Toplum

Bakıda Zəfər paradı keçirildi - FOTOLAR

Bakıda Zəfər paradı keçirildi - FOTOLAR
8Noyabr 202517:00

Noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsindəki Qələbənin 5-ci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib.

Azlist.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif paradda iştirak ediblər.

Azərbaycanın, Türkiyənin və Pakistanın Dövlət himnləri səsləndirilib.

Ümummilli Lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə raport verib.

Əvvəlcə dövlətimizin başçısı paradda nitq söyləyib.

Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Şahbaz Şərif çıxış ediblər.

Dövlət başçılarının çıxışlarından sonra Azərbaycan Silahlı Qüvvələrinin qoşun növlərini təmsil edən hərbi heyətlər tribuna önündən keçiblər.

Hərbi parada müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi, “Zəfər” və “Qarabağ” ordenli general-polkovnik Kərim Vəliyev komandanlıq edib.

Silahlı Qüvvələrimizin şəxsi heyəti Azərbaycan Respublikasının Dövlət Bayrağı altında tribunaya doğru irəliləyib. Dövlət Bayrağının ardınca Azərbaycan Ordusunun və hərbi əməliyyatlarda xüsusilə fərqlənən birləşmələrin Döyüş bayraqları “Vətənə xidmətə görə” ordenli general-mayor Vüqar Əliverdiyevin başçılığı ilə Azadlıq meydanına gətirilib.

Daha sonra hərbi texnikaların keçidi olub.

Ardınca Hərbi Dəniz Qüvvələrinin və Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin döyüş gəmiləri və katerləri Hərbi parad üçün Xəzər dənizinin sahil sularında yüksək döyüş hazırlığı nümayiş etdirib.

Bundan sonra Azadlıq meydanı üzərində Azərbaycan və Türkiyə pilotlarının iştirakı ilə Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin və helikopterlərin uçuşu olub.