Media

Jurnalist İlham Cəmiloğlu vəfat etdi

Jurnalist İlham Cəmiloğlu vəfat etdi
20Avqust 202411:17

Jurnalist İlham Cəmiloğlu vəfat edib. 

Azlist.az xəbər verir ki, bu barədə mərhumun qardaşı Hikmət Xudiyev bildirib.  

İlham Cəmiloğlu ötən gecə ürək tutmasından vəfat edib. 

Qeyd edək ki, İlham Cəmiloğlu uzun müddət media sahəsində fəaliyyət göstərib. 

İlham Cəmil oğlu Xudiyev 1965-ci il yanvarın 25-də Xankəndi şəhərində müəllim ailəsində anadan olub. Xankəndi şəhər Nizami Gəncəvi adına 4 saylı orta məktəbdə orta təhsil alıb. 1984-1986-cı illərdə keçmiş Sovet ordusunda həqiqi hərbi xidmət keçib.

Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib.

1991-1998-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyində hərbi jurnalist kimi fəaliyyət göstərib, "Azərbaycan Ordusu" və "Qarabağ" qəzetlərində çalışıb. Modern.az və Müsavat.com saytları ilə əməkdaşlıq edib. Qarabağ müharibəsinin veteran zabiti idi. 

“Mən Azərbaycan vətəndaşıyam”, “Şuşadan Şəhidlər Xiyabanına”, “Müstəqil Azərbaycan”, “Bizim ziyalılar”, “Qarabağ müharibəsi – faktlar və həqiqətlər”, “Erməni təcavüzünün Qarabağ ünvanı”, Ukrayna dilində “Xocalı – yaddaşlardan silinməyən tarix” və digər kitabların müəllifidir.

Allah rəhmət eləsin.