HƏMAS lideri Tehranda öldürülüb
Fələstinin HƏMAS hərəkatının siyasi bürosunun sədri İsmayıl Haniyə öldürülüb.
Azlist.az xəbər verir ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəayn edib ki, HƏMAS lideri İsmayıl Haniyə bu gün səhər saatlarında İranın paytaxtı Tehranda baş verən hücum nəticəsində öldürülüb.
İran mətbuatında yer alan xəbərə görə, İsmayıl Haniyə Tehrandakı iqamətgahına edilən terror aktının qurbanı olub.
Hücum zamanı Haniyənin mühafizəçilərindən birinin də öldüyü qeyd edilib.
HƏMAS-ın Siyasi Bürosu olayla bağlı bəyanat yayıb və bildirilib ki, İsmayıl Haniyənin öldürülməsi cavabsız qalmayacaq.
İsmayıl Haniyənin oğlu Əbdüsselam atasının ölümü ilə bağlı mesaj yayıb.
O, mesajında "atam istədiyinə nail oldu. Müqavimət sui-qəsdlə bitmir və HƏMAS müqavimət göstərməyə davam edəcək" deyib.
HƏMAS lideri İsmayıl Haniyə kimdir?
O, 1963-cü ildə Qəzza zolağındakı Elşatı qaçqın düşərgəsində anadan olub.
İbtidai və orta təhsilini Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən maliyyələşdirilən Fələstin düşərgələrində açılan məktəblərdə başa vurub. O, orta məktəb illərində Müsəlman Qardaşlar Hərəkatına qoşulub. Bunununla yanaşı, İslamçı Tələbələr Dərnəyində siyasi işlər də həyata keçirib.
İsmayıl Haniyə İslam Universitetinin ərəb dili və ədəbiyyatı fakültəsini bitirib.
O, 1992-ci ildə HƏMAS hərəkatının 415 üzvü ilə birlikdə Cənubi Livana sürgün edilib. 2001-ci ildə azadlığa çıxandan sonra ölkəsinə qayıdıb. Bu müddət ərzində İsmayıl Haniyə İntifada Koordinasiya Komitəsində Həmas təmsilçisi təyin edilib.
İsmayıl Haniyə,2 iyun 2014-cü ildən 2017-ci ilin 13 fevralına qədər Qəzza zolağı administrasiyasının rəhbəri vəzifəsində çalışıb. O, 2017-ci il mayın 6-dan HƏMAS-ın Siyasi Bürosunun rəhbəri idi.