Dünya

“Telegram”ın Bakıdan qayıdan sahibi SAXLANILDI

“Telegram”ın Bakıdan qayıdan sahibi SAXLANILDI
25Avqust 202401:50

“Telegram” sosial şəbəkəsinin qurucusu və baş direktoru, rus milyarder Pavel Durov Paris yaxınlığındakı Burke hava limanında saxlanılıb. Onun yanında bir qadın və mühafizəçi olub.

Azlist.az xarici mediaya istinadən xəbər verir ki, P.Durov şəxsi təyyarəsi ilə Azərbaycandan Fransaya eniş edib. Durovun 2021-ci ildə aldığı Fransa vətəndaşlığı var.

TF1 və BFM televiziyalarının məlumatlarına əsasən, Fransa polisi “Telegram” mesajlaşma proqramında cinayət fəaliyyətinin maneəsiz yayılmasına imkan verildiyini hesab edir. Onun axtarışı üçün ölkənin yetkinlik yaşına çatmayanlara qarşı cinayətlərlə mübarizə idarəsi müraciət edib. 

TF1-in məlumatına görə, "Telegram" messencerinin təsisçisi narkotik vasitələrin yayılması, uşaqlara qarşı cinayətlər, çirkli pulların yuyulması və dələduzluq kimi bir sıra ağır cinayətlərdə ittiham oluna bilər. 

Qeyd edək ki, 1 milyarda yaxın istifadəçisi olan “Telegram” Rusiya, Ukrayna və keçmiş Sovet İttifaqının digər respublikalarında xüsusilə təsirlidir. “Facebook”, “YouTube”, “WhatsApp”, “Instagram”, “TikTok” və “Wechat”dan sonra əsas sosial media platformalarından biri hesab olunur.

Rusiya əsilli Durov “Telegram”ı 2013-cü ildə qardaşı ilə birlikdə yaradıb. O, 2014-cü ildə satdığı “VKontakte” sosial media platformasında hökumətin müxalifət icmalarını bağlamaq tələblərini yerinə yetirməkdən imtina etdikdən sonra Rusiyanı tərk edib.