Mİ6 şefini İrəvana gətirən səbəblər...
Asif Nərimanlı
Britaniya kəşfiyyatının şefi Riçard Murun İrəvan səfəri iki kontekstdə diqqət çəkir.
Birincisi, səfərin regional xarakter daşımasıdır: belə səfərlər bir çox hallarda məxfiliyi ilə seçilir, bu baxımdan, Mİ6 şefinin Bakıda da olması, yaxud İrəvandan sonra Bakıya da gələcəyi istisna deyil; iyul ayında ABŞ-ın kəşfiyyat rəhbəri Uilyam Börns İrəvana səfər edərkən, onun Bakı və Tbilisidə də olduğu, lakin səfərin təkcə Ermənistan hakimiyyəti tərəfindən açıqlandığına dair məlumatlar var idi; Paşinyan hakimiyyəti belə məlumatlarla Rusiya qarşısında “qiymətini bahalaşdırmaq” gedişi edə bilər, Börnsün səfərindən üç gün sonra Narışkinin İrəvana uçması da bu fikri gücləndirən amillərdən idi; bu baxımdan, Mİ6 şefinin regional səfərinin “ictimaiyyətləşdirilməsi” də buna hesablana bilər;
İkincisi, Xankəndi-Laçın yolunda azərbaycanlıların Qarabağ məsələsinə, ümumilikdə regional siyasətin bundan sonrakı mənzərəsinə təsir edə biləcək aksiyasıdır: aksiyanın qızıl yataqlarına girişlə bağlı olduğu və işğaldan azad olunmuş ərazilərdəki mədənlərdə ingilis şirkətlərinin iştirakı arasında paralellik apardıqda, Murun səfərində bu amilin rol oynadığı ehtimalı yarana bilər; Ki, belə fikirlər səsləndirilir, hərçənd, regional proseslər fonunda bu, olduqca kiçik detaldır və Mİ6 şefinin gəlişində əsas hədəf bu ola bilməz; aksiya və Murun səfəri arasında paralellik apardıqda burada önə çıxan amil Zəngəzur dəhlizidir;
- Laçın yolunda baş verənlər həm də Bakının “Zəngəzur və Laçın dəhlizi eyni rejimdə işləyəcək” hədəfində praktiki olaraq atılan ilk addım hesab edilə bilər;
- Zəngəzur dəhlizi ingilislərin də marağında olan Avrasiyanın nəqliyyat şəbəkəsində mühüm marşrutlardan biridir və iqtisadi əhəmiyyəti qədər siyasi əhəmiyyəti də var;
Murun səfərində bu məqamın əsas olduğunu demək mümkündür, lakin hadisələrin inkişafı fonunda o da istisna deyil ki, Zəngəzur dəhlizinin ruslarsız həyata keçirilməsi planı var: Bakı Laçın dəhlizində gömrük postu qurur (aksiya bunun ola bilməsi gözləntisini artırdı), Naxçıvana “maneəsiz keçid” üzərində ortaq mövqe tapılır və rusların Qarabağdan çıxmasına ingilislər dəstək verirlər;
Təbii ki, bu hadisələr üzərindən önə çıxan ehtimallardır, lakin bütün hallada Murun səfəri regionda proseslərin inkişafına ciddi təsir göstərə bilər.