qarabağda Babayan-Vardanyan döyüşü

Asif NərimanlıQarabağda separatçılar arasında intensivləşən “siyasi mübarizə”də iki şəxs önə çıxıb: Samvel Babayan qondarma “dövlət naziri” olmaq niyyətindədir; bu postdan uzaqlaşdırılan Ruben Vardanyan yenidən “dirilir”.

Laçın postunun qurulmasından sonra mövc

Paşinyan niyə “1 iyun”a hazırlaşır?

Paşinyan niyə “1 iyun”a hazırlaşır?

Asif Nərimanlı 

Vaşinqtonda fikir ayrılıqlarını həll edə bilməyən Bakı və İrəvan arasında növbəti görüş Brüsseldə, ardınca Kişinyovda keçiriləcək.

Liderlər səviyyəsində baş tutacaq Brüssel və Kişinyov görüşündə Paşinyan ən çox ikinciyə - iyunun 1-də Avropa Siyasi Bi