Qarabağdakı rusiyalı yekəbaşların qanmazlığı…
Qəzənfər Həmidoğlu
Rusiya Müdafiə Nazirliyi Rusiya “sülhməramlı” kontingentinin (RSK) Qarabağdakı fəaliyyəti ilə bağlı rəsmi saytında yerləşdirdiyi informasiya bülletenlərində yaşayış məntəqələrimizin adlarını uydurma erməni toponimləri ilə qeyd etmək praktikasından əl çəkmir, Azərbaycan Müdafiə Nazirliyinin müvafiq müraciət və tələblərinə isə məhəl qoymur.
Rusiya hərbi idarəsinin mayın 9-da yaydığı informasiya bülletenində bildirilir: “Mardakert, Martuni və Şuşa rayonlarında üç marşrut üzrə patrul xidmətləri həyata keçirilib. RSK avtomobil nəqliyyatı ilə Stepanakertə 306,7 ton humanitar yük çatdırıb”.
Azərbaycan Müdafiə Nazirliyi hələ ötən il bəyan etmişdi ki, “Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun yaşayış məntəqələrinin Azərbaycan toponimlərinə uyğun adlı siyahısı və xəritəsi Rusiya Federasiyasının Müdafiə Nazirliyi, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin əvvəlki və hazırkı komandanlığı, eləcə də Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə” rəsmi qaydada göndərilib. Bu yekəbaşlarsa qanmazlıq edirlər, hələ də Ağdərə, Xocavənd və Xankəndinin adını ermənisayağı təhrif etməkdə davam edirlər...
Amma dinsizin öhdəsindən imansız gələr...
Bu günlərdə Polşa Kalininqrad şəhəri və vilayətinin adının ölkənin rəsmi sənədlərində dəyişdirilməsinə dair qərar verib və mayın 9-dan şəhər Krulevets (Krolewiec) adlandırılır. Kalininqrad Baltik dənizi sahilində, Litva və Polşa arasında Rusiyanın esklavıdır. Əvvəllər adı Köniqsberq olub, İkinci Dünya müharibəsi nəticəsində Sovet İttifaqının əlinə keçib və Stalin şəhərə “ümumittifaq keçisi” adlandırdığı Mixail Kalininin adını verib. Köniqsberq böyük alman filosofu Kantın şəhəri kimi də məşhurdur. Amma XV-XVI əsrlərdə Polşa Krallığına daxil olub və Krulevets kimi tanınıb. Polyaklar deyirlər ki, Katın qətliamı ilə – 1940-cı ildə Stalinin 22 000 Polşa zabiti və ziyalısını qaranlıq bir meşədə güllələməsi ilə həmin vaxt SSRİ Ali Sovetinin sədri olmuş Kalininin bağlılığı onlarda neqativ konnotasiya yaradır.
“Şəhərə indiki rus adı süni qoyulub və nə regionun, nə də şəhərin adına bir dəxli var”, - deyə Polşanın Coğrafi Standartlaşdırma üzrə Dövlət Komitəsi mayın 9-da son qərarını verib.
Kreml gözlənildiyi kimi, bu qərarı “düşmən” aktı sayıb, Putinin sözçüsü Peskov isə özündən çıxıb: “Bu, hətta rusofobiya deyil, Polşada ağılsızlıq sınırında proseslər gedir”.
Rusiyanın bu başını buraxaq, keçək o biri başına. Vladivostokun tarixi adı Sin sülaləsi dönəmindən Hayşenvaydır və Çin Xalq Respublikasının müasir xəritələrində də 1860-cı ildə “Pekin sazişi” ilə rusların əlinə keşən şəhər belə adlanır...
Yəni, rusların toponimləri ilə biz də oynaya bilərik - döymə taxta qapımı, döyməyim dəmir qapını...