Azərbaycan və İsrail nazirləri bölgədəki vəziyyəti müzakirə etdilər
29 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsrailə rəsmi səfəri çərçivəsində İsrail Dövlətinin müdafiə naziri Yoav Qallant ilə görüşüb.
Azlist.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən bildirilib.
Görüşdə, iki ölkə arasında müdafiə, hərbi-texniki və digər aidiyyəti sahələr üzrə əməkdaşlıq, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Nazir Ceyhun Bayramov, Azərbaycan və İsrail arasında müdafiə sahəsində münasibətlərin mövcud əməkdaşlıq gündəliyində müstəsna rolunu diqqətə çatdırıb.
17 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində İsrail Dövlətinin müdafiə naziri ilə keçirdiyi görüşə istinad edən nazir Ceyhun Bayramov, sıx təmasların, o cümlədən qarşılıqlı səfərlərin münasibətlərin inkişafına mühüm töhfə verdiyini bildirib.
Nazir Ceyhun Bayramov həmçinin post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycanın regionda sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində sülh və quruculuq səyləri barədə qarşı tərəfi məlumatlandırıb.
Nazir Yoav Qallant, iki ölkənin müdafiə, hərbi-texniki sahədə uğurlu əməkdaşlıq təcrübəsinə istinad edərək, bu xüsusda, əməkdaşlığın daha da genişləndirilməsi üçün mövcud potensialdan istifadənin vacibliyini qeyd edib. Qarşılıqlı təmasların davam etdirilməsinin əhəmiyyətli olduğu bildirilib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
***
İsrail Dövlətinə rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsrail Dövlətinin xarici işlər naziri Eli Kohen ilə görüşüb.
Görüş zamanı Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıqdan məmnunluq ifadə olunaraq, siyasi, iqtisadi, ticarət, o cümlədən energetika, təhsil, yüksək texnologiyalar, hərbi-texniki və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri ətrafında müzakirələr aparılıb.
Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında tarixi dostluğa, əməkdaşlığa söykənən əlaqələrin mövcud olduğunu qeyd edən nazir Ceyhun Bayramov iki ölkə arasında intensiv qarşılıqlı səfərlərin münasibətlərin daha da inkişafına müsbət təkan verdiyini vurğulayıb. Bu ilin yanvarında Bakıda keçirilən Xarici İşlər Nazirliklərimiz arasında illik Strateji Dialoqla yanaşı, İsrailin Avrasiya ölkələrindəki səfirlərinin İsrail Xarici İşlər Nazirliyinin mərkəzi aparatının yüksək vəzifəli məmurlarının iştirakı ilə Bakıda xidməti müşavirəsinin keçirilməsinin möhkəm dostluq və tərəfdaşlığımızın göstəricisi olduğunu bildirib. Azərbaycanın İsraildə səfirliyinin açılmasının strateji müttəfiqlik əlaqələrinin gücləndirilməsinə töhfə verəcəyi vurğulanıb.
Görüşdə Ceyhun Bayramov həmkarını bölgədə post-münaqişə dövründə ölkəmizin sülh, təhlükəsizlik və əməkdaşlığın qurulması istiqamətində təşəbbüsləri barədə məlumatlandırıb. Bu səylərə baxmayaraq, Ermənistanın davamlı təxribatlar törətdiyi və prosesə xələl gətirdiyini qeyd edib. Həmçinin, nazir işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, genişmiqyaslı bərpa və quruculuq işləri barədə məlumat verib, İsrail şirkətlərinin bu prosesdə iştirakını məmnunluqla qeyd edib.
İsrail Dövlətinin xarici işlər naziri Eli Kohen ölkəsinin Azərbaycanla hərtərəfli əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.
Tərəflər strateji xarakter daşıyan ikitərəfli münasibətlərin bütün spektrləri, habelə beynəlxalq və regional məsələlər üzrə müxtəlif səviyyələrdə siyasi dialoqun bundan sonra da fəal surətdə inkişaf etdirilməsinə hazır olduqlarını ifadə ediblər.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Daha sonra, Nazirlər mətbuat konfransında bəyanatla çıxış ediblər.