Toplum

Sara Sarayevanın səksəkəli taleyi – Hacı Zeynalabdinin QIZI-V

Sara Sarayevanın səksəkəli taleyi – Hacı Zeynalabdinin QIZI-V
8May 202300:17

Əvvəli 2, 3, 4, 5 mayda


Sara xanıma qarşı olan təqib və təhdidlər onun ümidini qırmadı. 50-ci illərin sonlarında o, atasının adının bərpası ilə bağlı daha çox Moskvaya, sovet rəhbərliyinə, mərkəzi idarələrə ərizələr və müraciətlər yazmağa başladı. 1957-ci il oktyabrın 23-də o, Sov.İKP MK yanında Marksizm-Leninizm İnstitutuna göndərdiyi 15 səhifəlik məktubda Azərbaycanda fəhlə hərəkatı tarixi ilə bağlı sənədlərin təhrif edildiyini, materialların tarixi dəyərləndirmədən keçirilmədən dövriyyəyə verildiyini bildirirdi. Sara xanım yazırdı: “Mənim atam Azərbaycanda birinci professional teatrın əsasını qoyub, o, Azərbaycanda qadın məktəb təhsilinin yaradıcısıdır, o, mətbuatın inkişafı üçün vəsait ayırıb, imkansız yazıçıların əsərlərini nəşr etdirib, o, birinci kəndli bağçılıq internat məktəbinin təsisçisidir, o, Azərbaycana ilk qadın müəllimələrini vermiş birinci qadın pedaqoji kursların təşkilatçısı olub. O, “biliklərin yayılması” cəmiyyətinin yaradıcısı və sədri olub, Bakı ətrafında Azərbaycan dilində çoxlu məktəblər açıb. Atamın fəaliyyəti çox ağır şəraitdə keçib, xalq tam savadsız idi, dini məktəblərin hökmranlığı şəraitində orta əsr qaydaları və fanatizm hökm sürürdü. Ruhanilər xalqın xoşbəxtliyini köhnə adətlərin saxlanmasında görürdülər. Qadın məktəbinin açılması bütün qadınların çadrada gəzdiyi bir dövrdə onların köləlikdən azad edilməsi aktı idi”.

Sara Sarayeva sovetlərin dəyər verdiyi bir sıra önəmli şəxslərin Tağıyev haqqındakı müsbət fikirlərinə toxunaraq göstərirdi ki, Mendeleyev Brokqauz və Efron ensiklopediyasında neft haqqında yazdığı məqalədə Tağıyevin ciddi, sadə, ehtiyatlı və ağıllı bir adam olduğunu qeyd etmişdi. Dramaturq Ostrovski isə Tağıyevi müstəsna ağıla məxsus bir adam kimi xarakterizə etmişdi. O, Azərbaycan tarixçilərini bu faktları inkar etməkdə təqsirləndirirdi və qeyd edirdi ki, “XX əsr Striqunov, Tokarjevski, Naydelin əlində atamın fəaliyyətini qaralamaq üçün bir vasitəyə çevrilib. Qazıyev də əgər XX əsrlə məşğuldursa, qalan bütün Azərbaycan tarixçiləri kimi qorxudulub və qorxur. Mən xatirə toplanması ilə bağlı azərbaycanlılar arasında çalışdım və çoxlu kişi və qadın dedilər ki, Tağıyev haqqında həqiqətləri danışmağa qorxurlar... Xahiş edirəm mühitdəki gərginliyin azalmasına kömək edin. Niyə mənim ölkəm o dərəcədə qorxmalıdır ki, məndən işləri dayandırmağı tələb etsin? Nə üçün adamlar həqiqətləri danışmamalıdır?

Bəyəm, kiminsə düşüncəsində belə bir anlayış ola bilməz ki, Dolqoruki, Tretyakov və Baxruşinin fəaliyyətindən danışanda monarxiya və kapitalizmin müsbət təzahürü mümkündür. Bizdə cəmiyyət Tağıyevi tanıyır və onunla kapitalistlər arasında fərq qoyur. Xalq özü öz tarixini yaxşı bilir”.

Sara xanım qızlar məktəbinin və Tağıyevin açdığı bir sıra məktəblərin fotosunu, atası haqqında hazırladığı broşurun əlyazmasını da məktuba əlavə etmişdi və o, xahiş edirdi ki, onun məktubu ilə müttəfiq respublikalar üzrə təbliğat və təşviqat şöbəsində Konstantinovu tanış etsinlər. 1957-ci ilin noyabrın 4-də Sov.İKP MK yanında Marksizm-Leninizm İnstitutu S.Sarayevanın məktubunu və məktuba əlavə olunmuş broşuru araşdırmaq üçün Azərbaycan KP MK-nın birinci katibi İmam Mustafayevə göndərdi.

Marksizm-leninizm institutuna müraciətlə yanaşı, Sara xanım 1958-ci ilin fevralında Moskvaya getmiş və SSRİ Ali Soveti Millətlər Sovetinin sədrinə də müraciət etmişdi. O, xahiş edirdi ki, birinci gildiya Azərbaycan taciri olan atasının maarifçilik fəaliyyəti ilə bağlı göndərdiyi materiallarla tanış olsunlar. Sara Sarayeva yazırdı: “Mənim atamın fəaliyyətinə yenidən baxılması ilə üç illik cəhdlərim heç bir nəticə vermədi. Bir sıra izahatları mən öz qeydlərimdə göstərmişəm. Xahiş edirəm şərqşünaslıq institutunun direktoru Babacan Qafurovun rəhbərliyi ilə alimlərdən ibarət komissiya yaradıb Tağıyevin fəaliyyətinə birtərəfli, qeyri-elmi münasibəti, tarixin saxtalaşdırılmasını müəyyən edəsiniz və baxılan məsələyə təkan vermək üçün komissiyanın qərarını Azərbaycana göndərəsiniz”.

Sara xanım xahiş edirdi ki, bir sıra elmi-tarixi izahatlara ehtiyac olduğu üçün onun atası haqqında topladığı materialların müzakirəsində iştirakını təmin etsinlər. O, yazırdı: “Mən Moskvada çox ağır vəziyyətdəyəm, ona görə xahiş edirəm məsələnin tez həllinə öz yardımınızı göstərəsiniz”.

Millətlər Sovetindən Sara Sarayevanın məktubunu araşdırmaq üçün Sov.İKP MK katibi, Orta Asiya və Zaqafqaziya respublikalarına məsul olan Nuritdin Mühitdinova göndərdilər. Mühitdinovun tapşırığı ilə Sov.İKP MK katibinin köməkçisi A.Vozmitel onun məktubunu araşdırmaq üçün 1959-cu il mayın 19-da Azərbaycan KP MK-nın birinci katibi İmam Mustafayevə göndərdi. O, yazırdı: “Yoldaş Nuritdin Mühitdinovun tapşırığı ilə Sara Sarayevanın müraciətini araşdırmaq üçün Azərbaycan KP MK-ya göndəririk. O, inqilaba qədərki Azərbaycanın böyük mütərəqqi milli xadimi olan atası Hacı Zeynalabdin Tağıyevin fəaliyyətinin Azərbaycan tarix ədəbiyyatında səhv işıqlandırılmasından şikayət edir. Araşdırmaların nəticələri barədə Sov.İKP MK-ya və vətəndaş Sara Zeynalovna Sarayevaya məlumat vermənizi xahiş edirik. Müraciət, 243 səhifədən ibarət sənədlər və 8 səhifədən ibarət olan şəkillər araşdırmadan sonra Sov.İKP MK-ya qaytarılmalıdır”.

Mühitdinovun katibliyindən gələn məktubdan sonra Azərbaycan KP MK-nın təbliğat və təşviqat şöbəsinin müdiri Ş.Qurbanov Elmlər Akademiyası Tarix İnstitutunun direktoru İsmayıl Hüseynova məktub yazıb bir həftə müddətində SSRİ Ali Soveti Millətlər Sovetinin sədrinə cavab yazmaq üçün Sara Sarayevanın sənədlərinə baxıb təkliflər verməyi xahiş edirdi. O, yazırdı ki, “Sara Sarayevanın SSRİ Ali Soveti Millətlər Sovetinin sədrinə ünvanlanmış müraciətini və ona əlavə edilmiş atası Hacı Zeynalabdin Tağıyevin fəaliyyəti haqqında sənədləri Sizə göndəririk. Xahiş edirik bir həftə müddətində həmin sənədləri baxıb yoldaş Nuritdin Mühitdinova cavab hazırlamaq üçün öz təkliflərinizi Azərbaycan KP MK-nın Təbliğat və Təşviqat Şöbəsinə göndərəsiniz”.

Məsələ Tarix institutunda müzakirə edildikdən sonra akademik İsmayıl Hüseynov 1959-cu il iyunun 10-da Şıxəli Qurbanova cavab yazıb bildirdi ki, “Hacı Zeynalabdin Tağıyev haqqında materiallar bir ildən də artıq bundan öncə vətəndaş Sarayeva tərəfindən Azərbaycan SSR Elmlər Akademiyasının Tarix institutuna təqdim edilib. Həmin vaxt ona bildirildi ki, bu materiallardan gələcəkdə Azərbaycan və Bakının tarixinə aid müvafiq əsərlər yazılanda istifadə edilə bilər. Bundan əlavə ona təklif edildi ki, Tağıyevin vəsaiti hesabına saxlanılmış birinci müsəlman qızlar məktəbi haqqında məqalə yazsın. Lakin bütün bu materialları geri alan S.Z.Sarayeva o vaxtdan görsənmir. O ki, qaldı Sarayevanın çox uzunuzadı məktubunda Tağıyev haqqında mülahizələrinə, Tarix institutunun elmi işçilərdən ibarət olan kollektivi onu elmi cəhətdən əsaslandırılmış iş kimi qəbul edə bilməz. Tarix institutu indiki vaxtda Tağıyevə aid sənədlərə öz münasibətini dəyişmək üçün elə bir əsas görmür”.

Toplanan materiallar əsasında 1959-cu il iyunun 25-də Azərbaycan KP MK katibi Abdulla Bayramovun imzası ilə Sov.İKP MK-nın ümumi şöbəsinə iki səhifəlik cavab göndərildi. Orada göstərilirdi ki, “vətəndaş Sara Zeynalovna Sarayeva Sov.İKP MK-ya müraciət etməzdən çox əvvəl onun atası, məşhur kapitalist, neft sənayeçisi Hacı Zeynalabdin Tağıyevin fəaliyyətinin indiyə qədər tarixi ədəbiyyatda işıqlandırılmasına yenidən baxılması ilə bağlı dəfələrlə Azərbaycan KP MK-ya və respublikanın elmi-tədqiqat müəssisələrinə müraciət etmişdir. Sarayeva onun atası Tağıyevin mütərəqqi xadim kimi qəbul olmasına nail olmaq istəyir. Bunu o, Tağıyevin öz zəmanəsində bir sıra xeyriyyə, maarifçilik fəaliyyəti – azərbaycanlı qızlar üçün məktəb açması, teatr tikməsi və sair ilə əsaslandırmağa çalışır. Sarayevaya izah edilmişdir ki, Tağıyevin maarif sahəsində bir sıra addımlarına baxmayaraq onun atası iri kapitalist olaraq qalmışdır. Digər müəssisələrdə olduğu kimi, onun müəssisələrində də fəhlələri ağır formada istismar ediblər. Onun tapşırığı ilə dəfələrlə nümayiş və tətillərin iştirakçısı olmuş inqilabçı fəhlələrə vəhşicəsinə divan tutmuşlar. Bunu nəzərə alaraq Azərbaycan KP MK Sarayevanın tələblərinin əsassız olduğunu hesab edir. Onun atası kapitalist Tağıyevin fəaliyyətinə mövcud sinfi münasibəti dəyişmək üçün elə bir inandırıcı dəlil yoxdur. Onun maarif sahəsində ayrı-ayrı addımlarına gəldikdə, bunlar gələcəkdə nəşr olunan tarixi ədəbiyyatda öz əksini tapacaq. Yeri gəlmişkən, Tağıyevin fəaliyyətinin həmin tərəfləri də sinfi, proletar mövqeyindən işıqlandırılacaq”…

Ardı var

Cəmil Həsənli,
Professor, tarix elmləri doktoru