Dünya

Hikmət Mirzəyevdən qisas almaq istəyən amerikalı konqresmen KİMDİR...

Hikmət Mirzəyevdən qisas almaq istəyən amerikalı konqresmen KİMDİR...
24Aprel 202416:24

ABŞ-ın bir qrup konqresmeni Azərbaycanın əksəriyyəti hərbçilər olan 40 nəfər yüksək vəzifəli şəxsinə sanksiya tətbiq edilməsi təşəbbüsü irəli sürüb.

“Sanksiya siyahısı”nın əsas səbəbi kimi Azərbaycanda insan haqları göstərilsə də, əslində hədəf 44 günlük müharibədəki qələbəyə və Qarabağda erməni separatizminin ləğvinə görə cəza tədbirlərinin tətbiq edilməsidir.

Siyahıda müdafiə nazirinin müavini, general-leytenant Hikmət Mirzəyevin, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyevin, Dövlət Sərhəd Xidmətinin yüksək rütbəli zabitlərinin olması əsl mövzunun mahiyyətini ortaya qoyur. Yəni, mövzu insan hüquqları deyil...

“Sənəd”ə 44 günlük müharibədə və antiterror əməliyyatında iştirak edən yüksək rütbəli hərbçilərimizin adınmın daxil edilməsi ermənipərəst konqresmenlərin qisas almaq istəyindən xəbər verir. Erməni lobbisi özlüyündə ərazi bütövlüyümüzün bərpa edilməsi və erməni seprataçılarının təmizlənməsini həyata keçirən hərbçilərimizi cəzalandırmaq niyyətindədir.

“Sənəd”in əsas müəllifi Dina Titus erməni lobbisinin ABŞ-dakı ən aktiv üzvlərindəndir,


Dina Titus ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvüdür. 1950-ci ildə doğulub. Etnik baxımdan yunan, ortodoks xristiandır...
 

O, Türkiyə və Azərbaycana nifrətlə yanaşan konqresmenlərdəndir. Dina Titus həm də Amerika Erməniləri Milli Komitəsinin (ANCA) ən sevimli himayəçilərindən biridir.

D.Titus ABŞ-ın iqtidarda olan Demokratlar Partiyasının da üzvüdür. Co Baydenin qondarma “erməni soyqırımı”nı rəsmən tanıması üçün "böyük işlər" görüb...


2020-ci il oktyabrın 1-də Titus dövlət katibi Mayk Pompeoya Azərbaycanın ermənilərin məskunlaşdığı Qarabağın dağlıq hissəsinə qarşı hücum əməliyyatlarını pisləyən məktub da yazıb. O, Türkiyəni də Qarabağ müharibəsində Azərbaycana dəstək verməkdə dəfələrlə ittiham edib.

Amerika Erməni Milli Komitəsinin rəsmi saytında Dina Titus vaxtaşırı tərənnüm edilir.

Ekspertlər Dina Titus başda olmaqla ermənipərəst konqresmenlərin sanksiya təşəbbüsünün qəbul edilməsini mümkün saymırlar:

Siyasi təhlisi Asif Nərimanlı deyir ki, sanksiya təşəbbüsünün qəbul edilməsi perspektivi zəifdir:

“Xüsusilə Nümayəndələr Palatasının xarici əlaqələr komitəsində müzakirələrdən ABŞ prezidentinə təqdimata qədər uzanan prosedur qaydaları bunu deməyə əsas verir. Eyni zamanda, ABŞ-ın xarici siyasət maraqları bunun mümkün olması ehtimalını azaldır. Sanksiya təşəbbüsünü erməni lobbisinin qondarma “soyqırımı”nın ildönümündə ANCA-ya “hədiyyəsi” də hesab etmək olar”.