Toplum

Bir əsgərimiz güllədən, digəri ürəktutmasından öldü

Bir əsgərimiz güllədən, digəri ürəktutmasından öldü
14Dekabr 202217:22

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əsgərli Aslan Əkbər oğlunun 14 dekabr 2022-ci il tarixdə odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Ağdam hərbi prokurorluğuna məlumat daxil olub. 

Azlist.az xəbər verir ki, bu barədə Respublika Hərbi prokurorunun böyük köməkçisi-Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Firad Əliyev bildirib.

Daxil olmuş məlumat əsasında Ağdam hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirib. 

"İş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, izahatlar alınmış və digər hərəkətlər icra edilib. Fakt üzrə Ağdam hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib". 

Qurum rəsmisinin sözlərinə görə, hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

***

Daha bir ölüm Dövlət Sərhəd Xidmətinin hərbi hissəsində olub. Dekabrın 14-də saat 12:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” Əlahiddə Sərhəd Diviziyasının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ələkbərli Miran Qamət oğlu xidmətdən qayıtdıqdan sonra istirahət edərkən səhhəti qəfil pisləşib. 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, hərbi qulluqçuya intensiv tibbi yardım göstərilərək, dərhal Zəngilan rayon Ağalı kənd xəstəxanasına çatdırılıb. Həkimlərin ciddi səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. 

İlkin rəyə əsasən hərbi qulluqçunun ürək tutmasından vəfat etdiyi ehtimal olunur. Hazırda əsgər Miran Ələkbərlinin ölüm səbəbinin müəyyən edilməsi üzrə müvafiq tibbi ekspertizalar təyin edilib. 

Faktla bağlı prokurorluq orqanları ilə birgə araşdırma işləri aparılır.