COP29 nədir və onunla bağlı bunları bilirsinizmi…
COP “Conference of the Parties”, yəni Tərəflərin Konfransı adlanır və qarşısında olan rəqəm də tədbirin sayını göstərir.
COP bir sıra iqlim dəyişikliyi məsələlərini müzakirə etmək və danışıqlar aparmaq üçün dünya liderlərini, hökumət rəsmilərini, alimləri, QHT-ləri və digər maraqlı tərəfləri bir araya gətirən böyük platformadır.
Almaniyada keçirilən Petersberq İqlim Dialoqu zamanı COP 29-da dialoqun əsas mövzusunun iqlim dəyişikliyinin azaldılması tədbirlərinin maliyyələşdirilməsi olacağı açıqlanıb.
COP 28 keçən il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş tutub.
COP-un keçirildiyi illər və məkanlar:
1995 - Berlin (Almaniya), 1996 - Cenevrə (İsveçrə), 1997- Kyoto (Yaponiya), 1998 - Buenos-Ayres (Argentina), 1999 - Bonn (Almaniya), 2000 - Haaqa (Niderland), 2001 - Bonn (Almaniya), 2001- Mərakeş (Mərakeş), 2002 - Yeni Dehli (Hindistan). 2003 - Milan (İtaliya), 2004 - Buenos-Ayres (Argentina), 2005 - Monreal (Kanada), 2006 - Nayrobi (Keniya), 2007 - Bali (İndoneziya), 2008 - Poznan (Polşa), 2009 - Kopenhagen (Danimarka), 2010 - Kankun (Meksika), 2011 - Durban (Cənubi Sudan), 2012 - Doha (Qətər), 2013 - Varşava (Polşa), 2014 - Lima (Peru), 2015 - Paris (Fransa), 2016 - Mərakeş (Mərakeş), 2017 - Bonn (Almaniya), 2018 - Katovitse (Polşa), 2019 - Bonn (Almaniya), 2019 - Madrid (İspaniya), 2021 - Qlazqo (Birləşmiş Krallıq), 2022 - Şərm əş-Şeyx (Misir), 2023 - Dubay (BƏƏ), 2024 - Bakı (Azərbaycan)
COP tədbirinin məqsədi nədir?
COP tədbirlərinin məqsədi Paris Sazişinin tələbi olaraq dünyada karbon qazının (CO2) miqdarını sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq üzrə irəliləyişə nail olmaqdır.
Bundan başqa, inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinin təsirini azaltmaq və uyğunlaşmaqda kömək etmək məqsədilə maliyyə yardımı üçün fond toplayırlar.
COP 29 Konfransı iştirakçı ölkələr üçün yeni öhdəliklər götürmək və iqlim böhranını həll etmək üçün konkret addımlar atmaq yönündə fürsətdir.
COP-da hansı nəticələr əldə edilibmi?
COP-larda qlobal səviyyədə çox önəmli qərarlar alınır, müzakirələr aparılır.
Konfransda qəbul olunan qərarların necə həyata keçiriləcəyi ilə bağlı yol xəritələri hazırlanır. 2015-ci ildə Fransada keçirilən COP 21-də Paris İqlim Sazişi imzalandı. Bu razılaşma, iqlim böhranının qarşısını almaq üçün qlobal orta səth temperaturunun artımını 2 dərəcə ilə məhdudlaşdırmaq və mümkünsə 1,5 dərəcədən aşağı saxlamaq məqsədi daşıyırdı.
Qlobal miqyasda baş verən iqlim dəyişikliklərinin ətraf mühitə olan neqativ təsirlərinin getdikcə intensivləşməsi sazişi zəruri edən səbəb idi.
Azərbaycanın “yaşıl vədləri” nədir?
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2024-cü il ölkədə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin COP-29-un ölkəmizdə keçirilməsi ilə əlaqədar çıxışından: “Mən şübhə etmirəm ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək”.
Azərbaycanın neft-qaz şirkəti olan “SOCAR-ın Dubaydakı COP28 tədbirində metan tullantılarının sıfıra endirilməsi ilə bağlı könüllü öhdəlik götürüb.
Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib.
Ölkə 2030-cu ilə qədər bərpa olunan enerji potensialını 30 faizə çatdırmaq və mövcud enerji sistemini şaxələndirmək niyyətində olduğunu elan edib.
Azərbaycanda bərpa olunan enerjidə aparıcı olan elektrik enerjisidir və bu, ümumi gücün 20,3 faizini təşkil edir.
"Azərbaycan Respublikasının Prezidenti işğaldan azad edilmiş torpaqları “Yaşıl enerji” zonası elan edib və 2022-2026-cı illər üzrə tədbirlər planı təsdiqlənib, bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur".
COP 29-un Azərbaycanda keçirilməsinin əhəmiyyəti...
Azərbaycan istixana qazı emissiyalarını 2050-ci ilə qədər 40% azaltmağı məqsəd qoyub. Bu da Paris Sazişinə uyğun olaraq qlobal iqlim məqsədlərinə töhfə verəcək.
COP 29 konfransının Azərbaycan iqtisadiyyatına da müsbət təsirləri gözlənilir. Bu konfrans nəticəsində turizm sektoru canlanacaq. Tədbir yeni investisiyaların və texnologiyaların cəlb olunmasına şərait yaradacaq, yaşıl enerjinin inkişafını təşviq edəcək. Ölkənin beynəlxalq əlaqələri, diplomatiyadakı mövqeyi daha da möhkəmlənəcək.
COP29-un Azərbaycan üçün nəticələri necə olacaq?
Azərbaycana qlobal diqqətin yönəldilməsi regionun üzləşdiyi xüsusi ekoloji problemlər haqqında məlumatlılığı artıracaq.
Su qıtlığı, biomüxtəlifliyin itirilməsi kimi problemləri ön plana çıxarmaqla, COP 29 bunların həlli üçün resursların ayrılmasını artıra bilər.
COP 29 işğaldan azad edilən ərazilərdəki ekoloji problemlər üçün də vacibdir. İşğaldan azad olunmuş ərazilərimizdə bərpa işləri həyata keçirilir və bu işlər həm də COP 29 Azərbaycanın öhdəliklərinə uyğun şəkildə aparılır.
COP29-un Azərbaycanda keçirilməsi, ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə fəallığını və bu sahədəki öhdəliklərini nümayiş etdirmək üçün bir fürsətdir.
Cop 29 harada keçiriləcək?
Tədbirin keçiriləcəyi məkan olaraq 11-24 Noyabr tarixlərində Bakı Olimpiya Stadionu seçilib.