Laçın yolundakı aksiyanın tələbləri DƏYİŞİR
Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasının iştirakçıları yeni tələblər irəli sürüblər.
Azlist.az xəbər verir ki, bu haqda aksiya iştirakçısı, jurnalist Mürtəza Bünyadlı bildirib. Onun sözlərinə görə, etirazçılar deyiblər ki, Azərbaycan ərazilərinə silahların daşınmasına icazə verməyəcək, yoldan çəkilməyəcəklər.
Aksiya iştirakçıları tələb edirlər ki, Azərbaycanın suveren torpaqlarında bütün dövlət qurumlarının, o cümlədən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin (DİN), Dövlət Sərhəd Xidmətinin (DSX), Dövlət Gömrük Komitəsinin (DGK) ayrıca nəzarət-buraxılış məntəqələri olsun.
Aksiya iştirakçıları həmçinin, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın müddəaları tam icra olunmadığını diqqətə çatdırıblar. İştirakçılar bundan başqa, Laçın istiqamətində Ermənitanla sərhəddə DSX-nin və DGK-nin ayrıca postlarının olması tələbini irəli sürüblər.
"Xankəndi-Laçın yolunda baş verənlər bir daha onu sübut edir ki, artıq Azərbaycan sərhədçiləri yolu nəzarətə götürməli, gömrükçülərimiz isə Ermənistanla sərhəddə keçid məntəqəsini tətbiq etməlidir. Başqa yol yoxdur. Prosesin uzanması və rus ordusunun himayəsi nəticəsində vardanyanlar, arutyunyanlar şıltaqlığı davam etdirirlər.
Rus qoşunlarının separatçılarla birgə əməkdaşlığı prosesləri yeni hərbi toqquşmalara sürükləyir. Çünki separatçılar baş verənlərdən nəticə çıxarmaq istəmir", - jurnalist M.Bünyadlı bildirib.
Xatırladaq ki, Azərbaycanın ictimai fəalları və Qeyri-Hökumət Təşkilatları nümayəndələrinin Xankəndi-Laçın yolunda ekoloji terror əleyhinə keçirdikləri etiraz aksiyası artıq 4-cü gündür davam edir.