Böyük Qayıdış sürətlənir - Prezidentin xüsusi nümayəndəsi DANIŞDI
Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışından danışıb.
Azlist.az xəbər verir ki, E.Hüseynovun sözlərinə görə, Böyük Qayıdış üzrə Birinci Dövlət Proqramı çərçivəsində çoxlu işlər görülüb.
Emin Hüseynov proqramın əsas məqsədinin keçmiş məcburi köçkünlərin öz dədə-baba torpaqlarına tezliklə qayıtması, Qarabağın, Şərqi Zəngəzurun bərpa olunması, həyatın oraya qaytarılması olduğunu vurğulayıb.
Prezidentin xüsusi nümayəndəsi bu ilin sonunadək əhalinin köçürülməsi nəzərdə tutulan ərazilər barədə məlumat verib:
“Biz Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən bərpa-quruculuq prosesi haqqında məlumat verdik. Artıq 3 yaşayış məntəqəsinə bizim keçmiş məcburi köçkün soydaşlarımız köçüb, firavan yaşayır”.
Böyük Qayıdış üzrə Birinci Dövlət Proqramına əsasən, 2026-cı ilin sonuna kimi 34 min 500 ailənin işğaldan azad olunmuş ərazilərə köçürülməsinin hədəfləndiyini deyən E.Hüseynov bildirib:
“Bununla bağlı müxtəlif dövlət qurumları arasında, əməkdaşlıq şəraitində bütün məsələlər əlaqələndirmə qərargahı çərçivəsində əlaqələndirilir”.
Onun sözlərinə görə, insanlarımızın həsrətində olduqları doğma torpaqlarımıza qayıdışı, həm onların yaşayış şəraiti, həm də işlə təmin olunmaları Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan əsas vəzifədir ki, bunun üzərində işlər davam edir.
“Bizim gözləntimiz budur ki, həm Laçın şəhəri, həm Zabux və Sus kəndləri, eyni zamanda, Füzuli şəhərlərində artıq bu ilin sonunadək köçmək üçün şərait yaranacaq. Gələn ildən başlayaraq, həm Suqovuşan, həm Hadrut və Tuğ, eləcə də Ağdam şəhərinə köçürülmə ilə bağlı proseslər öz ardıcıllığı ilə davam edəcək”.