Qukasyanın həbs müddəti uzadıldı
Qarabağdan qovulmuş separatçı rejimin qondarma “prezidenti” olmuş Arkadi Qukasyan haqda seçilmiş həbs qətimkan tədbirinin növbəti dəfə uzadılması ilə bağlı məhkəməyə müraciət edilib.
Azlist.az xəbər verir ki, bununla bağlı təqdimata Binəqədi Rayon Məhkəməsində baxılıb.
Təqdimatda təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbrinin daha bir neçə ay uzadılması istənilib.
Məhkəmə təqdimatı əsaslı hesab edib. Qərara əsasən, A.Qukasyanın həbsdə saxlama müddəti 5 ay uzadılıb.
Qeyd edək ki, ötən il keçirilən antiterror əməliyyatından sonra Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, sabiq “xarici işlər naziri” David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı həbs edərək Bakıya gətirib.
Onlar çoxsaylı cinayət əməllərinin törədilməsində ittiham olunurlar