Müsibəti-Putin...
Qəzənfər Həmidoğlu
Ukrayna Rusiyanı “ümid yeri”ndən vurdu
Dekabrın 6-da Putin RF Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ müşavirə keçirib. Videokonfrans rejimində keçirilən tədbirdə bir problem - dövlətin daxili təhlükəsizliyinin təminatı məsələsi müzakirə edilib. Qanları qara, dərdləri böyük, düşdükləri situasiya biabırçıdır, müsibəti-Putin də demək olar...
Son günlərdə Ukrayna Silahlı Qüvvələrinin (USQ) pilotsuz uçan aparatları Rusiyanın hərbi aerodromlarını hədəfə götürüblər. Ukrayna ordusu dekabrın 5 və 6-da dronlarla Rusiyanın cəbhə zonasından uzaqda yerləşən Saratov, Ryazan və Kursk vilayətlərində hərbi aerodromlara zərbə endirib. Özü də Saratovdakı Engels-2 hərbi aerodromunun vurulması “Moskva” kreyserinin batırılmasından və ya Krım körpüsünün dağıdılmasından daha betər zərbə, Kremlə daha ağır tərs sillədir.
Ukraynadan 600 km uzaqda olan Engels şəhəri həndəvərindəki abiabaza Rusiyanın strateji hərbi aerodromudur. Hərbi təyyərələr əsasən buradan qalxaraq Ukraynadakı hədəflərə zərbə endirirlər. Digər tərəfdən, burda Tu-160 və Tu-95MS strateji bombardmançı təyyarələri saxlanılır. Bunlar elə-belə təyyarələr deyillər, nüvə silahı daşıyıcılarıdır. Engels-2 aerodromu nüvə təhdidinə qarşı Rusiyanın əsas aviabazalarından sayılır. Bu o deməkdir ki, bu bazada həmin təyyarələrin daşıdığı nüvə raketləri var. Yəni, bu, aerodrom Kremldən daha ciddi, göz bəbəyi kimi qorunmalıdır.
Amma ukraynalılar bir strateji bombardmançıya ciddi ziyan vura, digərini zədələyə biliblər. Bundan sonra ruslar qorxuya düşüblər və aerodomdakı 6 bombardman təyyarəsi naməlum istiqamətdə aradan çıxıb. Maraqlıdır ki, ukraynalılar Putinə bu müsibəti Rusiya lideri təmir edilmiş Krım körpüsündə maşın sürən gün yaşadıblar.
Daha maraqlısı budur ki, ruslara bu zərbə amerikan bombardmançıları, sualtı qayıqlarının qanadlı raketləri, “Tomaqavk” və ya “Perşinq” raketləri ilə vurulmayıb. Ukraynanın sovetdənqalma dronu əl-qolunu sallaya-salaya, Rusiyanın üzərindən kilometrlərlə süzə-süzə gəlib və Rusiyanın nüvə arsenalının ürəyindən vurub. Rusiya HHM-i isə yatıb qalıb...
“Dünyanın ikinci ordusu” Ukrayna savaşında kəlləmayallaq getdikdən sonra rusların yeganə ümidi nüvə arsenalına qalmışdı. Ruslar sosial şəbəkələrdə etiraf edirlər ki, “əgər nüvə silahımız olmasaydı, bizi çoxdan partladardılar”.
Rusiyalı tanınmış yutuber, müxalif siyasətçi və RF DİN-in barəsində federal axtarış elan etdiyi Maksim Kats rus ordusunun nə gündə olduğunu belə dəyərləndirir:
“Rusiya ordusunda bu gün, ümumiyyətlə, yeganə qiymətli və ən vacib olan məhz bu nüvə bombardman təyyarələri, bu nüvə obyekti və bu aerodrom olmalı idi. Lənətə gəlmiş Vaşinqton kapitalistləri Rusiyaya nüvə raketləri atanda biz bu aerodromdan cavab zərbələri vurmalı idik. Buna uyğun olaraq bu aerodrom Rusiyanın ən qorunmalı obyekti olmalı idi. Amma bu obyekti Ukrayna dronlarından belə qoruya bilmədik...”.
Adam eyham edir ki, kül olsun Kremlin başına! Biabırçılıqdır! Belə rüsvayçılığı Moskva 35 il əvvəl – 1987-ci ilin yazında 18 yaşlı alman Matias Rust yüngül “Sessna” təyyarəsi ilə SSRİ üzərində min kilometrdən artıq uçaraq Qızıl meydanın yaxınlığında enəndə də yaşamışdı. Həmin gün – 28 may SSRİ sərhəd qoşunları günü idi və sovet HHM-i də xələfi kimi fil qulağında yatmışdı. O vaxt Qorbaçov generalitetin kəlləsini qopardı: SSRİ müdafiə naziri marşal Sergey Sokolov, HHM qoşunları komandanı Aleksandr Koldunov və 300-ə yaxın zabit vəzifəsini itirdi.
Amma Putin çətin ki, Şoyqunun kəlləsini qopartsın. Bu, cəsarət tələb edir, həm də risklidir. Əsas günah keçisini gərək sonda qurban verəsən, yoxsa sipərsiz qalar və sıra özünə çatar...
Yeri gəlmişkən, USQ dronlarının Kursk aerodromunu vurduğu gün – dekabrın 6-sı Ukraynada “ZSU (ukr. “Збройних сил України”) günü” idi. “Слава Україні!”