Netanyahu Ərdoğanla görüşə can atır
İsrailin “THE TIMES OF ISRAE” nəşri belə bir xəbər yayıb. Yüksək rütbəli İsrail rəsmisi bununla bağlı danışıqlarda irəliləyiş olduğunu bildirib. Lakin bəzi mənbələr Türkiyə prezidentinin qaz ticarətinin inkişafı ilə bağlı Benyamin Netanyahu tərəfindən söz verəcəyi təqdirdə görüşün baş tutacağını deyib.
Benyamin Netanyahunun vəziyyəti yaxşı deyil. Belə ki, Co Bayden onu Vaşinqtonda qəbul etməkdən imtina edir. Birləşmiş Ərəb Əmirlikləri tərəfindən dəvət gözlənilirdi. Ancaq bu dəvət də gündəmə gəlmədi.
Belə bir fonda Benyamin Netanyahunun Tayyib Ərdoğanla görüşməyə xüsusi maraq göstərməsi təbiidir. Bəllidir ki, Baş nazirin rəhbərlik etdiyi hökumət İsraildə kütləvi etirazlara səbəb olan məhkəmə islahatlarından dolayı ciddi çətinliklərlə üzləşib.
İsrail prezidenti İsaac Herzog ötən il Ankarada Tayyib Ərdoğanla görüşüb. Yenidən prezident seçilməsi münasibəti ilə İsaac Herzog və Benyamin Netanyahu Tayyib Ərdoğanı təbrik edib.
“THE TIMES OF ISRAE” bildirir ki, Türkiyə İsraildən Avropaya qaz çatdırmaq üçün öz ərazisindən boru kəməri çəkilməsini arzu edir, lakin bəzi ekspertlərin fikrincə, İsrailin Ankara ilə enerji əməkdaşlığına marağı azdır.
Elbəyi Həsənli, Sürix