Toplum

Ələkrəm Hümmətov mühacirətdə öldü

Ələkrəm Hümmətov mühacirətdə öldü
22Dekabr 202215:40

Özünü qondarma "Talış-Muğan Respublikas"ının lideri kimi təqdim edən Ələkrəm Hümmətov Niderlandda ölüb.

Azlist.az xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkədə yayılıb.

Bildirilib ki, o, xəstəlik səbəbindən dünyasını dəyişib.

Ələkrəm Ələkbər oğlu Hümmətov 1948-ci ildə Lerikdə anadan olub. 1992-1993-cü illərdə Azərbaycan müdafiə nazirinin müavini olub. Bu vəzifədə işləyərkən o, ölkədə mövcud olan gərginlikdən sui-istifadə edib. Belə ki, 1993-cü ildə qondarma “Talış-Muğan Respublikası” adlı qurum yaratdığını elan edən Ə.Hümmətov separatçılıq fəaliyyəti göstərib.

Separatçılığa görə həbs olunan Ə.Hümmətov Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 fevral 1996-cı il tarixli hökmü ilə ölüm cəzasına məhkum edilb.

Azərbaycanda ölüm hökmü 1998-ci il fevralın 10-da ləğv edilib. O vaxta qədər ölüm hökmünə məhkum edilmiş, lakin cəzaları icra olunmamış 128 nəfərin həyatı bağışlanıb və onların cəzası ömürlük həbslə əvəzlənib.

Beləliklə də sabiq müdafiə naziri Rəhim Qazıyev, eks-baş nazir Surət Hüseynov, keçmiş kənd təsərrüfatı naziri Müzamil Abdullayev, keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin Qazax bölməsinin komandiri Elçin Əmiraslanov kimi məşhurlarla yanaşı, özünü qondarma "Talış-Muğan Respublikası"nın rəhbəri elan etmiş Ələkrəm Hümbətov güllələnməkdən xilas olub.

Prezident İlham Əliyevin 3 sentyabr 2004-cü il tarixli 119 nömrəli fərmanı ilə bir qrup məhkum əfv olunub ki, onların arasında Ə.Hümmütov da olub.

Ə.Hümmətov həbsdən buraxılandan sonra, 2004-cü ildə Niderlanda mühacirət edib və oradan Azərbaycana qarşı qərəzli fikirlər səsləndirib.

O, 2005-ci ildə Azərbaycan vətəndaşlığından çıxarılıb.

Ə.Hümmətov bu gün – 22 dekabr 2022-ci il tarixində ölüb.