Toplum

Nikahlar azalır, boşananlar artır – Azərbaycan əhalisnin SAYI

Nikahlar azalır, boşananlar artır – Azərbaycan əhalisnin SAYI
16May 202413:55

Ölkə əhalisinin sayı 9016 nəfər və ya 0,1 faiz artaraq 2024-cü il aprel ayının 1-i vəziyyətinə 10189786 nəfərə çatıb. 

Azlist.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. 

Bu il aprel ayının əvvəlinə əhalinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 23 faizi Bakı şəhərində, 9,2 faizi Lənkəran-Astara, 8,6 faizi Abşeron-Xızı, 7,3 faizi Qarabağ, 7,1 faizi Mərkəzi Aran, 6,7 faizi Qazax-Tovuz, 6,2 faizi ŞəkiZaqatala, 5,9 faizi Gəncə-Daşkəsən, 5,4 faizi Quba-Xaçmaz, 5,1 faizi Mil-Muğan, 4,9 faizi Şirvan-Salyan, 3,1 faizi Dağlıq Şirvan, 2,9 faizi Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşayıb.

Cari ilin ilk üç ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 24526 doğulan körpə qeydə alınıb. 

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,1-dən 9,7-yə düşüb. Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 52,7 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 47,3 faiz olub. 

Körpələrdən 828-i əkiz, 39-u isə üçəm doğulub. Əhalinin hər 1000 nəfərinə doğum səviyyəsi Şərqi Zəngəzur (12,1), Dağlıq Şirvan və Qarabağ (11,6), LənkəranAstara (11,4), Mil-Muğan (11,1), Mərkəzi Aran (10,9), QubaXaçmaz (10,7), Qazax-Tovuz və Şirvan-Salyan (10,6) iqtisadi rayonlarında ölkə göstəricisindən yüksək olub.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin birinci rübündə 10081 nikah və 5124 boşanma halları qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,7-dən 4,0-a düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,0) qalıb. 

Nikah səviyyəsi Qarabağ (5,0), Şərqi Zəngəzur (4,9), MilMuğan (4,7), Qazax-Tovuz və Lənkəran-Astara (4,5), Mərkəzi Aran (4,4), Gəncə-Daşkəsən (4,2) iqtisadi rayonlarında ölkə göstəricisindən yüksək olub.

2024-cü ilin yanvar-mart ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 616 nəfər gələn, Azərbaycandan isə 481 nəfər gedən qeydə alınıb. 

Miqrasiya saldosu ölkə üzrə müsbət 135 nəfər təşkil edib.

Bu ilin yanvar-mart aylarında ölkədə 15645 ölüm halı qeydə alınıb. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6,7-dən 6,2-yə düşüb.