Sabiq milli təhlükəsizlik naziri vəfat edib - DOSYE
Azərbaycanın sabiq milli təhlükəsizlik naziri, general-polkovnik Namiq Abbasov ötən axşam vəfat edib.
Təqaüddə olan 84 yaşlı sabiq nazir son illər Bakı ətrafındakı bağ evində yaşamağa üstünlük verirdi. Bu da səbəbsiz deyildi, Namiq Abbasov 2018-ci ildə insult keçirmiş, ciddi müalicələrdən sonra səhhəti normallaşmışdı. Səhhətindəki problemi nəzərə alan həkimlər ona daha sakit məkanda yaşamağı tövsiyə etmişdilər.
Qeyd edək ki, N.Abbasov 84 yaşını bu yaxınlarda – fevralın 22-də tamamlamışdı.
Azlist.az saytı eks-nazirin dosyesini təqdim edir:
Namiq Abbasov 1940-cı il fevralın 22-də Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. 1962-1976-cı illərdə "Abşeron" qəzetində rəhbər vəzifədə çalışıb. 1970-ci ildən partiya işinə keçib, Azərbaycan KP Abşeron RK-nin II katibi vəzifəsində işləyib.
1977-ci ildən təhlükəsizlik orqanlarında fəaliyyətə başlayıb 1979-cu ildə SSRİ DTK-nın Ali Məktəbini bitirib şöbə rəisinin müavini, şöbə rəisi, Azərbaycan SSR DTK sədrinin müavini kimi vəzifələrdə işləyib.
1989-92-ci illərdə Rusiyanın Murmansk şəhərində keçmiş DTK sistemində çalışan eks-jurnalist N.Abbasov hələ sabiq prezident Elçibəyin vaxtında - 1992-ci ildə Azərbaycan milli təhlükəsizlik nazirinin müavini təyin edilib. Daha sonra nazirin birinci müavini vəzifəsinə irəli çəkilib.
Heydər Əliyev hakimiyyətə gəldikdən sonra general N.Abbasov sabiq nazir Nəriman İmranovun vəzifədən getməsindən sonra milli təhlükəsizlik naziri təyin edilib. Bu, 1995-ci ilin mart ayına baş verib.
N.Abbasov 1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək Azərbaycan Respublikası milli təhlükəsizlik naziri vəzifəsində işləyib, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib.
Nazir postundan azad ediləndən sonra o, 2004-cü ilin 16 dekabr tarixində ölkə başçısının sərəncamı ilə Azərbaycanın Özbəkistandakı səfiri təyin edilib.
2012-ci il oktyabrın 31-də Prezident İlham Əliyev Azərbaycanın Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Namiq Rəşid oğlu Abbasovun vəzifəsindən geri çağırılması barədə sərəncam imzalayıb.
Səfir vəzifəsini tərk etdikdən sonra təqaüdə çıxıb.