Qarabağdakı Rusiya hərbçilərinə yeni komandan təyin olundu - DOSYE
Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı dəyişib.
Azlist.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu vəzifəyə general-polkovnik Aleksandr Lentsov gətirilib.
Bu vaxta kimi Qarabağda Rusiya sülhməramlı kontingentinə komandanılıq edən Andrey Volkov isə vəzifədən kənarlaşdırılıb.
67 yaşlı general Aleksandr Lentsiv 22 yanvar 2020-ci ildən Rusiya müdafiə nazirinin müşaviri vəzifəsində çalışırdı.
A.Lentsov 20 dekabr 1956-cı ildə Krasnodar diyarının Abinski rayonunun Xolmskaya kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Ryazan Ali Hava Desant Komandanlığı Məktəbinə daxil olub. Oranı bitirdikdən sonra keçmiş SSRI-nin Silahlı Qüvvələrində, daha sonra Rusiya ordusunda xidmət edib.
2008-ci ildə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasında Ali Akademik Kursları bitirib.
O, SSRİ-nin Əfqanıstanda apardığı müharibədə, Birinci və İkinci Çeçenistan döyüşlərində, eləcə də Suriyadakı müharibədə iştirak edib.
Aleksandr Lentsov 2009-cu il avqustun 5-də Rusiya Hava-Dəniz Qüvvələrinin komandanının müavini təyin edilib, 13 dekabr 2011-ci ildə ona general-leytenant hərbi rütbəsi verilib. 31 iyul 2013-cü ildə Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə Quru Qoşunları baş komandanının müavini vəzifəsinə gətirilib. 2014-cü ildə Ukraynada atəşkəs məsələlərinin monitorinqi və əlaqələndirilməsi üzrə birgə Rusiya-Ukrayna mərkəzində rus hərbçilərinə rəhbərlik edib.
13 dekabr 2014-cü ildə ona general-polkovnik rütbəsi verilib. 2016-cı ildə Rusiya Federasiyasının Suriyadakı Silahlı Qüvvələri Qrupunda çalışıb. 22 yanvar 2020-ci ildə Rusiya prezidentinin fərmanı ilə Lentsov Quru Qoşunları baş komandanının müavini vəzifəsindən azad edilərək Rusiya müdafiə nazirinin müşaviri təyin edilib.