Bakıda Fransanın müstəmləkəçiliyinə qarşı bəyanat imzalandı
İyulun 6-da Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşəbbüsü ilə Azərbaycan Respublikasının üzv olduğu Qoşulmama Hərəkatının Əlaqələndirmə Ofisinin Nazirlər Toplantısı çərçivəsində dəyirmi masa keçirilib.
Azlist.az xəbər verir ki, tədbirdə iştirakçılar Fransanın müasir müstəmləkəçilik siyasətinin aradan qaldırılması yolları, Afrika qitəsində və dünyanın müxtəlif regionlarında hazırda mövcud olan köləliyin kökünün kəsilməsi üçün zəruri addımların atılması istiqamətində fikir mübadiləsi aparıblar.
Müzakirələr zamanı iştirakçılar Qoşulmama Hərəkatının müstəmləkəçilik və yeni-müstəmləkəçilik təcrübələrinə qarşı mübarizədə prinsipial mövqeyinin əsaslılığını və aktuallığını təsdiqləyiblər.
Natiqlər Fransanın xaricdəki müstəmləkələrində vəziyyətin icmalını təqdim ediblər, ədalət və azadlıq uğrunda apardıqları mübarizədə öz həmrəylik şəbəkələrini strukturlaşdırmaq barədə razılığa gəliblər.
İştirakçılar Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupunun yaradılması barədə razılığa gəliblər. Sonda yekun bəyannamə qəbul edilib.
Bəyanatı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, Dekolonizasiya və Sosial Emansipasiya Hərəkatından Moris Pindard, Sindi Polüks, Jan-Viktor Kastor, Martinikanın Azadlığı Partiyasından Fransis Karol, Suveren Martinika Uğrunda Demokratlar və Ekoloqlar Hərəkatından Klodet Düamel, “Tavini Huiraatira no te Ao Maohi” partiyasından Oskar Temaru, Antoni Geros, Leon Tefo, Ella Tokaragi, Yeni Kaledoniyada Kanak və Sosialist Milli Azadlıq Cəbhəsindən Rok Vamytan və Maqali Tinqal imzalayıblar.
Bildirilib ki, bütün dünyada müstəmləkəçiliyə məruz qalan xalqlara, xüsusilə Karib adaları, Cənubi Amerika, Sakit okean və Hind okeanındakı son fransız müstəmləkələrinə həsr olunmuş bu tədbir bütün maraqlı tərəflərə Fransa dövlətinin müstəmləkəçilik siyasətinin müvafiq ölkələrdə fəsadlarına dair fikir mübadiləsi aparmağa imkan verdi.
- Qayanada sosial vəziyyət xüsusilə pisləşir, əhalinin 50 faizindən çoxu yoxsulluğun astanasındadır və işsizlik 30 faizdir; təbii sərvətlər talan edilir və torpaqların 90 faizi Fransa dövlətinin şəxsi mülkiyyətindədir.
- Martinika və Qvadelupa iki böyük fəlakətlə üz-üzədir: gizli məskunlaşma strategiyalarının bir hissəsi olan əvəzetmə yolu ilə soyqırımı, təbii ekosistemlərə və əhalinin sağlamlığına ciddi şəkildə təsir edən xərçəngin rekord göstəriciləri ilə xlordekon zəhərlənməsi.
- Yeni Kaledoniyada Kanak və Sosialist Milli Azadlıq Cəbhəsi (FLNKS) 2021-ci ildəki 3-cü referenduma etiraz edir və müstəmləkə altına salınmış Yeni Kaledoniya xalqının müstəqil olmaq hüququnu bir daha təsdiqləyir.
- Polineziya indi tamamilə dekolonizasiya perspektivi ilə məşğuldur və cənab Oskar Temarunun rəhbərlik etdiyi “Tavini huiraatira no te Ao Maohi” partiyası Qoşulmama Hərəkatında müşahidəçi statusu almaq istəyir.
Daha geniş mənada, Afrika Mundus sferasının qeyri-hökumət diplomatik şəbəkəsi tərəfindən dəstəklənən, Bakıda olan anti-müstəmləkəçi hərəkatlar həm afroəsilli insanlara, həm də yerli xalqlara təsir edən müstəmləkə cinayətlərinə görə kompensasiya tələb edirlər.
Onlar dünya ölkələrini, eləcə də beynəlxalq təşkilatları, o cümlədən BMT-ni özlərinin fundamental hüquqlarına hörmətin təmin edilməsinə yönəlmiş addımları dəstəkləməyə çağırırlar.
Onlar xalqlar arasında qlobal əməkdaşlığa, xalqların bərabərliyinə və suverenliyinə hörmətə əsaslanan beynəlxalq münasibətlərə yeni yanaşma formalaşdırmaq məqsədilə xalqlarının tam azad edilməsinə, müstəmləkəçiliyin kökünün kəsilməsinədək mübarizələrini davam etdirməyi və gücləndirməyi öhdələrinə götürürlər.