Dünya

Bayden prezidentlik yarışından çəkildi - Harrisi məsləhət gördü

Bayden prezidentlik yarışından çəkildi - Harrisi məsləhət gördü
21İyul 202423:32

ABŞ lideri Co Bayden qarşıdakı prezident seçkilərində namizəd olmayacaq.

Azlist.az xəbər verir ki, o bu barədə sosial media hesabında yazıb. 

ABŞ lideri yenidən seçilmək istəmədiyini və prezidentlik yarışını tərk etdiyini qeyd edib. 

"Əminəm ki, geri çəkilsəm və diqqətimi xalqa xidmətə cəmləsəm, partiya və ölkə üçün daha yaxşı olacaq", - Bayden qeyd edib. 

O, səlahiyyət müddətinin sonuna qədər vəzifəsində qalacağını bildirib. 

Dövlət başçısı bu həftə xalqa müraciətində qərarı barədə daha çox danışacağını vurğulayıb.

Bayden Demokratlar Partiyasına hazırkı vitse-prezident Kamala Harrisin prezidentliyə namizədliyini məsləhət görüb.

“Mən partiyamızın bu il vitse-prezidentliyə namizədi Kamala Harrisə tam dəstəyimi və təsdiq etdiyimi bildirmək istəyirəm. Demokratlar, birləşmək və Donald Trampı məğlub etmək vaxtıdır. Gəlin bunu edək”, – Bayden bildirib.

Atası yamaykalı, anası hindistanlı olan Kamala Devi Harris 1964-cü il təvəllüdlüdür. Hüquq doktorudur. Kaliforniya baş prokuroru vəzifəsində çalışıb və oradan senator seçilib. ABŞ tarixinin ilk qadın vitse-prezidentidir.

Xatırladaq ki, Tramp bundan əvvəlki seçkilərdə demokratların xanım namizədini Hillari Klintonu məğlub etmişdi və onun ABŞ-ın ilk qadın prezidenti olmasını əngəlləmişdi.

ABŞ-da prezidnt seçkisi bu il noyarın  5-də keçiriləcək.