Ramiz Rzayev Ali Məhkəməsinin sədrliyindən GETDİ
Martın 6-da Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin səlahiyyət müddətinin bitməsi ilə əlaqədar tədbir keçirilib.
Azlist.az xəbər verir ki, Ramiz Rzayev 25 fevral 1953-cü ildə anadan olub. O, 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1979-cu ildən Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunda müstəntiq kimi fəaliyyətə başlayıb və prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışıb.
1995-2000-ci illərdə Azərbaycan Respublikasının hərbi prokuroru vəzifələrində çalışıb. 2000-2005-ci illərdə Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini olub.
R.Rzayev 2005-ci ilin aprelin 19-dan Azərbaycan Respublikası Ali Məhkəməsinin sədridir. 2005-ci ildən Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvüdür.
R.Rzayev Azərbaycan Respublikası Prezidentinin 30 sentyabr 2004-cü il tarixli sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub. Prezidentin 21 noyabr 2008-ci il tarixli sərəncamı ilə ona "Azərbaycan Respublikasının əməkdar hüquqşünası" fəxri adı verilib.
25 fevral 2013-cü ildə "Şöhrət" ordeni ilə təltif edilib. 20 noyabr 2018-ci il tarixli sərəncamla 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
Dövlət başçısı 11 fevral 2023-cü il tarixli sərəncamı ilə R.Rzayevi "Şərəf" ordeni ilə təltif edib.
Tədbirdə R.Rayev ona göstərilən diqqət və qayğıya görə dövlətə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edib.