“Bravo” marketə hücum edənlərdən biri tutuldu, digəri MƏHV EDİLDİ
Martın 4-ü saat 12 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən "Bravo" hipermarketində silahlı insident baş verib.
Azlist.az xəbər verir ki. Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə zamanı odlu silahdan açılan atəş nəticəsində “Unibank Kommersiya Bankı” ASC-nin əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə ölüb.
Prokurorluq və polis əməkdaşları tərəfindən kriminalist və ekspertlərin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri hərəkətlər aparılıb və iş üzrə əhəmiyyət kəsb edən sübutlar götürülüb.
Hadisənin hipermarketdə yerləşən qeyd olunan banka məxsus bankomata külli miqdarda pul yerləşdirilən zaman zərərçəkmişlərə silahlı hücum edilməsi nəticəsində baş verməsinə əsaslı şübhələr müəyyən olunub.
Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 29, 120.2.7, (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 120.2.1, 120.2.4, 120.2.11, (bir qrup şəxs tərəfindən quldurluqla əlaqədar ümumi təhlükəli üsulla adam öldürmə) 181.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə quldurluq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələrilə cinayət işi başlanıb.
Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxslərin müəyyən edilməsi istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
***
DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, pols polkovnik-leytenatı Elşad Hacıyev bildirib ki, Xətai rayonundakı "Bravo" hipermarketində cinayət əməlini törətməkdə şübhəli bilinənlərdən bir nəfər saxlanılıb, polisə silahlı müqavimət göstərən bir nəfər məhv edilib. Əməliyyat tədbirləri davam edir. Əlavə məlumat veriləcək.
***
DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, pols polkovnik-leytenatı Elşad Hacıyev bildirib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən şəxslərdən biri- 2001-ci il təvəllüdlü Ruhlan İsmayılovun paytaxtın Səbail rayonu H.Z.Tağıyev küçəsindəki binaların birində gizlənməsi müəyyən edilib.