Həlak olan ekipaj üzvləri II Fəxri Xiyabanda dəfn edildi
Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan üç ekipaj üzvü - gəmi komandiri İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökümə Əliyeva bu gün dekabrın 29-da II Fəxri xiyabanda dəfn olunub.
Azlist.az xəbər verir ki, dəfn mərasimində dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Hər iki pilot da daxil olmaqla, 3 ekipaj üzvü həlak olub, 2 ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib. Dekabrın 29-da isə 3-ü ekipaj üzvü olmaqla, 24 nəfərin nəşi ölkəyə gətirilib.
Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.