Toplum

Keçmiş Baş nazir Surət Hüseynov ÖLDÜ

Keçmiş Baş nazir Surət Hüseynov ÖLDÜ
31İyul 202323:34

Azərbaycanın keçmiş Baş naziri, “qiyamçı polkovnik” adı ilə tanınmış 64 yaşlı Surət Hüseynov Türkiyədə ölüb.

Azlist.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıblar.

Məlumata görə, Surət Hüseynov səhhətindəki problemlərlə əlaqədar iyulun 31-də təyyarə ilə Moskvadan İstanbula uçurmuş. Təyyarədə halı pisləşən S.Hüseynov İstanbul hava limanına yerə enəndən sonra komaya düşüb.

Onu Türkiyədəki xəstəxanalardan birinə yerləşdirsələr də, komaya düşən sabiq baş nazir orada vəfat edib. S.Hüseynovun ölümünə səbəb kimi ürəktutması və infarkt göstərilir.

Qeyd edək ki, S.Hüseynov uzun illər idi ki, Azərbaycandan kənarda yaşayırdı.

S.Hüseynov 1989-cu ildən Yevlaxdakı yunun ilkin emalı fabrikinin direktoru vəzifələrində işləyib. 1989–1991-ci illərdə XII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub.

1992-ci ilin əvvəllərində könüllü batalyon yaradıb və o vaxt Qarabağdakı döyüş əməliyyatlarına maliyyə dəstəyi verib. 1992-ci ilin iyulundan 1993-cü ilin fevralınadək Azərbaycan Respublikası baş nazirinin müavini və prezidentin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi, eyni zamanda milli ordunun korpus komandiri vəzifələrində çalışıb. Keçmiş prezident Əbülfəz Elçibəyin 8 avqust 1992-ci il tarixli Fərmanına əsasən, Qarabağda olan 40 minlik silahlı qüvvə yeni yaradılmış 2-ci Ordu Korpusuna tabe etdirilib və S.Hüseynov korpusun komandanı təyin edilib. 1992-ci ilin iyun-oktyabr aylarında Qarabağ ərazisindəki uğurlu hərbi əməliuuaylara görə ona Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Sonradan onunla hakimiyyət arasında ziddiyət yaranıb.

Surət Hüseynov 4 iyun 1993-cü ildə prezident Əblüfəz Elçibəyin iqtidarına qarşı qiyam qaldırıb. Bu qiyamın nəticəsində ölkə vətəndaş müharibəsi astanasına çatıb, vəziyyətdən çıxmaq üçün Naxçıvan Ali Məslicinin o vaxtkı sədri Heydər Əliyev Bakıya dəvət edilib, bunun ardınca prezident Elçibəy Kələkiyə gedib. S.Hüseynovun qiyamı Xalq Cəbhəsi hakimiyyətinin devrilməsilə nəticələnib.

Surət Hüseynovun qiyamı onun Baş nazir təyin edilməsi ilə başa çatıb. O, 30 iyun 1993-cü ildə Milli Məclisin sədri və prezident səlahiyyətlərinin icraçısı Heydər Əliyev tərəfindən Baş nazir təyin edilib. 7 oktyabr 1994-cü ildə S.Hüseynov Baş nazir vəzifəsindən azad olunub. O, Heydər Əliyev iqtidarına qarşı dövlət çevrilişinə cəhddə iştirak etməkdə suçlanıb.
1994-cü il oktyabrın 14-də Milli Məclis onun cinayət məsuliyyətinə cəlb olunmasına, barəsində həbs qətimkan tədbiri seçilməsinə razılıq verilməsi və Azərbaycanın Milli Qəhrəmanı adından məhrum edilməsi barədə qərar qəbul edib.

Bundan sonra o, Azərbaycanı tərk edib. Surət Hüseynov 1997-ci ildə Rusiyada saxlanılaraq Bakıya gətirilib və 1999-cu ilin fevral ayında məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib.

2004-cü il martın 17-də prezident İlham Əliyevin əfv fərmanı ilə həbsdən azad olunub.

Həbsdən azad olunandan sonra S.Hüseynov xarici ölkələrdə biznes fəaliyyəti ilə məşğul olub.