Dünya

Bayden Ukraynaya səfər etdi - Kiyevdən Rusiyaya mesaj verdi

Bayden Ukraynaya səfər etdi - Kiyevdən Rusiyaya mesaj verdi
20Fervral 202316:30

ABŞ Prezidenti Co Bayden fevralın 20-də Kiyevə qabaqcadan elan olunmamış səfər edib. Bu, Amerika liderinin bu postda Ukraynaya ilk səfəridir. 

Azlist.az xəbər verir ki, Amerika lideri Prezident Volodimir Zelenski ilə birgə Ukrayna qəhrəmanlarının xatirəsini Mixaylovsk meydanında yad edib. Mərasim sirena sədaları altında keçib.

Ukrayna Prezidenti Volodimir Zelenski özünün Tviter səhifəsində yazıb:

“Cozef Bayden, Kiyevə xoş gəlmisiniz! Sizin səfəriniz bütün ukraynalılar üçün dəstəyin çox mühüm ifadəsidir”.

Prezident Bayden də Tviter səhifəsində özünün Kiyevə səfəri barədə bu sözləri yazıb:

“Mən Prezident Zelenski ilə görüşmək, demokratiyaya, Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə möhkəm sədaqətimizi təsdiqləmək üçün bu gün Kiyevdəyəm”.

Co Bayden bunu Volodimir Zelenski ilə birgə brifinqdə bildirib ki, Ukrayna ABŞ-dan 500 milyon dollar həcmində yeni yardım paketi alacaq. Bu barədə çərşənbə axşamı, fevralın 21-də rəsmən elan ediləcək.

“Bu gün xəbər verilən yardım paketinə “HIMARS” və haubitsalar üçün döyüş sursatı, çoxlu sayda “Javelin”, tankəleyhinə sistemlər, Ukrayna xalqını bombardmanlardan qorumaq üçün havadan müşahidə sistemləri daxildir”, - ABŞ Prezidenti Bayden deyib.

O, Ukraynaya silah tədarükü barədə öhdəlikləri də qeyd edib. Buraya 700-dən çox tank, minlərlə zirehli maşın, min vahid artilleriya sistemi, 2 milyondan çox artilleriya mərmisi və s. daxildir.

ABŞ Prezidenti daha sonra deyib: “Bu həftə biz Rusiya hərb maşınını dəstəkləməyə çalışan elita və şirkətlərə qarşı əlavə sanksiyalar elan edəcəyik”.

Amerika lideri qeyd edib ki, Konqresdə hər iki partiyanın dəstəyi sayəsində bu həftə ABŞ Ukrayna vətəndaşları üçün əsas xidmətlərin təmin olunmasına kömək məqsədilə büdcədən milyardlarla yardım ayıracaq.

Ukrayna xalqının müharibədə göstərdiyi mətinliyə diqqət çəkən ABŞ lideri deyib:

"Bir il sonra Kiyev ayaqdadır! Ukrayna ayaqdadır! Demokratiya ayaqdadır!
Azadlıq qiymətsizdir. Onun uğrunda nə qədər lazımdırsa, o qədər mübarizə aparmağa dəyər. Biz bu müddətdə sizin yanınızda olacağıq...".

O bildirib ki, Putin Ukraynanın zəif olduğunu, Qərbin isə parçalandığını düşünməklə dərindən səhv edib. 

ABŞ lideri həmçinin vurğulayıb ki, Ukraynadakı müharibə əsrin son üç rübündə Avropada ən böyük quru silahlı münaqişəsinə çevrilib. Baydenin sözlərinə görə, ukraynalıların döyüş meydanında bundan sonra da qələbələr qazanacağına şübhə yoxdur. 

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı ilə keçirdiyi mətbuat konfransında deyib ki, Co Baydenin Kiyevə səfəri zamanı aparılan danışıqlar çox səmərəli keçib.

O qeyd edib ki, görüşün nəticələri döyüş meydanında öz əksini tapacaq. 

“Baydenlə bugünkü danışıqlar səmərəli oldu... Ümid edirik ki, bu il 2023-cü il qələbə ili olacaq”, - deyə Zelenski bildirib. 

Dövlət başçısının sözlərinə görə, Ukrayna çox çətin dövr qarşısındadır, lakin ABŞ və digər tərəfdaş ölkələrin köməyi ilə “tarixi nailiyyətlər” əldə edəcək: "Bugünkü danışıqlar çox səmərəli, çox vacib və çox həlledici oldu... nəticələr mütləq döyüş meydanına təsir edəcək".

ABŞ Prezidenti Co Bayden elə bu gün Kiyevi tərk edib. Ağ Evin məlumatına görə, Baydenin Ukrayna səfəri başa çatıb.