Türkiyədə zəlzələ 14 milyon insana təsir göstərib - ƏRDOĞAN
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 6 fevral tarixli dağıdıcı zəlzələdən nə qədər insanın zərər çəkdiyini açıqlayıb.
Azlist.az xəbər verir ki, Ədalət və İnkişaf Partiyasının (AKP) qrup iclasında çıxış edən Ərdoğan zəlzələnin təxminən 500 kilometrlik bir ölçüyə sahib ərazidə 14 milyon insana birbaşa təsir göstərdiyini vurğulayıb.
Prezidentin sözlərinə görə, Türkiyənin zəlzələ baş verən bölgələrindən 811 min insan təxliyə edilib. O qeyd edib ki, dövlət zəlzələ bölgələrində 100 min, lazım gələrsə, 200 min konteyner evi qurmaq niyyətindədir.
Ərdoğan bildirib ki, Türkiyənin zəlzələ baş verən bölgələrində ümumilikdə 468031 yaşayış yeri inşa ediləcək.
O, Türkiyənin çağırışına cavab verən və zəlzələ zamanı yardım göstərən ölkələrə təşəkkür edib.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.